A

2018/2019-cu tədris ilində UNEC-ə bakalavr, magistratura və doktorantura pilləsi üzrə 80 nəfər əcnəbi tələbə qəbul olub. Onlardan 8 nəfəri “İslam Əməkdaşlıq Təşkilatı”na və “Qoşulmama Hərəkatı”na üzv olan dövlətlərin təhsil qrantı hesabına UNEC-də təhsil almaq hüququ qazanıb.

Təhsil qrantı hesabına UNEC-ə qəbul olan əcnəbilərdən 3 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbində bakalavr, 4-ü Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində magistr, bir nəfər isə doktorantura pilləsi üzrə ingilis dilində təhsil alır.

UNECNEWS Beynəlxalq İqtisadiyyat Məktəbində biznesin idarəedilməsi ixtisası üzrə təhsil alan Mavriki vətəndaşı Əkbər Mohammed Oveis ilə müsahibəni təqdim edir:

- Əkbər, ali təhsil almaq üçün Azərbaycanı seçmə səbəbinizi bilmək istərdik.

- Əslində Azərbaycanda təhsil almağım bu ölkənin Təhsil Nazirliyinin əcnəbi tələbələr üçün təklif etdiyi təqaüd proqramları sayəsində mümkün oldu. Təqaüd proqramı olmadan mənim Azərbaycanda ali təhsili almağım sadəcə xəyal olaraq qalacaqdı. Təbii ki, ölkə haqqında da araşdırmalar apardım, xalqı, iqtisadi durumu, təhsili barədə müsbət fikirlər əldə etdim. Azərbaycanı seçməyim digər səbəbi  isə fərqli ölkələrə, fərqli mədəniyyətlərin insanlarına olan sonsuz marağımla birbaşa əlaqədardır. Bir şeyi vurğulamaq istərdim ki, fikrimcə, təhsil bəşəriyyətə verilən ən böyük nailiyyətlərdən biridir. Buna görə də bir Mavriki vətəndaşı olaraq Cənubi Qafqazın mərkəzi sayılan Azərbaycanda təhsil almaq mənim üçün qeyri-adi və maraqlıdır. Düşünürəm ki, hazırda Azərbaycanda yeganə mavrikiliyəm. (gülür)

- Bəs niyə UNEC?

- Biznesin idarə edilməsi ixtisası həmişə mənə çox maraqlı gəlib. UNEC-də həmin ixtisas üzrə təhsil imkanının olması seçimimdə ilkin rol oynadı. Təbii ki, yalnız ixtisas deyil, UNEC-dəki tədrisin keyfiyyəti, təhsil aldığım fakültənin ölkədə ingilis dilində iqtisadyönümlü ixtisaslar üzrə ən prestijli olması, xüsusilə də dünyanın nüfuzlu universitetləri ilə mübadilə proqramları isə daha çox diqqətini cəlb etdiyi üçün məhz UNEC-i seçdim.

- UNEC-də tədris olunan dərslərin keyfiyyətindən razısınızmı?

-Əslində, UNEC-dəki tədrisin keyfiyyətindən razıyam. Qarşılaşdığım çətinlik yalnız Azərbaycan dili ilə bağlıdır. Bu dil zəngin və qədim bir dil olduğu üçün daha dərindən mənimsənilməsi mənim üçün çətindir. Ümid edirəm ki, UNEC-də qazandığım bilik və bacarıqlarla gələcəkdə uğurlu karyera qura biləcəm. Daha çox inkişaf və mükəmməllik üçün daha çox oxumalı və daha çox çalışmalıyam. Bu istiqamətdə UNEC-də bütün zəruri imkanlar effektiv şəkildə təmin olunur. İnanıram ki, doğru seçim etmişəm. UNEC mənim üçün unikal universitetdir!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay