A

UNEC-in prezident təqaüdünə layiq görülən I kurs tələbələrini təqdim edirik:

Nurlan Cabbarlı 2000-ci il iyulun 11-də Mingəcevir şəhərində anadan olub. Orta təhsilini Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar təmayüllü liseydə alıb. Liseyi qızıl medalla bitirib. Coğrafiya üzrə respublika fənn olimpiadasında bürünc medal qazanan N.Cabbarlı kitab oxumağı, idmanla məşğul olmağı və musiqi dinləməyi xoşlayır. 2017-2018-ci ilin qəbul imtahanlarında 691 bal toplayaraq UNEC-ə qəbul olub. Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alır.

- Nurlan, abituriyentlərin qəbul imtahanlarında ən yüksək nəticə göstərməsi cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Yaxşı nəticəni qazanmaq üçün müxtəlif fikirlər səslənir. Siz necə hesab edirsiniz, ən yüksək balları toplamağın formulu necədir?

- Doğrudur, cəmiyyətdə müxtəlif fikirlər səslənir. Kimi deyir yüksək nəticə göstərənlər əzbərçilərdir, kimi deyir onlar fasiləsiz oxuyublar və s. Əslində isə yüksək nəticə göstərməyin bir formulu var - səbr, güclü iradə və məqsədə doğru irəliləmək! Və əlbəttə ki, məqsəd! Bu üç keyfiyyət bir arada oldusa, məqsədə doğru əzmlə addımlayacaqsan. Təbii ki, bu asan deyil, imtahanlara qədər çox uzun və zəhmət tələb edən bir yol qət edilməlidir. Bunun üçün gərək bacarığın olsun. Abituriyentlərə demək istəyirəm ki, bu yola çıxmaqdan çəkinməsinlər. Sonda zəhmətlərinin bəhrəsi olaraq yüksək nəticəni əldə edəcəklər və artıq gələcək hədəflərə doğru addımlamaqda təcrübəli olacaqlar. Arzularının ardınca getsinlər. Tələbə olmaq mənim ən böyük arzum idi və bu arzumu reallaşdırmaq üçün yorulmadan çalışdım.

- Daha çox hansı universitetin tələbəsi olmaq istəyirdiniz?

- Təbii ki, UNEC tələbəsi! Mən dərslərimlə yanaşı, mətbuatı da izləyirdim. Çalışırdım universitetlərlə bağlı bütün xəbərlərlə, yeniliklərlə tanış olum ki, gələcəyim üçün ən önəmli olan qərarı verərkən yanılmayım. Digər universitetlərlə müqayisədə UNEC-də daha çox yeniliklərin olduğunu görürdüm və hər xəbəri də böyük həvəslə oxuyurdum. Çünki artıq seçimimi etmişdim - ən innovativ universitetin tələbəsi olmaq istəyirdim. Buna görə də universitet seçiminin ilk mərhələsində UNEC-i seçdim. UNEC tələbəsi olmaq mənim üçün qürurvericidir. Həm də universitetin ən mükəmməl fakültəsində təhsil alıram. Əminəm ki, burada alacağım təhsillə məzun olduğum zaman, beynəlxalq tələblərə cavab verən yüksək səviyyəli, savadlı və dünyagörüşlü peşəkar mütəxəssis olacağam.

- UNEC-i seçərkən daha çox hansı amilə üstünlük verdiniz?

- UNEC-in tələbəyə təklif etdiyi o qədər üstünlükləri var idi ki - ingilis dilində yüksək keyfiyyətli təhsil, elektron tədris, xüsusi təqaüd proqramları, nüfuzlu universitetlərlə ikili diplom layihələri, tanınmış şirkətlərdə təcrübə... Bir sözlə, saymaqla bitməz! UNEC mənim üçün novator universitetdir. Burada təhsil aldığım bir ay müddətində təkcə bizim fakültədə 2 böyük layihənin reallaşmasının şahidi olmuşam - tələbələrə 4 ildə iki ixtisasa sahib olmaq imkanı verən UDİD proqramı və bütün məzunlara örnək ola biləcək “İSE Məzun təqaüdü”.

- Siz UNEC-in tələbələrə verdiyi hansı imkandan istifadə etməyi düşünürsünüz?

- Bilirsiniz ki, prezident təqaüdçüsüyəm. Həm də qəbul imtahanlarında 600-dən yüksək bal topladığıma görə UNEC-in xüsusi təqaüdünə layiq görülmüşəm. İndi isə UNEC-in digər xüsusi təqaüd proqramına “Top 15”ə düşmək üçün qrup yoldaşlarımla bilik mübarizəsi aparıram. Onu mütləq qeyd etmək istəyirəm ki, fakültəmizdə bütün I kurslar 600-dən yüksək toplayıblar. Bu da o deməkdir ki, qrupdakı bilik mübarizəsi özünüinkişaf üçün unikal şərait yaradır. Sən nə qədər yaxşı çalışsan da, ətrafında mütləq səndən də bacarıqlısı var və yaxşıların yaxşısı olmaq uğrunda mübarizəyə heç vaxt ara vermirsən. UNEC-dəki bu rəqabət mühitini çox sevirəm!

UNEC-in prezident təqaüdçüləri

Elmar Abdullayev - Prezident təqaüdçüsü: “UNEC-də bir gün” uğurlu gələcəyə addım atmaqdır  (12.10.2017)

Rəşad Mustafasoy - Prezident təqaüdçüsü: “UNEC-də hər kəs mənəvi məsuliyyətini vicdanla yerinə yetirir” (04.10.2017)

Arzu Məmmədzadə - 700 bal toplayan tələbə: UDİD hər iki arzumu reallaşdıracaq  (27.09.2017)

Cavad Əliyev – 700 bal toplayan tələbə: Ehtiyac duyulan mütəxəssis olmaq istəyirəm  (19.09.2017)

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR