A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus İqtisadiyyat Məktəbi yaradılıb. Rus iqtisadiyyat Məktəbinin direktoru vəzifəsinə Mənsur Bərxudarov  təyin edilib. Məktəbin direktoru M.Bərxudarov ilə müsahibə:

  • Mənsur müəllim, Rus İqtisadiyyat Məktəbinin yaranması hansı zərurətdən irəli gəlib?
  • - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının rəsmiləri ilə görüşlərində dəfələrlə qeyd edir ki, keçmiş sovet respublikaları içərisində ən çox rusdilli təhsil müəssisələri Azərbaycandadır. Azərbaycan xalqı dünyanın ən tolerant xalqlarından biri olaraq rus xalqına, onun elminə və mədəniyyətinə bağlı olmağı ilə səciyyələnir. Belə bir bağlılığa, əlbəttə, coğrafi və tarixilik amillərinin çox güclü təsiri var.Ölkəmizdə təhsilin inkişaf strategiyasına uyğun, obyektiv gerçəkliyə adekvat olan, sistemli və kompleks tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində bir çox pozitiv dəyişikliklərə nail olunub. Bu pozitiv dəyişikliklər içərisində Azərbaycanda bir neçə ildir ki, fəaliyyət göstərən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında dərslər rus dilində, ADA Universitetində isə təhsil ingilis dilindədir və sözügedən universitetlərin məzunları ölkəmizdə və ölkəmizdən kənarda artıq nüfuz sahiblərinə çevrilirlər.Azərbaycan Dövlət İqtisad Universitetinin iki il ərzində reytinq cədvəlində ölkəmizin birincisi, QS-in İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində sırf iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşması ondan xəbər verir ki, UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində çox ciddi tədbirlər görülür. Bu tədbirlər içərisində türk dilində fəaliyyət göstərən Türk Dünyası İşlətmə fakültəsinin və ingilis dilində fəaliyyət göstərən Beynəlxalq İqtisadiyyat Məktəbinin uğurları artıq Azərbaycan ictimaiyyətinin müzakirə mövzusuna çevrilib. Tədrisin keyfiyyətinə belə bir yanaşma sözügedən istiqamətdə yeni tədbirlərin həyata keçirilməsini şərtləndirir. Rus İqtisadiyyat Məktəbinin yaranması da məhz bu yanaşmanın nəticəsidir. UNEC-də ayrı-ayrı fakultələrdə təhsil alan iqtisadi profilli ixtisasların Rus İqtisadiyyat Məktəbində cəmlənməsi və vahid mərkəzdən idarə edilməsi, fikrimizcə, ən yaxın gələcəkdə öz səmərəsini göstərəcək. Onu da qeyd edim ki, belə bir mərkəzin fəaliyyətə başlaması Rusiya və digər MDB ölkələrinin təhsil məkanına inteqrasiya prosesini sürətləndirəcək.
  • - Azərbaycanda daha çox Qərb təhsilinə inteqrasiyaya üstünlük verildiyi halda, rusdilli təhsil məkanına inteqrasiya ziddiyyət təşkil etmirmi?
  • - Qətiyyən! Qərb elmi və təhsili öz inkişafında çox böyük irəliləyişlər əldə edib. Ona görə də Qərb təhsilinə inteqrasiya davam edəcək. Rusdilli təhsil məkanına inteqrasiya heç də Qərbə inteqrasiyanı inkar etmir. Belə ki, biz bir universitet olaraq dünyada olan bütün qabaqcıl təcrübələrdən bəhrələnməliyik. O cümlədən də rusdilli təhsil məkanında mövcud olan təcrübədən. Bundan başqa, universitetimizin brendləşməsi və dünyanın aparıcı universitetləri sırasına çıxarılması istəyi, həm də bizim qarşımızda yüksək təhsil xidməti satıcısı statusunu qazandıracaqdır. Belə bir imicin formalaşması isə nəticədə universitetimizə əcnəbi tələbələrin, o cümlədən də Rusiya və digər postsovet məkanı ölkələrindən gələn tələbə axınına müsbət təsir göstərəcək.
  • - Rus İqtisadiyyat Məktəbinin yaxın və uzaq hədəflərini müəyyən etmisinizmi?
  • - Ən yaxın hədəflərimiz Rus İqtisadiyyat Məktəbinin effektiv idarəetmə mexanizmini işə salmaqdır. Bu işdə biz UNEC rektoru, professor Ədalət Muradovun rəhbərliyi və məsləhətləri əsasında artıq fəaliyyətdəyik. Güman edirəm ki, yeni tədris ili başlayana qədər biz artıq bu vəzifənin öhdəsindən gəlmiş olacağıq. Bununla paralel olaraq, məktəbin maddi-texniki bazasını tədris ilinin başlanğıcına kimi formalaşdırmaq yaxın hədəflərimizdəndir. Rus İqtisadiyyat Məktəbində dərs deyən müəllimlərin strukturunda xaricdən cəlb olunan, xüsusiilə də, Rusiyadan cəlb olunan nüfuzlu alimlərin xüsusi çəkisinin artırılması orta hədəflərimizdən sayılır. Rus İqtisadiyyat Məktəbində təhsil alan tələbələrin Rusiyanın iri korporativ biznes strukturlarında istehsalat təcrübəsi keçməsini təmin etməyə çalışacağıq. Yeri gəlmişkən, bilirsiniz ki, UNEC ölkədə yeganə universitetdir ki, tələbələri xarici ölkədə istehsalat təcrübəsində olurlar. Bu gün bir qrup III kurs tələbəsi Rusiya Federasiyasının Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq filialında təcrübə keçməkdədirlər. Təcrübə proqramı Rusiya Federasiyasının Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq filialı ilə bağlanan müqaviləyə və Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialı ilə razılaşmasına görə həyata keçirilir. Tələbələrimizin dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənmələrini zəruri hesab edirik.
  • - Rus İqtisadiyyat Məktəbində neçə ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək?
  • - Bilirsiniz ki, regionun iqtisadyönümlü ən böyük ali təhsil ocağı olan UNEC-də 21 ixtisas üzrə mütəxəssis hazırlanır. Onların bəzilər texnoloji ixtisaslardır. İqtisadyönümlü bütün ixtisasların rus bölmələri isə Rus İqtisadiyyat Məktəbində toplaşacaq. Beləliklə, Rus İqtisadiyyat Məktəbində 11 profil – Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat, Sənayenin təşkili və idarəedilməsi, Ekologiya, Beynəlxalq münasibətlər, Dünya iqtisadiyyatı, Marketinq, Kommersiya, Menecment və Biznesin idarəedilməsi ixtisasları üzrə ən yüksək səviyyədə kadr hazırlığı həyata keçirəcəyik. Onu da qeyd edim ki, ancaq bakalavr pilləsində əyani təhsil alan tələbələr Rus İqtisadiyyat Məktəbində oxuyacaqlar. Sizə əminliklə deyirəm ki, rus bölməsinin vahid mərkəzdən idarə edilməsi tədrisin keyfiyyətinə çox müsbət təsir göstərəcək. Tələbələrə aydın olsun deyə, sualınıza belə də cavab verə bilərəm – Texnologiya və dizayn fakültəsi ilə Əmtəəşünaslıq fakültəsinin rus bölümündə təhsil alan tələbələr təhsillərinə yenə də öz fakültələrinin tərkibində davam edəcəklər.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR