A

AZƏRTAC

Fevralın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ali məktəbin və Alman-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Siemenslər Gədəbəydə 150 il” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, almanların Cənubi Qafqazda məskunlaşmalarının 200 illiyinə həsr olunan tədbirin iştirakçıları əvvəlcə bu tarixi hadisəyə həsr olunmuş fotosərgiyə baxıblar.

Tədbirdə UNEC-in prorektoru, professor Sakit Yaqubov Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 2016-cı il 30 avqust tarixli Sərəncamını xatırladıb, konfransın işinə uğurlar arzulayıb.

Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycan ilə Almaniya arasında elmi-mədəni əlaqələrin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Ç.Abdullayev Verner, Karl və Valter fon Siemens qardaşlarının Gədəbəyin mis emalı və istehsalı, buradakı zəngin filiz mədənlərinin işlənməsi sahəsində fəaliyyətindən söz açıb, almanların Azərbaycan mədəniyyətinə, elminə, memarlığına, sənayesinə, eyni zamanda, ölkədə şərabçılığın inkişafına verdikləri misilsiz töhfələrdən bəhs edib. Bildirilib ki, Gədəbəy şəhərindəki küçələrdən biri “Siemens qardaşları” adlandırılıb.

“Siemens” şirkətinin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Azər Quliyev şirkətin ölkəmizdə energetika, tibb və başqa sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib, yeni layihələr üzərində iş apardığını diqqətə çatdırıb.

Konfrans çərşivəsində “Almanlar Cənubi Qafqazda 200 il” və “Siemenslər Azərbaycanda 150 il” kitab-kataloqlarının təqdimatı olub. Nəşrlərin hazırlanmasında iştirak etmiş Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Milli Tarix Muzeyinə və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə Alman-Azərbaycan Cəmiyyətinin “Körpü” diplomu təqdim edilib.

Konfransda mövzuya dair elmi məruzələr dinlənilib, müzakirələr aparılıb.

Bakı, 21 fevral, AZƏRTAC

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR