A
Vidad Məmmədzadə: “Futbol mənim üçün sadəcə fiziki mübarizə deyil, həm də ruhi-mənəvi və psixoloji qarşıdurmadır”
“Sağlam düşüncə, ləyaqət və əxlaq: Bunsuz istənilən insan yarımçıqdır”
*

“Mütaliə həyatı və insanları daha doğru görməyə, daha dərindən anlamağa kömək edir”

Moderator.az 14 yanvar tarixindən etibarən sağlamlığı ilə bağlı müəyyən problemlər yaşayan, fəqət ağlı, istedadı, həyat eşqi və mübarizə əzmi ilə hər kəsə örnək ola biləcək tələbə gənclərin cəmiyyətə tanıdılması layihəsinə start verib. Bu layihə çərçivəsində sadəcə bu gəncləri tanımayacaq, həm də onların arzu və istəkləri, müxtəlif məsələlərlə bağlı ideya və təklifləri ilə tanış olacaqsınız. Layihəmizin bu dəfəki qonağı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Məmmədzadə Vidad Fikrət oğludur.

-Vidad bəy, hansı fakültə, hansı ixtisas üzrə təhsil alırsınız?

-Mən UNEC-in Distant, qiyabi və əlavə təhsil fakultəsinin, “Ümumi iqtisadiyyat” ixtisası üzrə təhsil alıram. Hazırda III kursda, qiyabi olaraq oxuyuram. 

-Dərsləriniz, imtahanlarınız necə keçir? Dərslərlə bağlı hər hansı çətinliyiniz varmı?

-Dərslərdən də, imtahanlardan da hər hansı çətinliyim yoxdur. Dərslərə mümkün qədər yaxşı hazırlaşmağa çalışıram. Elə bu səbəbdən də imtahanlarda hər hansı ciddi çətinliyim olmur. Düşünürəm ki, bu, hər kəs üçün keçərli qaydadır. Dərslərə yaxşı hazırlaşan tələbənin imtahanda ciddi bir çətinliklə üzləşməsi mümkün deyil.

-İxtisasınızı arzunuza uyğun olaraq məxsusi seçmisiniz, yoxsa bu, oxumaq üçün nəzərdə tutduğunuz çoxsaylı ixtisaslardan biri olub?

-Yox, ixtisasımı özüm seçmişəm. Arzum bu universitetdə, hazırkı ixtisasım üzrə təhsil almaq idi. Arzumun ziddinə olaraq seçdiyim yeganə şey qiyabi olaraq oxumaq oldu. Mən hər zaman əyani təhsil almağı arzu etmişəm. Lakin səhhətimdəki problem buna imkan vermədi. Reabilitasiya prosesini ləngitməmək, müalicə imkanlarından maksimum yararlanmaq üçün qiyabi təhsili seçməli oldum.

-Yəqin ki, universiteti bitirəndən sorna elə öz ixtisasınız üzrə də çalışacaqsınız?

-Bəli. Planım məhz belədir. Bu, mənim sevdiyim bir ixtisasdır. Lakin mənim çalışmaq istədiyim daha bir sahə var ki, bu da məhz kitablarla bağlıdır. Hər zaman içimdə kitab mağazasında işləmək istəyi olub. Çox güman ki, bu istək kitablara olan marağım və sevgimdən qaynaqlanıb. Özümü kitab olan yerdə, xüsusilə də kitab mağazası və kitabxanalarda çox yaxşı hsis edirəm. Kitab mağazasının özünəməxsus xoş bir aurası olur. Bu aurada çalışmaq, kitabların əhatəsində, kitablarla işləmək düşünürəm ki, mənə çox xoş olardı. Bu, mənim üçün mənəvi istirahət və zövq demək olar.

-Vidad bəy, universitetinizdə gəlib istedadlı tələbələrlə görüşən, onların potensialı ilə maraqlanan hansısa şirkətlər, qurumlar olubmu?

- “Veysəloğlu” Şirkətlər Qrupu Təhsil müəssisələri ilə Əlaqələr Şöbəsi və “Azercell” təmsilçiləri universitetimizdə olub, tələbələrlə maraqlanıblar. Ola bilsin ki, digər şirkətlərin təmsilçiləri də olub.

-Əgər hər hansı bir şirkət və ya kitab mağazası sizin üçün uyğun şərtlərlə iş təklif etsəydi, işləmək istərdiniz?

-İstəyərdim.

-İşlə bağlı hansısa quruma və ya müəssisəyə müraciət etmisinizmi?

-Yox. Doğrusu işlə bağlı heç bir quruma müraciət etməmişəm. Buna səbəb isə aktiv müalicə prosesinə cəlb olunmağımdır. Dərman müalicəsi ilə yanaşı, idman da mənim müalicəmdə mühüm yer tutur. Həkimlər tam olaraq sağalmağım üçün mütəmadi surətdə idman etməyi məsləhət görür. Buna isə müəyyən qədər vaxt ayırmaq lazımdır.

-Vidad bəy, bir müddət öncə ƏƏSMN-i müəssisələrdə sağlamlıq problemi olan şəxslərlə bağlı ayrıca kvota ayrılması ilə bağlı qərar verdi. Hansı ki, nazirliyin bu qərarına əsasən hər müəssisə ən azından bəlli kvota səviyyəsində öz müəssisəsinə müəyyən sağlamlıq problemi olan insanları da çalışdırmalıdır. Sizcə bu addım fiziki baxımdan müəyyən çətinliklər yaşayan vətəndaşların işlə təminatı baxımından nə dərəcədə faydalı addımdır?

-Düşünürəm ki, bu, istənilən halda sağlamlıq problemi olan şəxslərin işlə təminatını yaxşılaşdırmaq baxımından gözəl bir addımdır. Bu, məlum qəbildən olan vətəndaşların iş tapmasını asanlaşdıra, onların iş imkanlarını genişləndirər. Hesab edirəm ki, bu, həm də dövlətimizin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir.

-Universitetə gedib-gəlmək çətin deyil ki? Bunun üçün ictimai, yoxsa xüsusi nəqliyyatdan istifadə edirsiniz?

-Təəssüf ki, ictimai nəqliyyatdan istifadə edə bilmirəm. Odur ki, dərslərə xüsusi nəqliyyatın vasitəsi ilə gedib-gəlirəm. Əsasən taksi xidmətindən istifadə edirəm.

-Ödənişli, yoxsa ödənişsiz  təhsil alırsınız?

- Məcburi köçkün olduğumuz üçün təhsil haqqından azad edilmişəm.

-Vidad bəy, sizcə sağlamlıq problemi olan tələbələrin təhsil haqqının dövlət tərəfindən  qarşılanması, yaxud ən azından onlara təhsil haqqının ödənilməsində ciddi güzəştlərin tətbiqi bu tələbələrin maraqları baxımından daha arzuedilən olmazmı?

 

-Təbii ki, ödənişli təhsil alan sağlamlıq problemi olan tələbələrin təhsil haqqının dövlətimiz tərəfindən qarşılanması yaxşı olardı. Qeyd etdiyim kimi, mənim təhsil haqqı problemim yoxdur. Bu vəsaiti dövlətimiz qarşılayır. Lakin digər sağlamlıq problemi olan tələbələrimizin təhsil haqqınından azad edilməsi məqsədəuyğun olardı. Unutmaq olmaz ki, həmin tələbələr müalicəyə cidid vəsaitlər xərcləyir. Müalicəyə bu qədər vəsait xərcləməklə yanaşı, həm də təhsil haqqı ödəmək, etiraf edim ki, heç də asan və hər kəs üçün əlçatan deyil. Bu baxımdan düşünürəm ki, onların təhsil haqqından azad edilməsi, yaxud onlara bu məsələdə ciddi güzəştlərin edilməsi faydalı olardı.

-İnklüziv Təhsil Mərkəzinin fəaliyyətini bir tələbə olaraq necə dəyərləndirirsiniz? Sizcə bu mərkəzin fəaliyyəti tələbələrə nə verir?

-UNEC İnklüziv Təhsil Mərkəzinin bizim həyatımızda mühüm rolu var. Bu mərkəz bizim təhsil almağımızı asanlaşdırır, bizim üçün hər cür rahatlığı təmin edir. Bu səbəbdən də İnklüziv Təhsil Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirirəm. Bu Mərkəz həm də bizə mənəvi-psixoloji baxımdan toparlanmaqda, daxilən daha güclü olmaqda, cəmiyyətə inteqrasiya məsələsində də kömək edir. Hesab edirəm ki, əgər bu mərkəzin fəaliyyəti olmasaydı, o zaman bizim sadəcə təhsilimizdə deyil, bütövlükdə, cəmiyyətə inteqrasiyamızda xeyli çətinlik və problemlər olardı. Mən bizə göstərdikləri köməkliyə görə həm universitet rəhbərliyinə, həm də İnklüziv Təhsil Mərkəzinə, onun rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

 

-Vidad bəy, eşitdiyimə görə futbola xüsusi marağınız var?

-Bəli. Futbolu sevirəm. Futbol,  idmançıların əzmi, qələbə uğrunda aparılan mübarizə məni heyran edir. Futbol mənim üçün sadəcə idmançıların fiziki mübarizəsi demək deyil. Bu, daha çox ruhi-mənəvi bir mübarizədir. Bu elə bir mübarizədir ki, burada qələbəyə inamını itirən, öz mübarizə əzmindən məhrum olan, ruhən zəif olan komanda fiziki baxımdan da məğlubiyyətə uğrayır. Yəni futbol sadəcə fiziki deyil, həm də mənəvi baxımdan güclü olmağı tələb edir. Bu isə o deməkdir ki, futbol mübarizəsi həm də komandaların, idmançıların daxili potensialının, mənəvi dünyalarının mübarizəsidir.

-Hansı komandalara daha çox azarkeşlik edirsiniz?

-Əsasən üç komandaya azarkeşlik edirəm. Bunlar “Beşiktaş”, bir də “Mançester Yunayted” komandalarıdır.

-Bəs milli komandalarımızdan oyunlarını mütəmadi surətdə izlədiyiniz futbol klubu var?

-Doğrusu, əvvəllər milli komandalarımızdan yalnız “İnter”ə azarkeşlik edirdim. Onun bir çox oyunlarını da canlı olaraq izləmişəm. Lakin xeyli müddətdir ki, milli komandalarımızdan heç birinə azarkeşlik etmirəm.

-Cəmiyyət sağlamlıq problemi olan şəxslərə münasibətdə lazımi həssaslıq və duyarlılıq sərgiləyirmi?

-Hesab edirəm ki, bununla bağlı hələ də ciddi maarifləndirmə işinə ehtiyac var. İnsanlar daha çox mütaliə etməli, daha çox məlumatlanmalıdır. Düşünürəm ki, cəmiyyətdə sağlamlıq problemi olan şəxslərə münasibətin lazımı səviyyədə olmaması, bu məsələdəki müəyyən çatışmazlıqlar məhz bilgisizlikdən, maarifsizlikdən qaynaqlanır. Mütaliə insanı sadəcə məlumatlandırmır, həm də ona həyatı və insanları daha doğru görməyə, onları daha dərindən anlamağa kömək edir. Bu baxımdan hesab edirəm ki, insanlar nə qədər çox mütaliə edərsə, digərlərinə münasibətdə daha duyarlı və həssas olar.

-Həyatda idealınız varmı?

-Var. Bu, məşhur hind aktyoru Şaxrux Xandır. Onun həm peşəkar aktyorluğu, həm də canlandırdığı obrazlar, bu obrazların xarakterik xüsusiyyətləri -  cəsarət, sədaqət, mübarizə əzmi onu mənim üçün ideallaşdırır.

-Bəs milli kinolarımıza necə baxırsınızmı?

-Düzünü deyim ki, mən son illər çəkilən filmlərin heç birinə baxmıram, daha doğrusu baxa bilmirəm.Bu filmlərdə məni cəlb edən, düşündürən heç nə yoxdur. Mən əsasən sovet dönəmində çəkilən Azərbaycan filmlərinə baxmağa üstünlük verirəm. Bu kinolar mənə daha doğma, daha maraqlıdır. Fikrimcə, onlar daha düşündürücü və tərbiyələndirici təsirə malikdirlər.

-Dostlarınız varmı?

-Bəli, dostlarım var. Onların çoxu universitet yoldaşlarımdır. Onlar mənə hər zaman kömək edir, çətinlik çəkməyə qoymurlar. Onlardan Ramin, Anar, Elnur və digərlərini qeyd etmək istəyirəm və buradan onların hamısına öz təşəkkürümü bildirirəm.

-Bəs həyatınızda xüsusi yeri və rolu olan insanlar varmı?

-Var. Bunlar əsasən anam və qardaşımdır. Bu insanların mənim həyatımdakı rolu həqiqətən də böyükdür. Onların dəstəyi mənim həyatımda hər zaman həlledici rola malik olub. Nənəm, babam, xalam da mənim üçün əziz və doğma insanlardır.

-Bakalavr pilləsini başa vurduqdan sonra təhsilinizi magistraturada davam etdirmək niyyətiniz varmı?

-Belə bir niyyətim var. Hər halda təhsilimi davam etdirmək mənim üçün faydalı olar.

-Bəs xaricdə təhsil imkanı yaradılarsa, o zaman bu imkandan istifadə edərsinizmi?

-Etmək istərəm. Ancaq qeyd etdiyim kimi, mənim üçün tam olaraq sağalmaq, əvvəlki sağlamlığıma qovuşmaq daha vacibdir. Bu, məni düşündürən əsas məsələdir. Öz sağlamlığıma nə qədər tez qovuşsam, təhsilimin və həyatımın sonrakı mərhələləri ilə bağlı daha geniş fəaliyyət göstərə bilərəm.

-Sağlamlıq problemi olan tələbələrin müalicəsi üçün gərəkli vəsaitin dövlət tərəfindən qarşılanması ilə bağlı təkliflər səslənir. Sizcə bu təkliflərin reallaşması nə dərəcədə arzuedilən olar?

 

-Hesab edirəm ki, əgər müalicəyə sərf olunan vəsaitlər dövlət tərəfindən qarşılansa, bu, həmin şəxslərə, onların ailəsinə çox böyük köməklik olar. Çünki bunlar aztəminatlı ailələr üçün həqiqətən də böyük vəsaitdir. Bu səbəbdən də həmin vəsaitlərin dövlət tərəfindən qarşılanması arzuediləndir.

-İnsanda hansı keyfiyyətlərə daha çox önəm verirsiniz? Sizcə insanda hansı məziyyətlərin olması mütləqdir?

-Məncə, insan hər şeydən öncə sağlam düşüncə tərzinə malik olmalıdır. Bu, olması mütləq olan keyfiyyətlərdəndir. Bundan başqa, insanın ləyaqət və əxlaqa sahib olması da vacibdir. Bunlar insanın təməl keyfiyyətləridir. Hesab edirəm ki, bu keyfiyyətləri özündə birləşdirməyən hər hansı bir şəxs nə cəmiyyət, nə dövlət üçün faydalı oal bilməz.

-Cəmiyyətin sağlamlıq problemi olan şəxslərə münasibəti ilə bağlı düşüncəniz nədən ibarətdir? Sizcə cəmiyyət bu şəxslərə münasibətdə lazımi duyarlılıq sərgiləyirmi?

 

-Təəssüflər olsun ki, bununla bağlı müəyyən problemlər hələ də mövcuddur. Bəzən insana həddindən artıq çox diqqət yetirirlər. Bu isə insanda istər-istəməz psixoloji narahatlıq yaradır. Nəinki sağlamlıq problemi olan, hətta tam sağlam insana belə lazım olduğundan artıq nəzər salsanız, o, istər-istəməz özünü narahat hiss edəcək. Düşünürəm ki, bu kimi halların baş verməməsi üçün insanların yenə də maariflənməyə ehtiyacları var.

Seymur ƏLİYEV

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay