A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) II kurs tələbəsi Əsəd Qaralov “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsilini bir semestr müddətinə Türkiyənin Hacettepe Universitetində davam etdirib. UNEC News Əsəd Qaralovla müsahibəni təqdim edir:

- Əsəd, “Erasmus+” mübadilə proqramı sizə nə verdi?

- “Erasmus+” mübadilə proqramın mənə qazandırdıqlarını sadalamaqla bitməz. Ən vacib məqamlara toxunsam yəqin ki, xarici mühiti, qazandığım dostları və səyahəti vurğulayaram. Uzun müddət evdən ayrı qalmaq, hər işini özün həll etmək, eləcə də maddi cəhətdən özün-özünü təmin etmək də mənim üçün çox yaxşı bir təcrübə oldu.

- Hacettepe Universiteti ilə UNEC-i müqaisə edə bilərik? Nələrdə UNEC yaxşıdır, hansı sahələrdən HU-dan öyrənməmiz lazım?

- Dərs sistemi deyərdim ki, çox fərqlidi. Orda tələbələr də, müəllimlər də daha sərbəstdirlər. UNEC-də bütün dərslərin sabit iki kollokviumu, sərbəst işi, seminar qiyməti və s. var. Eləcə də bunların hansının final qiymətinin neçə faizini təşkil etdiyi də əvvəlcədən məlumdur. Hacettepe Universitetində isə çox şey müəllimin istəyindən asılıdır. Deyək ki, istəsə “midterm” imtahanı edər, istəsə etməz. Yaxud da, final və “midterm” imtahanları arasında bal nisbətini 60-40 yox, 70-30 edər. Sərbəst işi istəsə tələb edər, istəməsə yox. Qayıb limiti tətbiq etmək də müəllimin özündən asılıdır. Amma çox müəllim üçün dərsdə iştirak tələbəni qiymətləndirmək üçün əsas meyar deyil. Dərslərə gəldikdə isə fikrimcə İSE-də istifadə etdiyimiz mənbələr və ya müəllim heyətimiz heç də Hacettepe Universitetindən geri qalmır. Lakin əlavə araşdırma, və ya dərsdən kənar oxu üçün Hacettepe Universitetinin kitabxana resursu təəssüf ki, hələki bizdə yoxdur. Hacettepenin mənim təhsil aldığımı kampusunda çox böyük bir kitabxana var idi. İçində bütün olmasa da, axtardığın bir çox kitabı tapa bilərdin. Amma onu qeyd etmək istəyirəm ki, mən Türkiyədə olduğum müddətdə UNEC-də müasir standartlara cavab verən, 7/24 kitabxana hazırlanıb. Bu, sevindiricidir.

UNEC-in digər fakültələri haqda heç nə deyə bilmərəm, lakin İSE-dəki dərslərdə əhatə olunan mövzular və materiallar dediyim kimi, Hacettepe Universitetindən geri qalmır. Ancaq UNEC-də qayıb limiti, final imtahanına qədərki qiymətləndirmə prosesi, fikrimcə, tələbəni çox məşğul edir, praktiki şeylərə az vaxt qalır. Bunları düzəltmək, tələbələrə fikirləşmək və praktiki iş görmək üçün daha çox vaxt vermək yaxşı olardı.

- Bir az da tələbələrlə münasibətdən danışaq. Mübadilə həm də fərqli düşünən gəncliklə tanışmaq imkanı verir. Təəssüratlarınız necədir?

- Ümumiyyətlə, UNEC-dən Hacettepeyə 6 tələbə getmişdik – mən, Şahin Həsənov (TÜDİFAK), Uğur Ələsgərli (SABAH qrupları), Şöhrət Suleymanlı (İSE), Gülər İbrahimova (İSE), Sərfinaz İsrafilova (İSE). Hamımız ayrı-ayrı bölümlərə yazılsaq da, bu şərti idi. İstədiyimiz bölümdən dərs götürürdük. Əsas meyar həmin dərsin UNEC-dəki dərslə uyğunlaşması idi. Bəzi dərslərimiz də ortaq idi. “Erasmus” tələbəsi olduğum üçün bir neçə bölümdən dərs alırdım. Buna görə də, demək olar ki, hər dərsimdə fərqli uşaqlar görürdüm. Bəzi dərslərdə 60-70 uşaq olurdu, bəlkə də çox. Hamısını tanımaq isə mümkün olmurdu təbii ki. “Erasmus” koordinatorumdan da bir dərs alırdım. Yəqin ki, müəllimin daha yaxın olmasıyla əlaqədar idi ki, həmin dərsi alan uşaqlarla daha yaxın idim, çoxunu tanıyırdım. Dərsdən sonra arada birliktə harasa gedər, ya da universitetin qazonluqlarında məskən salardıq. Çoxusu azərbaycanlıları qardaş millət kimi gördüyü üçün çox istiqanlı qarşılayırdılar. Orda olduğumuz müddətdə heç birimizin tələbələrlə bir problemimiz olmadı. Fərqli düşüncəyə gəldikdə isə yataqxanada tanış olduğum uşaqların bu baxımdan daha çox təsirləri olub mənə çox güman ki. Çünki onlarla daha çox vaxt keçirirdik. Bəzi mözvularda fikirlərimiz tam toqquşurdu. Bunların çoxu da sonda hamının öz fikrində qaldığı uzun-uzadı, eyni zamanda maraqlı müzakirələrə çevrilirdi.

- Dərs prosesi necədir? Dərsdən sonrakı həyat necədir? Mübadilə tələbələrinə hər hansı özəl yanaşma varmı?

- Dediyim kimi orda həm tələbə, həm də müəllim daha sərbəst olur. Qiymətləndirmənin necə olacağına hər müəllim özü qərar verir. Hər dərs həftədə yalnız bir dəfə olurdu. Dərs saatını 3 saata yaxın qeyd etsələr də, bəzən bir saata  yekunlaşan dərslər də olurdu. Mən bir neçə bölümdən dərs ala bildiyim üçün cədvəli elə qurmuşdum ki, cəmi həftədə üç gün dərsim var idi. Açığı, qayıb cəhətdən bir problem olmadığı üçün bəzən ona da getmirdim. Dərs baxımından indiyə qədər oxuduğum ən rahat semestr idi deyə bilərəm. Dərsdən kənar universitetdə klublar, dərnəklər və s. olsa da, heç birinə qoşulmadıq düzü. Dərs yüküm az olduğu üçün həm əlavə yarışmalara, həm gəzməyə vaxt qalırdı. Bir neçə başqa şəhərə də səyahət etdim. Ankarada olduğum müddətdə vaxt tapdıqca aldığım kitabları oxuyurdum. Həmin müddətdə 5 kitab bitirdim. Kinolara bir o qədər də çox baxmadım. “Bu tip şeyləri Bakıda da rahat edə bilərəm, əsas “Erasmus”un dadını çıxarmaq lazımdır”- deyə düşünürdüm.

Mübadilə tələbələrinə müsbət mənada özəl yanaşma var idi. Koordinatorum sağ olsun, hər bir şey ilə maraqlanır, yerli tələbələrlə də tez qaynayıb-qarışmağıma çalışırdı. Mübadilə işlərinə məsuliyyət daşıyan  komanda (AB ofisinin işçiləri) da çox gülərüz və yardımsevər idilər. Çalışırdılar ki, hər şey tələbələrin xeyrinə həll olsun. Ən sadəsindən belə bir misal çəkim, bizim Türkiyədə qala bilməmiz üçün yaşamaq üçün icazə almamız lazım idi. Bunun üçün sənədləri yığıb əlaqəli quruma müraciət etməli, müsahibə vaxtını gözləməlisən, ancaq görüşdən sonra yaşamaq üçün icazəni ala bilərsən. Biz isə sənədləri yığıb Hacettepe Universitetindəki ofisə təqdim etdik, onlar bizim yerimizə bütün işləri həll etdi, görüşə filan da ehtiyac qalmadı. Gedib poçtdan sənədi götürdük, vəssalam! Ümumiyyətlə, AB ofisi bizə bir çox işlərdə canla-başla kömək etdi.

Orada olarkən Hacettepe Universitetinin sahibkarlıq və investisiya cəmiyyətinin təşəbbüsü ilə Türkiyə universitetləri arası biznes keys yarışması təşkil olunmuşdu. Sizə xəyali bir şirkət verilir və siz onun mövcud problemlərini həll edib biznes strategiyası cızmalısınız. Yarışda Hacettepe, Gazi, Ankara, Atılım, Çankaya kimi universitetlərin komandaları iştirak edirdi. İlk başda təqribən 80 komanda qeydiyyatdan keçmişdi. Yarışda adı İSE olan, özü də İSE tələbələrindən təşkil olunmuş komandanın kapitanı idim. Komanda yoldaşlarım ikinci kurs biznesin idarə olunması ixtisası tələbəsi İsrafilova Sərfinaz, üçüncü kurs dünya iqtisadiyyatı tələbələri İbrahimova Gülər və Şöhrət Suleymanlı idi. Komandamız digər komandalar arasından ilk onluğa girərək finala vəsiqə qazandı. Finalda təəssüf ki, ilk üçlüyə düşə bilmədik. Bunun əsas səbəbinin dil bariyeri olduğunu düşünürəm. Yarışma türkcəydi və o vaxta qədər türkcə təqdimat etməmişdik. İlk tur yazılı olduğu üçün  rahatlıqda araşdırma edib report yazıb göndərmişdik. Canlı təqdimat isə bir az çətin oldu. Ümumiyyətlə, sosial həyata adaptasiya çətin olmadı. Onsuz da ətrafımda kifayət qədər azərbaycanlı var idi. Bundan başqa Türkiyə də çox uzaq və fərqli bir mədəniyyət deyil. Ortaq dəyərlərimiz çoxdur. Bir az ilk başlarda türkcə danışmaq bəlkə. Bakıda bir iki türkcə seriala baxıb türkcəni super bildiyimizi zənn edirik, amma əslində elə deyil. Danışmağa başlıyan kimi əcnəbi olduğumu başa düşürdülər. Amma asandı öyrəşmək, axır vaxtlar Azərbaycandanam deyəndə təəccüblənirdilər. Dilim çox inkişaf etmişdi yəni... Belə ciddi bir problem yaşamadım.

- Müəllimlər haqda təəssüratlarınız necədir?

- Ordakı müəllimlər də İSE-nin müəllimləri kimi “təki oxuyun, bir sualınız olsa yazın, ya da otağıma gəlin, öyrənin” deyirdilər. O baxımdan da bir problem olmadı. Hətta nəyisə bilmirdim desən, niyə yazmadın, soruşmadın deyərdilər. Bəzi müəllimlərin ingilis dilindəki şivələrini nəzərə almasaq, dərs baxımından bir problem olmadı.

- Azərbaycandan olduğunuzu biləndə reaksiya necə olurdu? Azərbaycan təhsili, universiteti barədə məlumat necədir? Əsasən hansı sualları verirlər?

- Çoxusu qardaş ölkə kimi yanaşır. Ona görə də yaxın münasibət bəsləyirlər. Azərbaycan təhsili ilə bağlı məlumat isə demək olar ki, yox idi. Hansı universitetdən gəldiyimi, ixtisasımı tez-tez soruşurdular. Bizdə deyək ki, ayrıca İqtisad, Tibb, Dillər və s. universitetləri var. Onlarda isə bir universitetin daxilində bütün bunlar fakültə şəklində mövcud olduğu üçün bu onlar üçün yeni bir məlumat oldu. Universitetlərimizə qəbul sistemi ilə bağlı suallar da çox olurdu. Bəziləri fakültədə ingilis dili səviyyəsinin necə olduğu barədə suallar verirdi.

- 1 semestrlik Türkiyə təhsilinin yekunları.... İmtahanları necə verdiniz? Nəticələr?

- Məncə mübadilə tələbəsi üçün normal verdim. 6 fəndən 4-ü A, 1-i B, 1-i C oldu. C-ni koordinatorumun dərsindən aldım. A gözləyirdim düzü, olanda olur da amma... 

- “Erasmus” mübadilə proqramı yalnız təhsil yox, həm də yeni insanlar tanımaq və yeni dünya kəşf etmək üçün əvəzolunmaz imkandır. Bu imkanı necə dəyərləndirdiniz? Hacettepe Universitetindən kreditlərlərdən başqa nə gətirirsiniz? Dostlar, gəzdiyiniz yerlər və s. barədə....

- Həm dərslərdən, həm də yataqxanadan bir çox yeni dostlarım oldu. Universitetə gec-gec getdiyim üçün yataqxanadakı tələbələrlə daha səmimi ünsiyyətimiz var idi. Arada səhərə yaxına qədər davam edən kino gecələrimiz olurdu. Ya da hamı yığışıb futbola və ya basketbola baxardıq. Bəzən də gecə saat birdə futbol oynamağa gedərdik. Ramazanda isə sabahladığımız gecələr az olmadı. Çox yardımsevər insanlar idi. Nəyəsə ehtiyacın olsa, əllərindən gələn qədər kömək edərdilər. “Erasmus”un ən maraqlı vaxtları deyə soruşsaz, yəqin ki, yataqxanada keçən günlərimi və səyahət etdiyimiz vaxtları göstərərəm. Həm universitetdə, həm orda bir çox dəyərli dostlarla tanış oldum. Nə vaxtsa Azərbaycana gəlsələr, görməyə çox şad olaram. Eyni zamanda “Erasmus”la digər ölkələrdən gələn uşaqlarla da tanış olduq. Ən yaxınlar, sözsüz ki, UNEC-dən gedən uşaqlar oldu. Həmişə bir-birimizin yanındaydıq. Əksər sosial fəaliyyətləri birliktə edirdik. Səyahətə gəldikdə isə dərs müddətində Kapadokya, Eşkişehir və İstanbul şəhərlərini gəzdim. İmtahanlar bitdikdə isə səhəri günü belə gözləmədən İzmirə gecə avtobusuna bilet aldım. Digər “Erasmus” uşaqları da əvvəlcədən planlaşdırdıqları kimi səhəri gün gəldilər. Yalnız mən ani plan dəyişikliyi etmişdim. Son gün qərar verdim getməyə. Gələnə yaxın isə Qaradəniz bölgəsinə səyahət etdim. Oranın da demək olar ki, bütün şəhərlərini gəzmişəm. Gözəl yerlərdi, amma havası çox rütubətlidir. Gedəndə ancaq yaylalarında qalasan.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay