A

UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib.

Rusiya Dövlət Humanitar Universitetinin Domodedovo filialının təşkil etdiyi XII beynəlxalq konfrans “Dövlət strukturları və sahibkarlıq subyektlərinin hüquqi, idarəçilik, humanitar problemləri: Rusiya və beynəlxalq təcrübə” mövzusunda olub.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov və Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədovun qatıldığı beynəlxalq konfransda Bolqarıstan, Çexiya, Polşa, Serbiya, Slovakiya, eləcə də digər ölkələrin aparıcı universitetlərinin nümayəndələri iştirak edib. Konfransda dövlət strukturlarında idarəetmə məsələlərinə toxunulub, sahibkarlıq subyektlərinin iqtisadi, hüquqi, etik problemləri müzakirə edilib. Eyni zamanda dövlət nəzarəti sistemində islahatlar, iqtisadi təhlükəsizlik problemləri, ali təhsil müəssisələrində maliyyə və idarəetmə problemləri barədə də fikir mübadiləsi aparılıb.

UNEC-in professoru, Zahid Məmmədov Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin strateji məqsədlərindən danışıb. İqtisadiyyatın bütün sahələrində dövlətin öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaratdığını, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdirıldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Z.Məmmədov Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə yönəldiyini qeyd edib.

UNEC-in dosenti Mirağa Əhmədov “Azərbaycanın əmlak bazarında ipoteka kredit sistemi” barədə çıxış edib. Ölkədə həyata keçirilən geniş miqyaslı, uğurlu iqtisadi və sosial islahatlardan bəhs edən UNEC-in alimi “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsi”ni gənc və sosial müdafiəyə ehtiyacları olan ailələrin mənzil təminatında mühüm rol oynadığını diqqətə çatdırıb. M.Əhmədov dövlətin dəstəyilə tikilən sosial mənzillərin Azərbaycanın əmlak bazarındakı qiymətlərin tənzimlənməsinə müsbət təsirlərini vurğulayıb. UNEC-in aliminin çıxışını maraqla qarşılayan konfrans iştirakçıları Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd ediblər.

Səfər çərçivəsində UNEC-in nümayəndə heyəti Domodedovo şəhər icra hakimiyyətinin və deputatlar sovetinin sədri ilə də görüşüblər. Görüşdə sosial sferanın inkişafı barədə fikir mübadiləsi aparılıb.

UNEC-in alimləri, həmçinin Domodedovo şəhər 5 saylı gimnaziyasında “Bilik iqtisadiyyatının inkişafında universitetlər drayver kimi: dünya təcrübəsi və UNEC modeli” mövzusunda məruzə ilə çıxış ediblər.

Daha sonra məktəblilərə UNEC-in dünya səviyyəli universitet olmaq istiqamətində atdığı addımlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, UNEC MDB məkanında Rusiyada filialı olan yeganə ali təhsil müəssisəsidir. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verən universiteti olan UNEC-ə əcnəbi tələbələrin qəbulunun tam elektronlaşdırıldığı qeyd edilib. Rus və ingilis dillərində təhsillə maraqlanan məktəblilərə UNEC-in Rus İqtisad Məktəbi və Beynəlxalq İqtisadiyyat Məktəbində tədris olunan ixtisaslar barədə məlumat verilib. UNEC-in dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları həyata keçirməsi şagirdlərin xüsusi marağına səbəb olub. Onlara Elektron Universitet Modeli və mübadilə proqramlarından da bəhs olunub.

UNEC-in nümayəndələri şagirdləri maraqlandıran sualları cavablandırıblar. Rusiyalı şagirdlər dünya təhsil məkanında, o cümlədən nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini nəzərə alaraq UNEC-də təhsil almaqda maraqlı olduqlarını bildiriblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR