A

Texnologiya və dizayn fakültəsində “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrası rəhbərliyninin təşkilatçılığı ilə UNEC-in 2017-2020-ci illər üçün «Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi»nin əsasında hazırlanmış Tədbirlər Planının icrası ilə əlaqədar “Texnoloji bilik və texnoloji biliyin problemləri” mövzusunda mühazirə dinlənilmişdir.

Mühazirədə Texnologiya və dizayn fakültəsinin rəhbərliyi, "Rəqəmsal iqtisadiyyat və İKT" kafedrasının professor-müəllim heyəti, “İnformasiya texnologiyaları” və “Sistem mühəndislyi” ixtisasları üzrə təhsil alan tələbələr iştirak etmişlər. "Rəqəmsal iqtisadiyyat və İKT" kafedrasının dosenti, ixtisas rəhbəri Təranə Əliyeva UNEC-in “Texnoloji Təhsil Qrupu”nun qarşısında duran vəzifələrdən bəhs edərək, mühazirənin texnoloji təhsilə marağın artırılması, bu istiqamətdə şüurun formalaşdırılması və tələbələr arasında işin gücləndirilməsinın təmini məqsədilə keçirildiyini açıqlayıb.

Məruzəçi - "Rəqəmsal iqtisadiyyat və İKT" kafedrasının professoru Rəsul Balayevin çıxışı çox maraqla qarşılanıb. Rəsul Balayev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin məqsədlərini və nəticə indikatorlarını şərh edərək strateji məqsədlər qismində - təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə geniş istifadə üçün təyin edilmiş elektron resursların inkişaf etdirilməsi məsələlərinə xüsusi önəm verildiyini qeyd edib. O, texnoloji bilik və onun konseptual məsələlərinə toxunaraq 2020-2025-ci illər və ondan sonrakı dövr üçün texnoloji təhsil problemlərindən və onların aradan qaldırılması yollarından bəhs edib.

Mühazirədə dövlət-özəl bölmə tərəfdaşlığı imkanlarından istifadə etməklə texnoloji bilik və onun inkişaf konsepsiyasının tətbiqi məsələləri ətrafında dialoq aparılıb. Texnoloji təhsilin metodiki və informasiya təminatının yaxşılaşdırılması imkanlarına dair fikir mübadiləsi, həmçinin norma, normativ və standartlar barədə konseptual və tətbiqi baxışlar müzakirə edilib. Mühazirənin sonunda texnoloji təhsil sisteminin inkişafında biznesin iştirakı və imkanları haqqında təklif və tövsiyələr tələbələrin diqqətinə çatdırılıb.

"Texnoloji maşınlar və sahə avadanlığı" kafedrasının müdiri Məzahir Fərzəliyevin iqtisadiyyatda texnoloji biliyin aparıcı rolunun dəyərləndirilməsi məsələsinə dair söylədiyi fikirlərə münasibətdə məruzəçi iqtisadiyyatın texnologiyanın parametrlərini müəyyən etməsinə baxmayaraq istənilən texnoloji fəaliyyətdə iqtisadi motivin durduğunu vurğulayıb.

Mühazirədə ali təhsil almış məzunların təhsili başa vurduqdan sonra növbəti bir il ərzindəki məşğulluq səviyyəsinin hazırkı 43 faizdən 2020-ci il üzrə 60 faizə çatdırılması və robot texnikasının inkişafının əhalinin məşğulluq səviyyəsinin aşağı düşməsinə səbəb ola biləcəyi faktları ilə bağlı məsələlər tələbələrdə xüsusi maraq doğurub. Professor Rəsul Balayev bu məsələlərlə bağlı fikirlərini mühazirəyə toplaşanlarla bölüşərək, çoxlu sayda yeni iş yerlərinin yaradılması məsələsinin həllinin dövlətimizin yeni iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xüsusilə vurğulayıb, eyni zamanda robot texnikasının inkişafının texnoloji sahədə yeni xidmət sahələrinin sayının artmasına səbəb olacağı barədə məlumat verib.

Mövzu ilə bağlı müzakirələrdə fakültə dekanı, professor Vəkil Hüseynov universitetdə texnoloji təhsilin səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirildiyindən və bu istiqamətdə nəzərdə tutulmuş tədbilərdən bəhs edib.  

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR