A

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və UNEC-in birgə təşkilatçılığı ilə Radio UNEC-də “Export Time” verilişi fəaliyyətə başlayacaq.

Proqram çərçivəsində Azərbaycanın ixrac siyasəti, dövlətin ixraca dəstəyi, ixracın yüksəldilməsi və çevik dövlət xidmətlərinin göstərilməsi, o cümlədən aylıq, rüblük və illik ixracla bağlı təhlillər, qanunvericilik dəyişiklikləri müzakirə olunacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların məntiqi nəticəsi olaraq sahibkarlıq, təhsil və elm klasterinin formalaşması ölkəmizin innovativ və rəqəmsal iqtisadiyyata doğru getməsini şərtləndirir. Strateji Yol Xəritələrinin innovativ və elm tutumlu iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı strateji məqsədlərini əsas tutaraq, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi UNEC-lə birgə gənclərin iqtisadi biliklərinin yüksəldilməsi, sahibkarlıq düşüncə tərzinin aşılanması və ixraca dayanan iqtisadi artım mövzularında müzakirələr aparacaq.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə elm tutumlu iqtisadiyyatın və ixraca söykənən iqtisadi inkişafın gənc iqtisadçı və sahibkarların yetişməsi və formalaşması şəraitində mümkün olacağını bildirib:  “Strateji Yol Xəritələrinin strateji hədəflərinə əsasən qeyd etmək istəyirəm ki, sürətli iqtisadi artımın insan kapitalının inkişafından asılı olması beynəlxalq nümunələrlə sübut olunub. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ixracatçı subyektlərə dəstək göstərməklə bərabər, sahibkarların maarifləndirilməsi və korporativ idarəetmə prinsiplərini aşılayır. Sonuncu layihə də maarifləndirmə xarakterli olmaqla, həmçinin gənc iqtisadçıların ixrac siyasəti ilə əlaqədar bilik və bacarıqlarının yüksəldilməsinə hesablanıb.”

Verilişin aparıcısı və UNEC Digital Marketinq Mərkəzinin rəhbəri Ramil Cabbarov bildirib ki, efir müddətində ixrac həyata keçirən şirkətlər üçün innovativ təşviqat yolları, sosial medianın yaratdığı imkanlardan, xarici bazarların operativ və spesifik araşdırmalarından danışılacaq.

Qeyd edək ki, “Export Time” verilişi ayda 2 dəfə olmaqla, Radio UNEC-də yayımlanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay