A

UNEC-də keçirilən Startap Günlərində “TourX Cycle” layihəsi qalib olub. UNEC News layihənin ideya müəllifi, UNEC-in Maliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi Sevinc İsmayılova ilə müsahibəni təqdim edir:

- Sevinc xanım, sizi və komandanızı layihənizin Startap Günlərinin qalibi olması münasibətilə təbrik edirik. Qalib komandanın üzvlərini təqdim etməyinizi xahiş edirik.

- Komandamızda mənimlə birlikdə UNEC-in 5 tələbəsi təmsil olunur: Maliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi Nilufər Talıbzadə, Türk Dünyası İşlətmə fakültəsinin III kurs tələbələri Cavid Xəlil və Nihal Mirzəliyev, Gülsüm Həşimova isə Biznes və menecment fakültəsinin I kurs tələbəsidir.

Qeyd edim ki, komandamız Startap Günlərinin birinci günündə formalaşdı və biz bir-birimizi öncədən tanımadığımız üçün düzgün vəzifə bölgüsü apara bilmədik. Hazırlıq müddəti də az olduğundan yalnız fikir mübadiləsi apara bildik. Startap Gününün ikinci günündə bizə təqdimatı necə hazırlamalı və ideyaları biznesə çevirmək üçün nələr etməli mövzusunda təlim keçirildi. Daha sonra isə layihə üçün hazırlaşmağa başladıq. Hazırlıq müddətində vaxt məhdud olduğundan nə edəcəyimizi tam bilmirdik. Bu müddətdə stresli olsaq da, xeyli əyləndik.

- Sizi qalib edən layihəniz barədə məlumat verərdiniz.

- Layihə turist bələdçisi sisteminin yaradılması üzərində qurulub. Bu fikir məndə şəhərdə turistlərlə birlikdə gəzən bələdçiləri müşahidə etməyimlə başladı. İdeyanı öncədən yazdığım bir tezis üzərindən düşünmüşdüm. Layihənin məqsədi xarici dil biliyi olan, turistlərə bələdçilik edə biləcək kadrları vahid bir platformada toplamaqla, turistlərin birbaşa müraciət edəcəkləri bələdçi sistemini yaratmaqdır.

- Startap Günlərində rəqabət necə idi? Təklif olunan layihələri necə dəyərləndirirsiniz? 

- Öncə iştirakçıların təqdim etdiyi layihələrin məzmununu tam olaraq anlamamışdım. Daha sonra isə ekspertlərin də dediyi kimi, layihələrə biznes tərəfindən baxmağa başladım. Düşünürəm ki, layihələrin ilk öncə Azərbaycan bazarındakı tətbiqi nəzərə alınmalıdır. Lakin elə layihələr var idi ki, onların dünya bazarında tətbiqi daha uğurlu olardı.

- Təqdim olunan layihələrdən hansını özünüzə daha çox rəqib görürdünüz?

- Əsas rəqib kimi “Cycle Waste Management” layihəsini görürdük. Həmin layihə finalda ikinci oldu.

- Qalib olacağınıza inanırdınızmı?

- Qalib olacağımıza əmin deyildik, amma hardasa inam var idi. Tam əminlik isə üçüncü və ikinci yerlər açıqlandıqdan sonra oldu. Saniyələr sonra isə birincilik bizim oldu.

- Startap Günləri sizə nə verdi, nələr öyrəndiniz?

- “İdeyadan biznesə” şüarı altında keçirilən Startap Günləri bizə bu sahədə peşəkər simaları tanıtdı. Bizim üçün unudulmaz bir təcrübə idi. Çox gözəl vaxt keçirdik. İstər mentorlar, istərsə də startapçılarla tanışlıq, bunlar hamısı çox faydalı oldu. Hansısa mərhələdə içimizdə qorxu var idisə də, onların varlığı bizi ruhlandırırdı. Buna görə də bütün təşkilatçılara və UNEC rəhbərliyinə təşəkkür edirik.

- Layihənizin bundan sonrakı mərhələsi necə olacaq?

- İmtahan sessiyası başladığından layihə haqqında çox düşünə bilmirik. Amma ekspertlər bizə layihə ilə digər startap yarışmalarında da iştirak etməyi tövsiyə ediblər. Yəqin ki, bu haqda imtahan sessiyası yekunlaşdıqdan sonra daha ətraflı düşünəcəyik.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR