A

bizimyol.info

Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və vətəndaşlara dövlət dəstək tədbirləri ilə bağlı müsahibə

Dünya iqtisadiyyatında yeni böhran dalğasının formalaşması, eyni zamanda neft qiymətlərinin kəskin şəkildə enməsi və koronavirus pandemiyasının sürətlə yayılması bütün milli iqtisadiyyatlara, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir göstərib.

Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupun əsas məqsədi bu təsirlərin və belə təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, iqtisadiyyata və sahibkarlığa dəstək paketinin formalaşdırılmasıdır. İqtisadi bloka daxil olan qurumların birgə və intensiv fəaliyyəti nəticəsində bu işi qısa bir müddətdə əsasən yekunlaşdırmaq mümkün olub. İşçi qrup dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlayıb.

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsiri və nəzərdə tutulan dövlət dəstək tədbirləri ilə bağlı UNEC-in professoru, iqtisadçı-ekspert Zahid Məmmədov Bizimyol.info-ya müsahibə verib. Müsahibəni təqdim edirik:

-Zahid müəllim, iqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb. Bu proqramların mahiyyəti nədir?

-Pandemiya hadisəsi dünya iqtisadiyyatı qarşısında ortaya yeni bir çağırış qoydu. G20 ölkələrinin toplantılarında hamının bildiyi mövzular müzakirə edilirdi. Vurğlayaraq deyirəm ki, hazırda dünyada tibbi pandemiya ilə yanaşı iqtisadi pandemiya da müzakirə olunur. Tarixə baxdıqda bundan əvvəl də dünyanın müxtəlif yerlərində iqtisadi böhranların, maliyyə böhranlarının, tibbi pandemiyaların baş verdiyini görə bilərik. Amma o zaman dünya indiki kimi bir-birinə bağlı deyil. 2020-ci ildə dünya iqtisadiyyatının 20 faizi Çin iqtisadiyyatının payına düşür. Çindən başlayan koronavirus, Çində baş verən iqtisadi durğunluq digər ölkələrə də təsir etdi.

Pandemiyanın neft ixrac edən ölkə olaraq Azərbaycanın da iqtisadiyyatına təsirləri oldu. 2015-ci ildən Azərbaycan qarşısına rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq uğrunda və “Made in Azerbaijan” olaraq dünya iqtisadiyyatına çıxış əldə etmək kimi planlar, hədəflər qoyub. Və bu gün pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupu iqtisadiyyata və sahibkarlığa dəstək paketini formalaşdırıb. Dəstək paketində olan proqramlar postpandemiya dövründə inkişafa hesablanıb.

Hazırda hökumətin qarşısında qoyulan əsas məqsəd şirkətlərin maliyyə vəziyyətinin sağlamlaşdırılmasının və dayanıqlığının təmin edilməsi, eləcə də məşğulluğun stabilliyini və iqtisadi inkişafı təmin etməkdir. Pandemiya vəziyyətində sahibkarlara işçilərini işdən azad etməməsi çağırışı edildi.

-Yeri gəlmişən dəstək paketinə əsasən 300 mindən çox muzdlu işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək. Bu dəstəkdə hansı vacib məqamlar var?

-Dəstək paketinin birinci proqramı 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Dövlət tərəfindən əsasən sənaye, ticarət sahələrində çalışan muzdlu işçilərin əmək haqqı ödəniləcək.

İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir. Hər bir sahibkar üçün əmək haqqı fondu kifayət qədər əhəmiyyətli, bir çox hallarda böyük xərc tələb edən istiqamətdir. Ona görə də dövlət burada birbaşa maliyyə dəstəyi ilə yardımını edir və bu olduqca əhəmiyyətli bir dəstəkdir. Bu proqramlar 600 minə yaxın insanı əhatə edir.

-Pandemiya vəziyyətində dövlət dəstəyi proqramından hansı sahibkarlar faydalana biləcək?

-Karantin rejiminin tətbiqi, iqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumət sahibkarlara və müəssisələrə müraciət edərək iş yerlərini ixtisar etməməyə və işçilərin əmək haqlarını ödəməyə çağırış etmişdi. Hazırlanmış dövlət dəstəyi mexanizmi bu çağırışlara əməl edən şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcəklər.

Bu gün mənə sahibkarlardan zənglər gəlir. “Kölgə iqtisadiyyatı”nı qurmuş sahibkarlar karantin rejimində yaşadıqları sıxıntıları ifadə edirlər. Şəffaf fəaliyyət göstərməyən sahibkarlar həm özünü, həm də işçilərini ağır vəziyyətdə qoydu. O sahibkarlar bu günə kimi işçilərinin sayı ilə bağlı dəqiq məlumat vermirdi. Məsələn, qeyri-qanuni sürücülər, fəhlələr işlərdirdilər.

İllərdir dövlət başçısı, İqtisadiyyat naziri sahibkarı “kölgə iqtisadiyyatı”ndan çıxmağa çağırırdılar. Bu problemin həlli ilə bağlı İqtisadiyyat Nazirliyi sahibkarlara görüş keçirirdi. Amma yenə də bəzi sahibkarlar əmək müqaviləsini bağlamadı. Pandemiya vəziyyətindən sonra inanmıram ki sahibkarlar kölgə iqtisadiyyatında fəaliyyətini davam etdirsin.

Biz də dəfələrlə deyridik ki, bir ölkədə “kölgə iqtisadiyyatı”nın həcmi artıqca, rəsmi iqtisadiyyat kiçikləşər. Başqa sözlə, “kölgə iqtisadiyyatı” rəsmi iqtisadiyyatın rəqibidir. “Kölgə iqtisadiyyatı”nda alqı-satqı əməliyyatı uçotsuz və sənədsiz aparıldığına görə “kölgə iqtisadiyyatı"nda çalışan işçilər faktiki olaraq qeyri-rəsmi əmək haqqı və qeyri-iş yerləri sistemində olduqlarına görə sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalır.

Bəzən insanlar özləri də bilmədən “kölgə iqtisadiyyatı”nın iştirakçısına çevrilirlər. Tutaq ki, vətəndaş aksizsiz malları əldə edərkən, işçi kimi əmək müqaviləsi bağlamadan çalışarkən, alıcı kimi istənilən mağazada və yaxud iaşə obyektində kassa çekini almamaqla “kölgə iqtisadiyyatı”nın iştirakçısına çevrilir. Azərbaycan hökuməti vergi sistemində geniş spektrli islahatlara başlayarkən vergi yükünün artımı deyil, əksinə, azaldılması istiqamətini seçdi, yəni "kölgə"yə çəkilmiş bütün biznes strukturlarını və vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergitutmaya cəlb etməklə, sosial ədalət prinsipini təmin etdi.

-Dövlət dəstəyi proqramında biznesə vergi güzəştləri və imtiyazlar veriləcək. Bu dəstəkdən kimlər faydalanacaq?

-Şəffaf fəaliyyət göstərən sahibkarlar bütün istiqamətlərdə dövlət dəstəyindən faydalanacaqlar. Bəli, üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, tətilləri və imtiyazları ilə bağlıdır. Burada da əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun. Onlar müvafiq müddətə əmlak və torpaq vergisindən, vergi ödəyiciləri isə gəlir vergisindən azad olunacaqlar. Bəzi vergi ödəyicilərinin müvafiq müddətə əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulub.

Pandemiyadan sonra vəziyyət dəyişməlidir. Yeni çağırışlara uyğun olaraq audit yoxlaması aparılmalıdır. Xüsusən Bakı kəndlərdində istifadə olunmayan və məhsul istehsal edilməyən torpaq sahələri ilə bağlı yoxlamalar aparılmalıdır.

Dövlət başçısı hökumətin qarşısında ərzaq təhlükəsizliyi, maliyyə təhlükəsizliyi və enerji təhlükəsizliyi məsələsini qoymuşdu. Pandemiya vəziyyətində də Prezident İqtisadiyyat nazirini qəbul edərkən o, vətəndaş təhlükəsizliyi, sağlamlıq və iqtisadi rifah məsələsini qarşıya qoyulmuş məqsəd kimi göstərdi.

Pandemiyadan öncə kimsə torpaq götürübsə, lütfən qaytarsın. Torpaqdan lüks kimi istifadə etməyin, torpaq istehsal sahəsi üçün nəzərdə tutulub. Torpaq sahəsi ərzaq təhlükəsizliyinin təminatı üçün əsas alətdir. Bu gün ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biridir. Kimlərsə əvvəllər böyük torpaq sahələri alıblar, ancaq istifadə etmirlər. Audit aparılmalıdır. Torpaqların kimdə olduğu müəyyənləşdirilməlidir. İstifadə edilməyən torpaqların sahibləri "sərvət vergisi" ödəməlidirlər.

Ümumiyyətlə, pandemiya vəziyyətində dövlət dəstəyi paketi yeni çağırışlar baxımından əhəmiyyətlidir. Təkliflər sırasında əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması da var. Həmçinin, tikinti sektorunda şəffaf fəaliyyət göstərən sahibkarların fəaliyyəti dəstəklənəcək. Belə ki, proqramlardan biri ipoteka kreditlərinə dəstəklə bağlıdır. Xatırlayıram, şəffaf işləmədiyi üçün ipoteka kreditlərini ala bilməyən sahibkarlar var idi.

Bu baxımdan, koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Çünki bu sektorun əmək tutumlu olması, tikinti sektoruna zəruri olan böyük həcmdə xammal və materialların ölkəmizdə istehsal olunmasıdır.

-Zahid müəllim, müsahibə üçün vaxt ayırdığınıza görə təşəkkür edirik.

Ramid İbrahimov

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay