A

Türkiyə Respublikasının İsparta şəhərində UNEC ilə Süleyman Demirel Universitetinin birlikdə təşkilatçılığı ilə“ II Beynəlxalq İqtisadi və İnzibati Perspektivlər: Dayanıqlı Qlobal Rəqabət (İnternational Economic and Administrative Perspectives (CİEP) Sustainable Global Competition)” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın açılışında UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov iki gün ərzində milli və beynəlxalq miqyasda davamlı rəqabət strategiyaları ilə bağlı müzakirələrin elm ictimaiyyəti üçün faydalı olacağını bildirib. Süleyman Demirel Universitetinin fakültə dekanı, professor Dr.Murat Okçu dünya gündəmini zəbt edən dayanıqlı rəqabət mövzusunda müzakirələrin əhəmiyyətini vurğulayaraq, konfransda ictimai elmlər sahəsində edilən elmi işlərin təqdimatı keçiriləcəyini də diqqətə çatdırıb.

ABŞ, Kanada, İngiltərə, Kipr, İraq və digər ölkələrdən elm adamlarının qatıldığı konfrans bölmə iclasları ilə davam edib. UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənlinin moderatorluğu ilə keçirilən iclasda SABAH mərkəzinin rəhbəri, dosent Aida Quliyevanın “İnformasiya kommunikasiya texnologiyalarının yaratdığı rəqabət üstünlüklərinin informasiya asimmetriyası” mövzusunda məruzəsi maraqla qarşılanıb. 

İqtisadiyyat fakültəsinin dekan müavini, dosent Müşrəvan Əliyevin moderatoru olduğu bölmədə isə “Qiymət və qiymətləndirmə” kafedrasının müəllimi Suqra Hümbətova “Azərbaycanda rəqabət yönümlü iqtisadiyyatın formalaşmasında (istehlak və tədiyyə qabiliyyətli) tələbinin rolunun təhlili” mövzusunda məruzə ilə çıxış edib. Üçüncü bölmə iclasına isə UNEC-in Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov moderatorluq edib. Burada “Marketinq” kafedrasının müəllimi Emiliya Əhmədovanın “İslam marketinqi”, Fərid Cabbarlının isə “Sosializmdən kapitalizmə dəyişən təşkilat mədəniyyəti və təşkilat strukturları Azərbaycan nümunəsində” mövzusunda məruzələri geniş müzakirəyə səbəb olub.

Səfər çərçivəsində UNEC-in nümayəndə heyəti Süleyman Dəmirəl Universitetinin rektoru,professor İlker Hüseyin Çarıkçı ilə görüşüb. Görüşdə hər iki universitet arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Birgə təşkil edilən beynəlxalq konfransın hər iki tərəfin elm adamları üçün faydalı olduğu qeyd edilib. Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə universitetlərin iş həyatı, tədris prosesi, distant təhsil ilə bağlı fikir mübadiləsi aparılıb. UNEC-in nümayəndə heyəti Süleyman Dəmirəl Universitetinin kitabxanası ilə tanış olub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR