Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təsis etdiyi “UNEC Ekspert” jurnalının növbəti xüsusi buraxılışı oxucularına təqdim edilib.
Jurnalın budəfəki sayı yeni vergi islahatları və güzəştlərinə həsr olunub. Oxucular jurnalda vergi güzəştlərinin iqtisadi səmərəliliyinin olçülməsi yolları, yeni vergi mühitinin regionların inkişafına təsiri, həmçinin gəlir vergisinə yeni yanaşma, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığında süni intellektdən istifadə imkanları barədə ekspert araşdırmaları ilə tanış olacaqlar.
“UNEC Ekspert”in bu sayında sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində atılan addımlar, “kölgə iqtisadiyyatı”nın azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, qeyri-rəsmi məşğulluğun azaldılması yolları və onun tətbiq istiqamətləri, “ikili maaşlar”ın sonu, ƏDV-nin istehlakçılara geri qaytarılmasında beynəlxalq təcrübə də geniş təhlil olunub. Eyni zamanda divident ödənişlərinə yeni yanaşmanın mahiyyəti açıqlanıb, fiskal güzəştlərin ölkədə Kiçik və Orta Biznes klasterinə təsirləri araşdırılıb, aksiz dərəcələrinin artırılması və büdcə daxilolmalarının proqnozu verilib.