A

“UNEC-in gənc müəllimləri” layihəsi davam edir. Layihənin budəfəki iştirakçısı Turan Süleymanovdur.

Turan Süleymanov: “Gələcəyə gedən yol keyfiyyətli təhsildən keçir!”

2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnformatika və idarəetmə fakültəsində "Mühəndis iqtisadiyyatı və idarəetmə" ixtisası üzrə təhsil alaraq, universiteti fərqlənmə diplomu ilə bitirib. Bakalavr təhsili alarkən “European Tobacco” ASC-nin təqaüd müsabiqəsinin Azərbaycan üzrə 3 qalibindən biri olub.

2004-cü ildə  Vaşinqtonda yerləşən “The Fund for American Studies” təşkilatının 2500 dollar təqaüdünü qazanaraq, Amerikanın Georgetoun  Universitetinin Praqada keçirdiyi “İqtisadi və siyasi sistemlər” üzrə yay məktəbində təhsil alıb.

2005-ci ildə 20.000 avroluq təqaüdün qalibi olaraq Almaniyanın Bremen Beynəlxalq Universitetində sosial elmlər üzrə təhsilini davam etdirib və Bremen Universitetində ”Qlobal Brand menecment” proqramı üzrə qonaq tələbə olub. 2008-ci ildə İsveçin Linkopinq Universitetində  MBA proqramı, sonra isə Beynəlxalq və Avropa əlaqələri üzrə magistr dərəcəsi alıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüsü olub.

2008-2009-cu illərdə İsveçin Linkopinq şəhərində Avropa Tələbələr Formunun (AEGEE) yaradıcısı və ilk  prezidenti olub. Avropanın 10-dan çox ölkəsində tam təqaüd qazanaraq müxtəlif təlim və kurslarda iştirak edib və sertifikatlara layiq görülüb. 2008-2010-cu illərdə İsveçdə startap şirkətinin həmtəsisçisi və marketinq meneceri olub. İsveç, Niderland, Almaniya və Azərbaycanda 15 ildən artıq iş təcrübəsinə malikdir. Schlumberger, Lenze AG, İnsol Telecom kimi transmilli şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb.

2016-cı ildən UNEC-də fəaliyyət göstərir. Hazırda UNEC-in Strateji inkişaf şöbəsinin müdiri və Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimidir. “Menecment” ixtisası üzrə fəlsəfə doktoru dissertasiya işini tamamlamaq üzrədir. UNEC-də fəaliyyət göstərən “İSE Start-up Club”un yaradıcısıdır. 

Almaniyanın Siegen Universitetində və Amerikanın Southern New Hampshire Universitetində qonaq tədqiqatçı, Macarıstanın Dunajuvaros və Türkiyənin İnönu universitetlərində qonaq müəllim olub. Scopus və  Web  of Science bazalarında 11-dən çox elmi məqaləsi çap edilib.

Dünya Bankı, Asiya İnkişaf  Bankı, Avropa İttifaqı və “UNDP”nin Azərbaycanda həyata keçirdiyi  layihələrdə konsultant və ekspert kimi fəaliyyət göstərib.

Azərbaycan, rus, ingilis, alman və isveç dillərini bilir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay