A

kaspiy.az 

Fəridə Əsgərzadə: “Açılmayan qapını açılana qədər döymək lazımdır”

Günə "bu gün mütləq nəsə yaxşı bir şey olacaq” düşüncəsiylə başlayır. Deyir ki, əldə etdiyimiz  kiçik uğurların belə, nə qədər dəyərli olduğunu bilsək, həyatın hər anını qiymətləndirməyi bacararıq. Onun uğurunun sirri arzulamaq, təslim olmamaq və üzünə bağlanan qapıları açılana qədər döyməkdir.

Müsahibimiz  HUMAN Foundation (İNSAN fondu) təşkilatının təsisçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən YUNUS Sosial Biznes Mərkəzinin direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC biznes məktəbində müəllim, "One Young World” zirvəsinin ( gənc liderlərin qlobal forumun)  səfiri Fəridə Əsgərzadədir. Fəridə 23 yaşından həm də universitetlərdə dərs deyir.  Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Qazaxıstan, Kanada və Böyük Britaniyada gənclərlə bağlı layihələrdə iştirak edib. Bundan əlavə, bir ay öncə Amerikada qadınlarla bağlı keçirilən proqramın iştirakçısı olub.

- Fəridə xanım, yeniyetməlik dövründə peşəkar musiqiçi olmusunuz. Üstəlik, musiqi sahəsində əhəmiyyətli nailiyyətləriniz də var. İncəsənətdən sosial sahibkarlığa necə addım atdınız? 

- Düzdür, musiqi ilə professional şəkildə məşğul olurdum. Gündə 7-8 saat pianoda ifa edir, konsertlər verirdim. Lakin karyeramı musiqi ilə məhdudlaşdırmaq istəmirdim. Yeniyetməlik dövründə dünyanı dəyişəcəyimə inanır və bunun üçün çalışırdım. Təkcə musiqi ilə bunu etmək mümkün deyildi. Beləliklə, karyera yolumda istiqamətimi dəyişdim. Çünki insanlara daha çox yararlı olmaq istəyirdim. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil oldum. Əlbəttə ki, dünyanı dəyişmək asan deyildi. Amma mən daha sonra anladım ki, əgər bir insana kömək edib, onun dünyasını dəyişə bilirsənsə, bu, hər şeyə dəyər. Fərqli sahələrdə və fərqli insanlarla işləmək çətindir. Amma biz gəncik. Nə qədər çox sahələrdə işləsək, fərqli sferaları əhatə etsək, işimiz o qədər uğurlu olur.

- Human Foundationdan danışaq. Bu təşkilat necə yarandı?

- HUMAN Foundation - sosial-iqtisadi inkişaf naminə millətindən, dinindən, cinsindən və fiziki bacarığından asılı olmayaraq insanları birləşdirən təşkilatdır. Bizim məqsədimiz insanları sonsuz yardımlaşmağa, təhsilə dəstək olmağa, ehtiyacı olanları ruhlandırmağa cəlb etməkdir. Biz hamımız müxtəlifik, lakin bizi birləşdirən bir şey var: hamımız insanıq! Ümumiyyətlə, Fondun məqsədi insanlara kömək etməkdir. Ən əsası, onlara bir balıq deyil, balıqçı çubuğu verməkdir. Yəni, biz dəstək veririk, onlar isə bu dəstəklə çalışıb həyatlarını dəyişirlər.

- Fondun daxilində ilk layihə olan YOU CAN (sən bacararsan) sərhədləri aşdı. Bu layihənin məqsədi nə idi?

- YOU CAN layihəsi fiziki məhdudiyyətli və böyük həyat maneələri ilə rastlaşıb uğur qazanan insanların geniş auditoriya qarşısında çıxışlarından ibarətdir. Çıxış edənlər şəxsi təcrübələrini bölüşərək insanları ruhlandırır və motivasiya edirlər. Layihənin ən böyük uğurlarından biri Ukraynada keçirilən tədbirdə dünya şöhrətli Avstraliyalı motivasiya spikeri Nik Vuyçiçin çıxışı idi. Tədbir Ukraynada inklüziv təhsil olan yeganə Açıq Beynəlxalq Ukrayna Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilib. YOU CAN layihəsinin Ukrayna koordinatoru bu ölkənin ictimai xadimi Yuliya Resençukdur. Nik Vuyçiç ilə görüş çox maraqlı və səmərəli keçdi. Tədbirdə fiziki məhdudiyyətli gənclər daxil olmaqla 300-dən çox tələbə iştirak etdi. Bu layihənin əsas məqsədi gəncləri, çətin həyat yaşamış insanları (zorakılığa məruz qalmış qadınlar, əlilliyi olan şəxslər, narkotik maddələrin asılılığından xilas ola bilməyənlər və s.) o cümlədən ağır xəstəliklər ilə mübarizə aparan insanları ruhlandırmaq və onlara " Onlar bacardı, sən də bacararsan " mesajını verməklə ruh yüksəkliklərini artırmaqdır.

- "One Young World” zirvəsində ölkəmizi təmsil etdiniz. Ümumiyyətlə, bu sammit həyatınızda nəyi dəyişdi?

- Bu sammitin mənim həyatımda böyük təsiri oldu. Orada sadəcə yeni tanışlıqlar imkanı  qazanmadım, həm də mənimlə eyni düşüncəni bölüşən insanları tanıdım. Bilirdim ki, hər il belə bir tədbir təşkil edilir. Orada iştirak etmək üçün onlara fəaliyyətim haqqında yazdım. Gözləmədiyim anda məni seçdilər. Üstəlik, şansım ikiqat gətirdi: həm də təqaüd qazandım. Bütün xərclərimi təşkilatçılar qarşıladı. Sammitdə 196 ölkədən 1300 nəfər iştirak edirdi. Açılış Kanada Parlamentində keçirildi. Biz gender bərabərliyi, terrorla mübarizə, təhsilin inkişafı, ətraf mühitin mühafizəsi və s. məsələlərini müzakirə etdik. Qonaqların arasında Kanadanın baş naziri Justin Trudeau, BMT-nin keçmiş baş katibi Kofi Annan, Nobel sülh mükafatı laureatı Yunus Muhamməd, BMT-nin xoşməramlı səfiri Emma Watson, keçmiş İrlandiya prezidenti Mary Robinson, Latın Amerikası liderləri var idi. Onların qarşısında çıxış edib, Azərbaycan gənclərinin nailiyyətlərindən danışdım. Orada mənə çox yaxın düşüncəni dilə gətirdilər: irqlər, dinlər, millətlər, ölkələr arasında heç bir maneə yoxdur. Maneələr insanların daxili dünyalarındadır. Xalqımız bir stereotipik davranış alqoritminə malikdir. Onlar bir şey etmək istəmədikləri zaman onun mürəkkəb və ya qeyri-mümkün olduğunu deyirlər. Amma öyrəndim ki, əslində, istədikdən sonra, həyatda hər şey mümkündür. Məncə, hər şey şəxsin yanaşmasından asılıdır. Hər bir insanın uğurlu tərəfi, istedadı var. Sən ilk növbədə onu tapmalı və üzərinə fokuslanmalısan. Bunları etdikdən sonra insanların həyatı dəyişir.

- Uzaq planlar qurmağın tərəfdarı deyilsiniz. Nə vaxtsa planınız pozulubmu?

- Bəli, heç vaxt uzaq planlar qurmuram. Çünki həyat sürprizlərlə doludur. Həmişə qarşında yeni imkanlar açılır. O plana uyğun hərəkət etsən, qarşına çıxan imkanları da gözardı edərsən. Bəzən onları görmək üçün yalnız bir addım atmanız kifayətdir. Məsələn, mən musiqiçi idim. Bu sahə ilə çox ciddi məşğul olurdum. Pianoda birinci dərəcə beynəlxalq mükafat laureatı oldum və konsertlər verdim. Amma bir gün məqsədlərim dəyişdi. Bu gün karyera yolumda musiqi yoxdur.

- Fiziki məhdudiyyətli insanları xoşbəxtliyinizin nümunəsi adlandırırsınız. Onlardan aldığınız həyat dərsi nədir?

 - Sosial fəaliyyətimə 20 yaşımda fiziki məhdudiyyətli insanlarla könüllü işləməklə başladım. Bir neçə insan var ki, həyata baxışımı dəyişdi və bu gün onlarla çox yaxın dostluq əlaqələrim var. Mən onların dəstəyi ilə başa düşdüm ki, həyatımızda qarşımıza çıxan çox şanslar var və biz onlardan istifadə etmirik. O insanların həyat hekayəsi, qazandıqları uğurlar mənə təkan oldu. Anladım ki, həyata baxışımı dəyişməliyəm.

- Adətən deyirlər ki, qadınların karyera qurması kişilərə nisbətən çətindir. Həqiqətən belədirmi?

- Gender bərabərliyi hələ ki problemli mövzudur. Bir çox amillərə görə qadınların işə cəlb olunması, sərbəst fəaliyyəti hələ də tam yerini almayıb. Lakin sevinirəm ki, bizim cəmiyyətdə bununla bağlı çox böyük addımlar atılır. Qadınların sahibkarlığa cəlb edilməsi nəinki sosial problemi həll edir, həm də bir ölkənin iqtisadi inkişafında çox mühüm rol oynayır.

- Fəridə xanım, 23 yaşınızdan müəllim kimi fəaliyyət göstərmisiniz. Könüllülük fəaliyyətiniz var. Sizcə, insan karyera qurmağa nə vaxtdan başlamalıdır?

- Düşünürəm ki, həyatda hər bir insanın öz missiyası var. Hər kəs bu missiyanı yerinə yetirmək üçün mütləq uşaqlıq arzusuna diqqət etməlidir. Biz uşaqlıq dövründə nəyi arzulamışıqsa, bu, uğur hekayəmiz ola bilər. Uşaqlıqda insanlara kömək etmək istəyirdim. Düşünürdüm ki, kömək etmək üçün böyüməliyəm. Belə bir söz var "arzularınıza fikir verin, onlar həyatınızı istiqamətləndirir”. Məncə, karyera arzuladığınız andan başlayır.

- Ənənəvi sualımız. Uğur sirriniz nədir?

- Qorxmamaq. Heç vaxt qorxmaq lazım deyil və mütləq qapını döymək lazımdır. Qapının açılmaması normal haldır. Təslim olmaq lazım deyil. Açılmayan qapını açılana qədər döymək lazımdır. Hər birimiz yorulur, çətinliklərlə rastlaşırıq. Heç bir uğur ancaq pozitiv notlar üzərində dayanmır. Uğurlu və uğursuz insanın fərqi təslim olmamaqdadır. Uğurlu karyera quran insan heç vaxt təslim olmur. Mənim də sirrim təslim olmamaq və özümə inanmaqdır. Ən vacibi heç kimdən heç nə gözləməməkdir. Əgər qarşına maneə çıxıbsa, bu məsuliyyəti başqasının üzərinə qoymaq lazım deyil. 

- Yenə də dünyanı dəyişmək istəyirsiniz?

- Mən realistəm. Əminəm ki, bütün dünyanı dəyişə bilmərəm, amma hər birimiz ən azı bir insana kömək edəriksə, onun üçün dünya həqiqətən dəyişəcək. 

Aygün ƏZİZ

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay