A

 UNEC-də “Elmi tədqiqat işlərinin əsas nəticələrinin beynəlxalq nüfuzlu elmi nəşrlərdə dərc olunması mexanizmi” mövzusuna həsr olunan təlim seminar keçirilib.

Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Elmi tədqiqat sahəsində modern universitetlər: çağırışlar və real imkanlar” mövzusunda çıxış edib. Professor yeni texnologiyaların ali təhsildə tətbiqi, təhsilin keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu və əhəmiyyətindən danışıb. O, elm və təhsilin vəhdətinin yeni tələblərə uyğun istiqamətdə aparılmasında innovasiyanı da mühüm faktor kimi qiymətləndirib. Dünya elminə inteqrasiyanın vacibliyindən danışan UNEC-in professoru “Bunun üçün elmi araşdırmalar dünya səviyyəsində olmalıdır” deyə bildirib.

“Clarivate Analytics”in Azərbaycan üzrə nümayəndəsi, elmi informasiya resursları üzrə ekspert Aygün Babazadə “Psevdo-elm: Yırtıcı jurnalları təyin etmək və onlardan sığortalanmağın yolları” barədə danışıb. O, beynəlxalq elmi jurnallarda məqalə çapı ilə bağlı mövcud problemlərdən söz açaraq, son illər ərzində istifadə olunan kibercinayətin yeni alətinə çevrilən “yırtıcı” jurnallar haqqında ətraflı məlumat verib, həmin jurnalların təyin olunması meyarlarını açıqlayıb.

Təlimdə “Applied and Computational Mathematics” beynəlxalq jurnalının aparıcı redaktoru, professor Yusif Qasımov əlyazmanın elmi nəşrlərdə çap olunma qaydaları, o cümlədən beynəlxalq nüfuzlu jurnallarda redaktor və rezidentlərin vəzifələrindən bəhs edib.

İqtisadiyyat Nazirliyi Elmi Tədqiqat İnstitutunun direktor müavini, professor Arzu Hüseynova isə təlim iştirakçılarını beynəlxalq nüfuzlu elmi jurnallarda məqalə qəbulu, elmi ədəbiyyatlardan istifadə qaydaları və elmi istinadlar barədə məlumatlandırıb. O, beynəlxalq elmi jurnallarda yer alan məqalələrə qoyulan tələbləri diqqətə çatdıraraq, elmi əsərlərin istinad indeksli jurnallarda dərcinin vacibliyini qeyd edib.

“Caspian European Club”un baş icraçı direktoru, vəkillər kollegiyasının üzvü Mustafa Abbasbəyli “Elmi tədqiqat nəticələrinin nəşrində hüquqi və etik qaydalar: pozuntu hallarının aşkarı və ona qarşı görülən tədbirlər” barədə iştirakçılara ətraflı məlumat verib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR