A

Oktyabrın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının açılış mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak edib.

Təhsil naziri Mikayıl Cabbarov gənclərin tədqiqat işlərinə marağının və bu sahədə fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb, müasir elmi biliklərin təbliği baxımından hər il ənənəvi olaraq keçirilən bu tədbirin əhəmiyyətini qeyd edib. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi”, “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi” və digər mühüm sənədlərin gənclərin yüksək qayğı ilə əhatə edilməsinə bariz nümunə olduğunu bildirib.

Nazir yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb, bununla bağlı ölkəmizin ali təhsil müəssisələrində elmi potensialın mövcudluğunu qeyd edib. "Elm haqqında" qanunun qəbul edilməsi ilə qanunvericiliyə tədqiqat universitetlərinin yaradılmasının daxil edildiyini deyən təhsil naziri bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcəyini diqqətə çatdırıb. Mikayıl Cabbarov bildirib ki, tədqiqat universitetlərində fundamental tədqiqatlar aparılmaqla yanaşı yüksək texnologiyalara əsaslanan elm tutumlu sahələrin kadr və informasiya təminatının həyata keçirilməsi nəzərdə tutulur. Tədqiqat fəaliyyətinin təşkili işi ilə bağlı təhsil naziri nəzərə çatdırıb ki, bu, universitetlər üçün davamlı şəkildə güclənməkdə olan rəqabət mübarizəsinin həlledici amillərindən birinə çevrilir.

Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ayrılan 3558 təqaüddən 63 faizinin magistratura və doktorantura səviyyəsində təhsilə yönəldiyini deyib, Azərbaycanda elmi kadrların yetişdirilməsində bu proqramın mühüm rolunu, ikinci dövlət proqramının dünyanın tanınmış universitetlərinin nüfuzlu professor-müəllim heyətini cəlb etməklə Azərbaycanın ali təhsil müəssisələrində həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Kоnfransa 18 ali təhsil müəssisəsindən və AMEA-dan 400-ə yaxın tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün nüfuzlu alimlərin rəhbərliyi ilə 14 bölmə yaradılıb. Konfransın “İqtisadiyyat” bölməsinin iclası UNEC professoru 

Zahid Məmmədovun sədrliyi ilə aparılıb. Professor Z.Məmmədov iqtisadi potensialın insan sərmayəsinə transformasiyası istiqamətində aparılan islahatlardan bəhs edib, UNEC-də gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Bölmə iclasında UNEC-in 10-a yaxın doktorant və gənc tədqiqatçısının məruzəsi dinlənilib.

Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxildir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay