A

BMT-nin rezident əlaqələndiricisi cənab Qulam M. İsakzainin UNEC-də keçirilən“Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda keçirilən Beynəlxalq Elmi-praktiki konfransdakı nitqi

Hörmətli təhsil nazirinin müavini cənab Ceyhun Bayramov,Hörmətli iqtisadiyyat nazirinin müavini cənab Sahib Məmmədov,Hörmətli Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, cənab Ədalət Muradov,Hörmətli hökümət nümayəndələri və parlament üzvləri,Hörmətli rektorlar və professorlar,Xanımlar və cənablar, Bu gün sizin aranızda olmaqdan məmnunluq duyur və fürsətdən istifadə edərək Ədalət Muradova məni “Sosial-iqtisadi inkişafda təhsilin rolu” mövzusunda konfransa dəvət etdiyi üçün minnətdarlığımı bildirirəm.Bu, həqiqətən Birləşmiş Millətlər Təşkilatının ciddi diqqət yetirdiyi bir məsələdir, çünki təhsil davamlı inkişaf üçün böyük qüvvəyə malik, sınanmış bir vasitədir.

Məsələni açıqlamazdan əvvəl, mən sizin diqqətinizi belə bir fakta yönəltmək istəyirəm ki, universitet elə bir tarixi yerdə yerləşmişdir ki, 1901-ci ildə xeyriyyəçi Zeynalabdin Tağıyev burada ilk dünyəvi Müsəlman qızlar məktəbini yaratmış və onu maliyyələşdirmişdir.

Tağıyev inanırdı ki, uşaqların hərtərəfli şəkildə tərbiyə edilməsi və yüksək təhsilə malik olması mühüm əhəmiyyətə malikdir. O, eyni zamanda kənd təsərrüfatı və texniki məktəblər yaratmış və azərbaycanlı gənclərin Rusiyann və Avropanın aparıcı üniversitetlərində təhsil alması üçün təqaüd ayırmışdır. O, xüsusilə gənc azərbaycanlı qızların təhsil almasına xüsusi diqqət veririrdi və inanırdı ki, yüksək təhsilli analar gələcəkdə ailə üzvlərinin təhsil almasında aparıcı rola malik olacaqdır.

Tağıyevin təhsilə bu cür əhəmiyyət verməsi bizim gender bərabərliyinə necə əhəmiyyət verməyimizi qabarıq şəkildə əks etdirir. Buna görə də konfrans əhəmiyyətli bir mövzuya həsr edilmiş və belə bir tarixi yerdə keçirilir. Bu məktəbin əvəzedilməz tarixi şübhəsiz ki, bizi təhsilə xüsusi diqqət yetirməyə ruhlandırır.İndi isə icazə verin, mən müzakirə olunan məsələyə münasibət bildirim. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanda təhsil müəssisələrini, eyni zamanda bu universiteti daim dəstəkləmiş və illərdir ki, ölkənin sosial-iqtisadi inkişafında təhsilin roluna xüsusi diqqət yetirir. Bizim əsas tövhəmiz tələbələrin karyeralarının formalaşması və əmək bazarı tələblərinə uyğun proqramların qəbul edilməsindən ibarətdir.

Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramı bəşəri inkişafda təhsilin əsaslı rol oynamasına dair konsepsiyaya dəstək vermək üçün bir neçə universitetlə əməkdaşlıq etmişdir. Bəşəri inkişaf proqramı xalqın imkanlarına və seçiminə xüsusi diqqət yetirir. Bu insan həyatının daha da zənginləşməsinə və inkişafına,  onun mövcud olduğu cəmiyyətin iqtisadiyyatının inkişafında yeni imkanlar açır.

Bəşəri inkişaf ideyası təhsilə olan ehtiyacı bir daha əsaslandırır ki, bu da daha yaxşı iş şəraitinin, yaradıcı, məhsuldar həyatın yaranmasına geniş imkanlar yaradır. Yüksək təhsil səviyyəsi iqtisadi məhsuldarlığın artmasına, yüksək səviyyəli məşğulluğa və gəlir səviyyələrinə, daha yaxşı sağlamlığa, sosial strukturların yaxşılaşmasına və digər aspektlərin inkişafına səbəb olur. Təhsilin keyfiyyətinə sərmayə qoyulmasa, daimi inkişaf mümkün olmaz və heç bir tərəqqidən söhbət gedə bilməz.

2015-ci ilin sentyabrında, bildiyiniz kimi, Azərbaycan BMT-nin digər 192 üzvü kimi, 2030-cu ilə qədər davamlı inkişaf konsepsiyasını qəbul etmiş, nəzərdə tutulmuş 17 məqsəd universal davamlı inkişaf məsələsini əhatə edir.

Qarşıya qoyulmuş 17 məqsədə çatmaq, davamlı sosial-iqtisadi inkişafa nail olmaq üçün mərkəzi yeri təhsil məsələsi tutur, bununla belə 4 məqsəd tamamilə təhsilə həsr olunmuşdur. Bu ömür boyu təhsil almaq imkanlarını və təhsilin keyfiyyətinə xüsusi diqqət yetirilməsini tələb edir.Bu bir sıra məsələlərin həllinə: qadın və sosial rifah məsələlərində olan bərabərsizliyin aradan qaldırılmasına, ali təhsilin keyfiyyət parametrinin inkişafı üçün universal yanaşmaya nail olmağa və ən sonda cəmiyyətin davamlı inkişafına nail olmaq üçün lazimi bilik və bacarıqların əldə edilməsinə gətirib çıxarır.

Azərbaycanda ibtidai məktəblərə uşaqların lazımi səviyyədə cəlb olunması üçün edilən cəhdlər yüksək nəticələrə gətirib çıxarmışdır. Belə ki, məktəb yaşına çatmış uşaqların 95%-dən çoxu ibtidai məktəbə, təhsilə cəlb edilmişdir. Hökumət həmdə 5 yaşına çatmış uşaqların məktəbə hazırlanması məsələsinə xüsusi diqqət yetirir və nəticədə bu yaşda olan uşaqların 90%-i məktəbdə təşkil olunmuş hazırlıq proqramlarına cəlb edilmişdir.

Son il ərzində UNİCEF tərəfindən dəstəklənən məktəbə hazırlıq proqramına 3000 məktəb qoşulmuşdur. Nəticədə 3700-dən çox müəllim treyninq keçmiş və onlar təqribən 100000-ə yaxın 5 yaşlı uşağa təlim verəcəkdir.Uşaqların bu cür erkən təhsilə cəlb edilməsi sosial-iqtisadi inkişafda inanılmaz əhəmiyyətə malikdir, çünki uşaqların təfəkkürünün, davranışlarının, koqnitiv imkanlarının inkişafı onların formalaşdığı illər ərzində böyük əhəmiyyətə malikdir, bu hal onların düzgün tərbiyə alması və ətraf mühitin qorunması qədər əhəmiyyətli məsələlərdir.

Əqli və fiziki qüsurlu uşaqlarla təhsil işinin həyata keçirilməsi də eyni dərəcədə əhəmiyyətə malikdir. Əqli və fiziki cəhətdən qüsurlu uşaqların təhsilə cəlb edilməsi nəinki onların şəxsi inkişafları üçün, eyni zamanda onların yaşadığı icmalarda imkanlarının artmasına səbəb olur. Bu sonraki illərdə ictimai sektorda sosial rifah xidmətlərinə ola biləcək potensial təzyiqin azalmasına gətirib çıxarır.

Təəssüflər olsun ki, orta təhsil sahəsində Azərbaycan hələ də ibtidai təhsildə qazandığı tərəqqi səviyyəsinə nail ola bilməyib. YUNESKO-nun göstəricilərinə görə, Azərbaycanda 10 yeniyetmədən biri orta məktəb təhsilini başa vura bilmir.

Bildiyiniz kimi, kasıb ailədən olan uşaqlar, eyni zamanda qızlar orta məktəb təhsilindən daha çox yayınırlar.Gənclərin təhsilinin başqa bir forması, peşə təhsili hökumətin yeni iqtisadi proqramına uyğun olaraq aparılır və gələcəkdə gənclərə lazımi iş tapmaları üçün zəruri bilik, bacarıq, vərdişlər verir. Əslində peşə təhsili paketi adi təhsil sistemindən kənarda qalmış şagirdlərin bütün ehtiyaclarını nəzərə almalıdır, lakin bir qrup uşaq üçün cari peşə təhsili müəyyən çətinliklər yarada bilər; məsələn, əqli və fiziki qüsurlu gənclər üçün.

Fiziki və əqli cəhətdən qüsurlu gənclər üçün geniş öyrənmə imkanlarının mövcud olması gələcək asılılığı azalda, ictimai xərclərə və inkişafa müsbət təsir göstərə bilər. Beləliklə, hamı üçün mümkün olan erkən yaşdan yeniyetmə yaşına qədər davamlı təhsilin keyfiyyəti əsas məsələdir. Hər hansı ölkənin sosial-iqtisadi inkişaf perspektivləri əsasən yaxşı təhsil almış gənc nəsildən asılıdır. Hal-hazırda təhsilə qoyulan sərmayə uzun müddətli olub, gələcək üçün nəzərdə tutulan dividentdir.

Xanımlar və cənablar, Birləşmiş Millətlər Təşkilatı siyasi məsləhətləşmələrdə, texniki yardım, qlobal, regional və milli səviyyədə inkişaf və monitorinq işlərində hökumətə hər cür yardım göstərir. Biz Azərbaycanda həyata keçiriləcək davamlı sosial-iqtisadi inkişafa, eyni zamanda təhsili inkişaf etdirə biləcək proqramların həyata keçirilməsinə xüsusi diqqət yetirəcəyik.

Biz çoxsaylı əməkdaşlıq formalarının qurulmasında öz fəaliyyət və cəhdlərimizi artırmağa çalışaraq, hər vasitə ilə hökuməti dəstəkləyirik. Bu il biz davamlı iqtisadi inkişafa nail olmaq üçün BMT-nin Azərbaycan hökuməti, digər qurumlar və təhsil müəssisələri ilə birgə məsləhət kampaniyasını işə salacağıq. Ümid edilir ki, 2030-cu ilə qədər davamlı inkişafa nail olmaq proqramının həyata keçirilməsində təhsilin əhəmiyyəti ictimaiyyətin nəzərində daha da yüksələcəkdir.

Biz gənclər, təhsil müəssisələri, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlığı davam etdirməyə hazırıq.BMT-nin keçmiş baş katibi Ban Ki Mon demişdir: “XXI əsr çətinliklərini aradan qaldırmaq üçün təhsil qlobal vətəndaşlar tərbiyə etməlidir”(may, 2016-cı il).

Bir daha məni konfransa dəvət etdiyiniz üçün sizə minnətdarlığımı bildirir və işinizdə uğurlar arzulayıram.

UNEC,  30 yanvar 2017

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay