A

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) növbəti elmi seminar keçirilib.

Seminarda Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin ilk 9 ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasındakı çıxışından irəli gələn vəzifələr iqtisadçılar və tədqiqatçılar tərəfindən ətraflı müzakirə olunub.

İAETİ-nin direktoru, professor Yadulla Həsənli ilk 9 ay ərzində ölkənin sosial-iqtisadi inkişafında baş verən mühüm yeniliklər barədə məlumat verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda 2,5 faiz, xarici ticarət dövriyyəsində isə 7 faiz artım müşahidə olunduğunu bildirən Y.Həsənli xarici ticarətdə 4,4 milyard dollara bərabər müsbət saldo yarandığını diqqətə çatdırıb.

İAETİ-nin böyük elmi işçisi Fərhad Mikayılov ölkənin sosial-iqtisadi inkişafının bütün istiqamətləri üzrə məlumat verərək, təhlillərin nəticələrini şərh edib. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrə diqqət çəkən iqtisadçı alim bir sıra dövlət əhəmiyyətli iqtisadi tədbirlərin həyata keçirildiyini, aparılan iqtisadi islahatların mühüm töhfə verəcəyini vurğulayıb.

AMEA-nın müxbir üzvü, professor Akif Musayev, UNEC-in kafedra müdiri, professor Əli Əlirzayev, Elm və İnnovasiya Mərkəzinin direktoru, professor Sakit Yaqubov təhlil və müzakirələrdən sonra ölkədə iqtisadi artımın təmin edilməsi yollarına dair təklif və tövsiyələrini seminar iştirakçılarının diqqətinə çatdırıblar. Alimlər kadr hazırlığında çevikliyin təmin edilməsinə xüsusi diqqətin göstərilməsi, mövcud resurs potensialını nəzərə almaqla sağlamlıq turizminin inkişaf etdirilməsi, bölgələrdə kiçik və orta sahibkarların problemlərinin aradan qaldırılması məqsədi ilə İnkişaf mərkəzlərinin yaradılmasını təklif ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay