A

UNEC-in Texnologiya və dizayn fakültəsinin “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində “Riyaziyyat və fəlsəfə” mövzusunda sosial-elmi tədbir keçirilib.

Elm adamları ilə görüşlər çərçivəsində keçirilən tədbirdə fakültə rəhbərliyi, fakültənin nəzdində olan kafedraların professor-müəllim heyəti və tələbələr iştirak edib. Tədbirə UNEC-in məzunu, riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi şair-esseist Əlişirin Şükürlü dəvət olunub.

“İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının dosenti Təranə Əliyeva şair-esseist Əlişirin Şükürlünün elmi-pedaqoji fəaliyyəti və bədii yaradıcılığı haqqında məlumat verib. O, riyaziyyat və fəlsəfə elmlərinin qovşağında Ə.Şükürlünün yaratdığı ədəbi və bədii konsepsiyalardan bəhs edib.

Ə.Şükürlünün riyazi qanunauyğunluq əsasında hazırladığı iki konsepsiya - “Dünyaya yeni baxış” fəlsəfi esse və “İntellektual poeziya barədə mülahizələr” haqqında məruzəsi maraqla qarşılanıb. O, elmi informasiya – fəlsəfi düşüncə - bədii təfəkkür kimi üç parametrlə müəyyən etdiyi ikinci konsepsiyada intellektual şeirin yaranması barədə elmi informasiyanın fəlsəfəsinin bədii mətnə gətirilməsi texnikasını müəyyənləşdirən modelini təqdim edib, intellektual poeziya barədə mülahizələrini tədbir iştirakçılarının nəzərinə çatdırıb, bir neçə intellektual bədii mətn səsləndirib.

Mövzu ətrafında müzakirələrdə Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov, “Fizika və kimya” kafedrasının müdiri, professor Rövnəq Rzayev, “İnformatika” kafedrasının dosentləri Kamil Məmtiyev və Həmdulla Əsgərov, “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müəllimi Dilarə Əbdüləziz çıxış edərək Ə.Şükürlünün yaratdığı fəlsəfi konsepsiyaya münasibət bildiriblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR