A

UNEC News UNEC Tələbə Elmi Cəmiyyətinin sədri Aslan Əzimzadə ilə müsahibəni təqdim edir:

- “II UNEC Science Slam” müsabiqəsinin finalına hazırlıq necə gedir?

- “II UNEC Science Slam” müsabiqəsi ilə əlaqədar fakültədə TEC tərəfindən aparılan təbliğat işləri nəticəsində keçən ilə nisbətdə bu il tələbələr layihəyə daha çox maraq göstərirlər. Onlar müsabiqəyə rəngarəng mövzularla qoşulublar. Artıq final mərhələsinə saatlar qalıb. Sabar, yəni mayın 17-də saat 15.00-da müsabiqənin final mərhələsi keçiriləcək. Finalçılaırmız çox böyük həvəslə hazırlaşırlar. Onlarla mütəmadi görüşürük. Bütövlükdə əlimizdən gələni edirik ki, layihə yüksək səviyyədə keçsin.

- Bu il ötən ilki müsabiqədən fərqli olaraq yeniliklər varmı?

- Əlbəttə! Bu il keçən ildən fərqli olaraq, seçim öncə qrupdaxili, sonra isə qruplararası olub. Bildiyiniz kimi, bu il biz ilk dəfə olaraq qiyabi əsaslarla təhsil alan tələbələrimiz üçün Tələbə Elmi Cəmiyyəti yaratmışıq. “II UNEC Science Slam” müsabiqəsinin bu ilki yeniliklərindən biri də finalçıların arasında məhz distant, qiyabi və əlavə təhsil mərkəzinin tələbəsinin olmasıdır.

- Qaliblərin YAİ-dan azad edilməsi müsabiqəni daha çox IV kurslar arasında daha populyar edir, yoxsa digər kurslarında müsabiqəyə marağı var?

- Keçən il qaliblərin hər üçü I kurs idi. Məncə I kursların bu layihəyə marağı daha çoxdur. Adətən I kursları pul mükafatı, IV kursları isə YAİ-dan azad edilmə maraqlandırır.

- Ötən ilki qaliblər müsabiqənin təşkilinə cəlb ediliblərmi?

- Birmənalı olaraq bəli! Biz bu layihənin yüksək səviyyədə keçirilməsi üçün UNEC TEC daxilində “Science Slam” komissiyası yaratmışıq. Bu komissiyaya isə ötən ilki müsabiqədə III yerin qalibi olan Nərmin Heydərova rəhbərlik edir. Komissiya üzvləri Science Slam seçimlərinin bütün mərhələlərinə nəzarət ediblər. Bu isə layihədə şəffaflığı tam təmin edir.

- Ümumiyyətlə, finalçılara xüsusi təlimlər keçirilibmi?

- Əvvəla demək istərdim ki, hər fakültə üzrə “Science Slam” qaydalarını öyrətmək məqsədilə təlimlər keçirilib. Daha sonra hər fakültədə mövzuların elmi tədqiqat yönümlü olmasına çalışmaq məqsədilə tələbələrə əlavə təlimlər keçirilib. Son olaraq isə finalçıların diksiyasının üzərində işləmək və səhnə mədəniyyətini formalaşdırmaq məqsədilə ötən ilin qalibləri finalçılara təlimlər keçiblər.

- Qaliblər mövzu seçimində nə qədər sərbəst olub?

- Tam sərbəst olublar. Lakin onların mövzularının elmi tədqiqat yönümlü olması məqsədilə biz bəzi dəyişiklikləri tövsiyə etmişik. Onlar da bu məsləhətimizə qulaq asaraq, mövzularını daha da təkmilləşdiriblər.

- Və sonda bilmək istəyərdik ki, finalçılar arasında sizin favoriniz kimdir?

- Əslində bu il mövzular o qədər rəngarəngdir ki... Bu suala cavab vermək çox çətindir. Amma mənə daha maraqlı gələn “Süni intellekt” və “Davranış iqtisadiyyatı” mövzularıdır. Son dərəcə aktual və maraqlıdır. Lakin bu o demək deyil ki, digər mövzular maraqsızdır. Əksinə, hər mövzunun öz rəngi öz çaları var. Bütün hallarda, “II UNEC Science Slam” müsabiqəsinin qaliblərini tələbələr müəyyən edəcəklər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay