A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev ilə müsahibə:

Səbuhi müəllim, əlavə təhsil haqqında məlumat verərdiniz.

- Distant, qiyabi və əlavə təhsil mərkəzinin fəaliyyətinin istiqamətlərindən biri də əlavə təhsillə bağlıdır. Əlavə təhsilin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilən “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” üzrə aparılır. Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaş əlavə təhsil almaq hüququna malikdir. Əlavə təhsil müasir şəraitdə hər bir vətəndaşın əmək bazarında yüksək rəqabətqabiliyyətliliyə malik ola bilməsi üçün fasiləsiz təhsil almaq imkanını təmin etməklə onun yeni peşələrə, ixtisaslara yiyələnməsi, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinə xidmət edir. Eləcə də onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması vəzifələrini daşıyır.

- Səbuhi müəllim, əlavə təhsilin istiqamətləri necədir?

- Azərbaycanda əlavə təhsilin ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətləri vardır ki, bunlarda Nazirlər Kabinetinin 163 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarda öz əksini tapmışdır. Hazırda UNEC-də bu istqamətlərdən ikisi – kadrların yenidən hazırlanması və təkrar ali təhsil istiqamətləri reallaşdırılır. Bu iki istiqamət üzrə təhsil alan şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir.

- Yenidənhazırlanma ilə təkrar ali təhsilin fərqi nədir?

- Kadrların yenidənhazırlanma təhsili müraciət edən vətəndaşın ilkin baza təhsili proqramları ilə yenidən əldə etmək istədiyi ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mümkündür. Yəni, bu, bir sahənin daxilində ayrı-ayrı ixtisaslara yiyələnmək istəyən şəxslər üçün əlverişlidir. Məsələn, mühasibat uçotu ixtisası üzrə təhsil almış şəxs müraciət edib, maliyyə ixtisasına yiyələnə bilər. Təkrar ali təhsil isə ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda seçilən təhsil istiqamətidir. Yəni, tamamən ayrı-ayrı sahələr olanda bu təhsili almaq mümkündür. Məsələn, jurnalistika üzrə təhsil alan şəxs maliyyə ixtisasına yiyələnmək istədiyi halda təkrar ali təhsil istiqamətini seçə bilər.

- Hər iki istiqamət üzrə təhsil müddəti nə qədərdir?

- Yenidənhazırlanma təhsilində tədris müddəti bir ildir. Dərslər Azərbaycan dilində və ancaq əyani formada aparılır. Təkrar ali təhsildə isə təhsil əyani və qiyabi formalarda həyata keçirilə bilər. Tədris isə adətən ikinci kursdan başlanır. Bu, ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqdən asılıdır. Fənlərin fərqi imkan verdiyi halda, yəni təkrar ali təhsili təqdim edən ali təhsil müəssisəsi tərəfindən baza ixtisas təhsilinin proqramı ilə yeni əldə etmək istənilən ixtisas proqramının fənn, saat və fənlərin məzmunu fərqi müəyyənləşdirilən zaman fərq sayı çox olmazsa, tələbə təhsilə üçüncü kursdan da başlaya bilər.

- Yenidənhazırlanma və təkrar ali təhsildə hansı ixtisaslar var?

- Təkrar ali təhsilə qəbul UNEC-də bu gün mövcud olan 21 ixtisasın hamısı üzrə aparılır. Yenidənhazırlanma təhsili isə üç ixtisas üzrə aparılır – ali təhsil bazasında Dünya iqtisadiyyatı və Maliyyə ixtisasları, orta ixtisas təhsili bazasında isə Maliyyə işi ixtisası. Tədris yenidənhazırlanma təhsil üçün ayrıca yaradılan qruplarda, təkrar ali təhsildə isə müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas) təhsil haqqında diplom verilir. Onu da qeyd edim ki, yenidənhazırlanma diplom tək qüvvədə sayılmır. O hökmən ilk baza diplomu ilə birlikdə təqdim edilməlidir.

- Əlavə təhsil almaq üçün qəbul necə aparılır?

- 2014-cü ildən UNEC-də əlavə təhsil və əcnəbi vətəndaşların universitetə qəbulu internet vasitəsilə, elektron qaydada həyata keçirilir. Hal-hazırda mərkəzimizdə əlavə təhsillə bağlı sənəd qəbulunun həyata keçirilməsi üçün iki elektron platforma fəaliyyət göstərir. Əlavə təhsillə maraqlanan istənilən şəxslər www.kabinet.unec.edu.az  linkinə daxil olmaqla özünə şəxsi kabinet aça bilər və tələb olunan sənədlərini ora, birbaşa olaraq öz şəxsi kabinetinə yükləyə bilər. Bu, həm vaxta qənaət edir – istənilən vətəndaş əlavə təhsil almaq üçün ucqar bir kənddən, başqa bir şəhərdən, ölkədən yol qət edib, universitetə gəlməsinə ehtiyac qalmır. Müvafiq sənədləri elekton formada bizə göndərir. Bu, həm də qəbulda neqativ halların aradan qaldırılmasına, prosesin tam şəffaf aparılmasını təmin edir, subyektiv və kənar pozucu təsirlərin aradan qaldırılmasına tam şərait yaratmış olur.

- Sənədlər kabinet.unec.edu.az saytı vasitəsi ilə UNEC-ə təqdim ediləndən sonrakı proses hansıdır?

- İstər yenidənhazırlanma təhsili, istərsə də təkrar ali təhsil almaq üçün müraciət edənlərin sənədlərinin qəbulu və emal edilməsi üçün UNEC rektorunun sədrliyi ilə xüsusi “Sənəd qəbulu komissiyası” fəaliyyət göstərir.  Müraciət edən şəxslərin baza diplomlarının həqiqiliyinin müəyyənləşdirilməsi məqsədilə Təhsil Nazirliyinə araşdırılmaya göndəririk. Yenidənhazırlanma təhsili almaq üçün müraciət edənlərin baza təhsili diplomlarının uyğun olub-olmaması ilə bağlı müvafiq qaydada yoxlamalar aparılır və fənn fərqi imkan verən şəxslərin yenidənhazırlanma təhsili almasına icazə verilir. Təkrar ali təhsildə də həmçinin, müraciət edənlərin baza diplomlarının həqiqiliyi ilə bağlı Təhsil Nazirliyinin razılığı  əldə edildikdən sonra müraciət edən şəxslər tələbələrimiz sırasına qəbul edilimiş olur. Bilirsiniz ki, sənəd qəbulu sentyabrın 10-dək uzadılıb. İndi sənədlər sistemə yükləndikcə, komissiya mütəmadi olaraq məlumatların emalını həyata keçirir. Sentyabrın 11-dən sonra nəticələr açıqlanacaq.

- Təkrar ali təhsil almaq üçün müraciət edənlər əsasən hansı ixtisasları seçirlər?

- Bu gün əmək bazarınıda əsas maraq doğuran  ixtisaslar – Maliyyə, Mühasibat uçotu və audit, Dünya iqtisadiyyatı üzrə daha çox müraciət qeydə alınır. Ümumilikdə bütün ixtisaslara maraq böyükdür.

Fürsətdən istifadə edib bu müsahibə vasitəsilə UNEC-də əlavə təhsillə bağlı - yenidənhazırlanma təhsili, təkrar ali təhsilə qəbul, istərsə də proseslə maraqlanan şəxslərin ortaya çıxa biləcək suallarla bağlı şəxsən mənə, mərkəzin direktoruna müraciət etmələrini xahiş edirəm.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR