A

Bu gün UNEC-də “Elm aylığı” çəçivəsində AMEA-nın müxbir üzvü, professor Akif Musayevin “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilmişdir.

Tədbirin açılışında UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov tədbir iştirakçılarını salamlayaraq, dövlət başçısı tərəfindən təsis edilmiş Elm Günü barədə məlumat vermişdir. Müxtəlif ölkələrdə milli elm günlərinin təsis edildiyini qeyd edərək “Elm aylığı”nın ilk dəfə Azərbaycan Dövlət İqtisad Universitetində 2014-cü ildən başlayaraq keçirildiyini bildirən S.Yaqubov Azərbaycanın iqtisad elminin tanınmış simalarından olan A.Musayev haqqında gənc tədqiqatçılara məlumat verdi. Uzun illər vergi sistemində çalışmış A.Musayev Azərbaycan Dövlət İqtisad Universitetində Vergi kafedrasının qurucusu və rəhbəri olmuşdur. Dövlət tərəfindən Azərbaycanın iqtisad elminə xidmətləri qiymətləndirilmiş A.Musayev çoxsaylı dərslik və nəşrlərin müəllifidir.

Çıxışına Azərbaycan Dövlət İqtisad Universitetinə, rektor, professor Ədalət Muradova minnətdarlığını bildirməklə başlayan qonaq universitetdə olduğundan məmnunluğunu bildirdi.

Maraqla qarşılanmış məruzədə A.Musayev bir sıra məqamlara toxunmuşdur. Məruzəçi xəlvəti iqtisadiyyat, maliyyə sektorunun real sektorla müqayisədə xüsusi çəkisinin daha böyük olması, xidmətin xüsusi çəkisinin maddi istehsalla müqayisədə çox böyük olması, əmək haqqı bölgüsündə anormallıq, kriptovalyutanın və bitkoinin yayılması kimi məqamlara toxundu. A.Musayev qeyd etdi ki, aparılmış araşdırmalar xəlvəti iqtisadiyyatın 158 ölkədə 31,9% səviyyəsində olduğu müəyyən etmişdir. İqtisad elminin, araşdırmaçıların diqqətinin yönəldilməli olan məsələlərə toxunan məruzəçi iqtisadi siyasət qarşısında duran problemlər barədə danışdı. Məruzəçi qeyd etdi ki, informasiyanın qeyri-mükəmməliyi və qeyri-müəyyənliyi, makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrin mürəkkəbliyi kimi məqamlar iqtisadi siyasətin tərtib edilməsində ciddi problemlər kimi dayanır.

Məruzənin sonunda professor-müəllim heyətinin sualları cavablandırıldı və diskussiya aparıldı.

Tədbirin sonunda professor Sakit Yaqubov UNEC rektoru, professor Ədalət Muradov adından professor Akif Musayevə Fəxri Fərman təqdim etmişdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay