A

Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) rektoru Ədalət Muradovun APA-ya müsahibəsi

Ədalət müəllim, iyunun 14-də UNEC-in təşkilatçılığı ilə Bakıda böyük beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. Konfrans haqqında bir qədər ətraflı məlumat verə bilərsinizmi?

– Bəli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), nüfuzlu Clarivate Analytics (“Thomson Reuters”) şirkətinin və Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 14-də “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Konfransda Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Yunanıstan, Macarıstan, Rumıniya, İsveçrə, İngiltərə, Litva, Qazaxıstan, Gürcüstan, Polşa, Moldova, Belarus, Qırğızıstan və digər ölkələrdən nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri, elm adamları və mütəxəssislər iştirak edəcək. Konfransın ən əlamətdar hadisəsi isə Təhsil Nazirliyinin dəvətilə Azərbaycana gəlmiş, 2015-ci il Kimya üzrə Nobel Mükafatı Laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Aziz Sancarın plenar iclasda elmi məruzə ilə çıxış etməsi olacaq. Məlumat üçün deyim ki, Aziz Sancar elm üzrə Nobel mükafatı qazanan və nüfuzlu ABŞ Milli Elmlər Akademiyasının üzvü olan ilk türkdür. Elmdə 6 mühüm kəşfin müəllifi olan Sancar həyatını tamamilə elmi araşdırmalara həsr etmiş çox nüfuzlu alimdir. Belə bir şəxsin bizim konfransda iştirak etməsinin və orada verəcəyi mesajların, həm konfrans iştirakçılarına, həm də bütövlükdə elm ictimaiyyətimizə faydalı olacağına inanıram.

- Konfransın həsr edildiyi mövzu da diqqəti cəlb edir. Belə bir mövzunun seçilməsi hansı zərurətdən irəli gəldi?

– Hər bir ölkənin elmi və təhsili adətən həmin ölkənin iqtisadi inkişaf tələbləri istiqamətində qurulur. Prezident İlham Əliyevin qəbul etdiyi strateji yol xəritələrində nəzərdə tutulmuş vəzifələr şübhəsiz ki, universitetlərdə elm və təhsilin inkişafı istiqamətində də yeni tələblər ortaya qoyur. Ali təhsilin “təhsil-elm-istehsal” üçbucağı əsasında yenidən qurularaq müasir insan kapitalının formalaşdırılması və innovasiyalar yolu ilə iqtisadi inkişafa xidmət etməsi nəzərdə tutulur. Göründüyü kimi, bu üçbucaqda elm mərkəzi həlqəni təşkil edir və araşdırma və təkmilləşdirmələrin genişləndirilməsini, eləcə də elmi nəticələrin sürətlə tədrisə və istehsala tətbiqini şərtləndirir. Ali təhsildə elmin qeyd edilən əsaslarda qurulması isə heç şübhəsiz ki, elmin idarəedilməsinə ənənəvi yanaşmanın da dəyişməsini zəruri edir. Artıq universitetlərdə elmi fəaliyyətləri formal xarakterdən və mücərrəd məzmundan xilas edərək, iqtisadiyyatın real tələbləri istiqamətinə yönəltmək tələb olunur. Məhz universitetlərdə elmin düzgün idarəetmə modelinin qurulması bu istiqamətdəki işimizə ciddi töhfələr verə bilər. Bütün bu qeyd etdiklərim konfrans mövzusunun seçilməsini zəruri etmişdir. Düşünürəm ki, istər plenar iclasdakı məruzələr, istərsə də bölmə iclaslarında aparılan müzakirələr bu istiqamətdə ortaq mövqenin formalaşmasına müəyyən töhfə verəcəkdir.

- Sizcə, hazırda universitetlərdə elmin idarə edilməsinin hansı istiqamətlərdə təkmilləşdirilməsinə ehtiyac var?

– Elmin idarəedilməsinin son məqsədi elmi fəaliyyətin keyfiyyətini yüksəltmək və onların iqtisadiyyatın tələblərinə uyğunlaşdırmaqdır. Bu baxımdan universitetlərdə elmi fəaliyyətin düzgün planlaşdırılması, səmərəli maliyyələşdirilməsi, nəticələrinin elmimetriya əsasında dəqiq qiymətləndirilməsi, əqli mülkiyyət hüquqları və etik prinsiplərinin qorunması əhəmiyyət kəsb edir. Təşkil etdiyimiz konfransda əsas müzakirə mövzuları da məhz bunlar olacaq.

- UNEC-in konfransın təşkilatçılarından olan “Thomson Reuters”  ilə də son illər əlaqələri genişlənməkdədir. Bu, əsasən hansı istiqamətləri əhatə edir?

– Bildiyiniz kimi, bir müddət əvvəl Təhsil Nazirliyi “Thomson Reuters” şirkəti ilə müqavilə bağlayaraq, Azərbaycan universitetlərinin bu şirkətin əksər elmi bazalarına sərbəst çıxışını təmin etdi. UNEC də bu universitetlər sırasındadır. Bundan sonra universitet olaraq, biz də bu şirkətlə əməkdaşlığımızı genişləndirməyə başladıq. Vaxtaşırı olaraq bu şirkət UNEC-in professor-müəllim heyətinə elmi fəaliyyətin müxtəlif istiqamətləri, xüsusilə də elmi nəşrlər üzrə müvafiq təlim təşkil edir. Növbəti təlim də məhz bu konfrans çərçivəsində nəzərdə tutulub. Belə ki, konfrans müddətində şirkət UNEC əməkdaşlarına “Web of Science bazasından istifadə və əməliyyat aparma yolları” mövzusunda sertifikat proqramı təşkil edəcək. Əməkdaşlığımızın digər istiqaməti də “Thomson Reuters”in “Elmmetriya” kitabının ilk dəfə UNEC-də Azərbaycan dilində nəşr edilməsidir. Artıq kitab UNEC tərəfindən tərcümə olunub və konfrans çərçivəsində təqdimatı keçiriləcək. Hesab edirəm ki, bu kitab ölkədə elmmetriyanın inkişafı sahəsinə müvafiq töhfəsini verəcək.

- Aziz Sancarın Azərbaycana səfərinə qayıdaq. Onun iştirakı ilə UNEC-də  hansı əlavə tədbirlər planlaşdırılıb?

– İlk növbədə onu deyim ki, iyunun 12-də UNEC-də Aziz Sancara həsr edilmiş “Aziz Sancar: Bir Elm Fədaisinin Həyat Hekayəsi” adlı  konfrans keçiriləcək. Konfrans çərçivəsində böyük alimin həyat və yaradıcılığına nəzər salınacaq. “Aziz Sancarın Nobel Bioqrafiyası” adlı kitabçanı Azərbaycan dilində tərcümə etmişik və onun təqdimatı keçiriləcək. Aziz Sancarın Azərbaycan elm ictimaiyyəti qarşısında geniş nitqi dinləniləcək və UNEC-in fəxri doktoru diplomu ilə təltif ediləcək. Bundan əlavə, iyunun 14-də UNEC-də Nobel mükafatı laureatı ilə tələbələrimizin geniş formatda “Azız Sancar – uğur formulu” adlı görüşünü təşkil edəcəyik. Görüşdə Aziz Sancar tələbələrə uğur formulu haqqında danışacaq və onların suallarını cavablandıracaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR