A

UNEC-in professorları Tofiq Quliyev və Əvəz Ələkbərovun “Анатомия глобального экономического кризиса” adlı elmi monoqrafiyası işıq üzü görüb.

“Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, əməkdar elm xadimi, professor Tofiq Quliyev ilə “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərovun hazırladığı monoqrafiya Moskvanın nüfuzlu “Ekonomika” nəşriyyatında çap olunub.

Müəlliflər monoqrafiyada dünya iqtisadiyyatında baş verən qlobal təlatümlər və çağırışlar kontekstində uzun illər apardıqları elmi araşdırmaların nəticəsi kimi dünya iqtisadiyyatında gedən mürəkkəb və ziddiyyətli proseslərə aydınlıq gətiriblər. Monoqrafiyada qloballaşma və onun müasir problemləri, qlobal iqtisadi böhran, maliyyə, valyuta, qiymət və digər aspektləri, dünya bank sisteminin böhranı və ssuda kapitalı, maliyyə kapitalı fenomeni, transmilli inhisar və anti-böhran tənzimlənməsi məsələləri dərin elmi-analitik və məntiqi təhlil obyektinə çevrilib.

Dünya maliyyə sisteminin böhranı, inkişaf etmiş ölkələrin borclanma xarakteri, beynəlxalq kapitalın hərəkəti və onun qlobal böhranla əlaqəsinə də monoqrafiyada geniş yer verilərək, qlobal iqtisadi böhrandan çıxış yolları göstərilib.

Monoqrafiya iqtisadçı-nəzəriyyəçilər və praktiklər, qlobal dünya iqtisadi böhranı ilə maraqlananlar üçün nəzərdə tutulur.

Monoqrafiyanın rəsmi resenzentləri Rusiya Federasiyasının əməkdar iqtisadçısı, Təbii Elmlər Akademiyasının akademiki, hökümət yanında Moskva Maliyyə Universitetinin Elmi Araşdırmalar İnstitututnun direktoru, professor V.V.Perskaya və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Federasıyasının əməkdar elm xadimi, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının müdiri, professor R.İ.Xasbulatovdur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR