A

UNEC müəllimləri üçün “İnformasiya təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

UNEC-in Texnoloji Təhsil Qrupunun (TTQ) iştirakı ilə keçirilən təlimdə Texnologiya və dizayn,  İqtisadiyyat və Əmtəəşünaslıq fakültələrinin professor-müəllim heyəti iştirak edib.

Texnologiya üzrə təhsilin səviyyəsinin artırılması məqsədilə UNEC TTQ-nin “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan bu tədbiri Azərbaycanda müasir informasiya və bank texnologiyalarının tədrisi, telekommunikasiya şəbəkələrinin layihələndirilməsi və qurulması, mürəkkəb informasiya sistemlərinin işlənib hazırlanması, internet provayder xidmətlərinin göstərilməsi, müasir kommunikasiya avadanlıqlarının satışı və s. ilə məşğul olan Smart Systems Technology MMM-in dəstəyilə keçirilib.

Tədbirdə “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının dosenti Təranə Əliyeva texnologiyaları, prosesləri və insanları əhatə edən informasiya təhlükəsizliyinin zəruri diqqət tələb edən texnoloji aspektlərinin və informasiya təhlükəsizliyi ilə bağlı itkilərin bir çoxunun səbəbinin texnologiyanın yoxluğu və ya texnologiyalardakı səhvlərlə deyil, daha çox istifadəçilərin yanlış davranışları ilə bağlı olduğunu vurğulayıb.

Smart Systems Technology MMM-in Şirkətinin təlimə dəvət olunan nümayəndəsi – layihələndirmə idarəsinin rəisi, UNEC məzunu Ceyhun Cabbarlı informasiya təhlükəsizliyi və kiberhücumların yaranma və genişlənmə səbəbləri, kiberhücumların təsir etdiyi sahələr və bunun nəticəsində ortaya çıxan itkilər haqqında geniş məlumat verib. C.Cabbarlı iştirakçıları çalışdığı təşkilatın 20 illik təcrübəsi müddətində qarşılaşdıqları irihəcmli kiberhücumların doğurduğu vəziyyətlərin statistikası ilə tanış edərək qlobal kibertəhlükəsizlik mədəniyyətinin bütün iştirakçılar − informasiya sistemlərini və şəbəkələrini yaradan, onlara sahib olan, idarə edən, xidmət edən və istifadə edən dövlət orqanları, müəssisələr və təşkilatlar, həmçinin fərdi istifadəçilər qarşısında qoyduğu məlumatlı olmaq, cavabdehlik, etika, riskin qiymətləndirilməsi, təhlükəsizliyin idarə edilməsi, təhlükəsizliyin layihələndirilməsi və realizə edilməsi kimi tələblərin yerinə yetirilməsinin mühümlüyünə öz münasibətini bildirib. O, təlim iştirakçılarına böyük həcmli informasiya bazaları ilə iş zamanı əməl etməli olduqları zəruri təhlükəsilik tədbirlərinin mərhələlərini izah edib.

Mövzu ətrafında müzakirələrdə təlim iştirakçıları onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev kiberhücumlara qarşı mübarizədə dövlət və özəl strukturların rolu və iştirak səviyyəsinin müəyyənləşdirilməsi məsələsinə toxunub. 

“İnformatika” kafedrasının müdiri, dosent Hafiz Bayramov kiberhücumlara qarşı tədbirlərdə fəal iştirak edən yerli təşkilat və şirkətlərin rolu və onların yüksək səviyyədə proqram təminatları yaratmaq cəhdləri haqqında öz fikirlərini söyləyıb. 

“Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri, dosent  Əli Hacıyev Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində görülən tədbirlərdən bəhs edərək bu təlimin keçirilməsini e-dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi yolunda zəruri tədbirlərdən biri kimi qiymətləndirib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR