A

Dünyanın müxtəlif bölgələrində fəaliyyyət göstərən Yunus Sosial Biznes Mərkəzlərinin nümayəndələri ilə virtual konfrans keçirilib. Konfransda Yunus Sosial Biznes Mərkəzlərinin fəaliyyətləri müzakirə olunub.

Virtual konfrans ideyası noyabr ayında Paris şəhərində keçirilən Sosial Biznes Akademiya tədbiri çərçivəsində UNEC rektoru, professor Ədalət Muradovun da iştirak etdiyi Nobel sülh mükafatı laeurati, professor Məhəmməd Yunusla görüş zamanı irəli sürülüb.

Onlayn konfransda 2017-ci ilin sentyabr ayında Malayziyada təşkil edilməsi planlaşdırılan və Azərbaycanda daxil olmaqla Asiya-Pasifik regionundakı bütün Yunus Mərkəzlərinin nümayəndələrinin qatılacağı Asiya Pasific Sosial Biznes Forum (Social Business Asia Pacific Forum) haqqında, bununla əlaqədar Birləşmiş Millətlər Təşkilatına qrant üçün müraciət edilməsi, Məhəmməd Yunusun konfransda iştirakı, bütün Yunus Mərkəzləri arasında əməkdaşlıq, magistr tələbələri üçün forumun təşkil edilməsi kimi məsələlər müzakirə edilib.

Virtual konfrans iştirakçıları bu ilin 9-10 noyabr tarixlərində Paris şəhərində keçirilən Sosial Biznes Akademiya tədbirində Azərbaycandan da olan nümayəndələrin iştirak etməsini və UNEC rektorunun M.Yunusla bir sıra mühüm mövzularda fikir mübadiləsi aparmasının əhəmiyyətini qeyd ediblər.

UNEC-in Beynəlxalq əlaqələr departamentinin  rəhbəri Anar Kazımov  bu ilin iyun ayında regionda ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlayan Yunus Sosial Biznes Mərkəzinin əhəmiyyətindən danışıb. Bildirib ki, UNEC-də sosial biznes anlayışının təşviqi üçün lazımi tədbirlər görüləcək.

Yaponiya Yunus Mərkəzinin təmsilçisi Aşir Əhməd 21-22 Fevral 2017- ci il tarixlərində Tokioda keçiriləcək digər bir forum barədə məlumat verərək, bütün iştirakçıları həmin foruma dəvət edib. Tailandda fəaliyyət göstərən Yunus Mərkəzinin təmsilçisi Faiz Şah Mərkəzlərinin üç əsas istiqaməti – maarifləndirmə, tədris və fəaliyyət haqqında məlumat verib. Malayziya Sosial Biznes Mərkəzinin nümayəndəsi Əhməd Rafuddin mərkəzin gördüyü işlər və təşkil etdikləri sahibkarlıq kurslarından söz açıb.

Virtual konfransda Yunus Sosial Biznes Mərkəzlərinin fəaliyyətlərinin daha səmərəli aparılması məqsədilə vahid platformanın işlənməsinə qərar verilib. Eyni zamanda, bu istiqamətdə tədris planlarının hazırlanması, qadınların sosial biznes sahibkarlığına cəlb edilməsi, MBA səviyyəsində sahibkarlıq kurslarının təşkil edilməsi kimi mövzular da müzakirə edilib.

Qeyd edək ki, virtual konfransda UNEC-in nümayəndələri ilə yanaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri və HUMAN Fondunun (HUMAN Foundation) təsisçisi Fəridə Əsgərzadə iştirak ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR