A

UNEC-in Biznes və menecment fakültəsinin, Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin və “Rus dili” kafedrasının təşkilatçılığı  ilə“Nəsimi - bədii söz sənətinin  ən qiymətli incilərinin yaradıcısı” mövzusunda elmi seminar keçirilmişdir.

Fakültə rəhbərliyi, “Rus dili” kafedrasının, Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin əməkdaşları, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi seminarda görkəmli Azərbaycan şairi İmaməddin Nəsiminin həyatı və yaradıcılığı haqqında ətraflı məlumatlar verimişdir.

Biznes və menecment fakültəsinin dekanı, dosent M.M.Əhmədov bildirdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.02.2019-cu il tarixli, F-82 saylı əmrinin Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planının 1-ci və 2-ci bəndlərinin icrası ilə əlaqədar UNEC-də böyük mütəfəkkirin yubileyinin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə rektorun əmrinə əsasən 2019-cu ildə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı UNEC-in Tədbirlər Planı təsdiq edilmışdi. Tədbirlər Planı çərçivəsində “Rus dili” kafedrası “Nəsimi - bədii söz sənətinin ən qiymətli incilərinin yaradıcısı” mövzusunda elmi-seminar təşkil edib.

Dos. M.Əhmədov Nəsiminin böyük yaradıcılığından bəhs edərək qeyd etdi ki, 2019-cu ilin  Azərbaycanda Nəsimi ili elan olunması ölkəmizin zəngin tarixi, mədəni irsinin qorunub saxlanılması, tədqiqi və təbliğatı baxımından böyük töhvədir.

Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Z.F.Məmmədov öz çıxışında İmadəddin Nəsiminin Azərbaycanın böyük şairi,  dövrünün görkəmli mütəfəkkiri olduğunu qeyd edərək, şairin şeirlərinin bədii quruluş və məzmunca orijinal və çox qiymətli olduğunu bildirdi. Nəsiminin şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək, Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazdığını vurğuladı. 

Elmi seminarın moderatoru, “Rus dili” kafedrasının müdiri dos Gülnarə Rzayeva çıxış edərək qeyd etdi ki, Şərqin mədəni xəzinəsində əsas yerlərdən birini tutan Nəsiminin poetik irsi Azərbaycan xalqının parlaq bədii sərvətidir. Şairin yaradıcılığının ideyası və məzmunu, bədii və estetik xüsusiyyətləri, bütövlükdə onun poetikası, Nəsiminin adının görkəmli söz ustaları və filosoflarla bir cərgədə səslənməsinin əsas səbəbidir.

Seminarda çıxış edən kafedra müəllimləri Babayeva Suad, Efendi Leyli, Musayeva Aynur qeyd etdilər ki, Nəsiminin yaradıcılıq irsi – Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları və yeni məzmunla zənginləşməsində görkəmli şairin dəyərli xidmətləri olmuşdur. Nəsimi böyük söz ustadı, görkəmli humanist, öz həyatını xalqının taleyi, onun xoşbəxtlik və gələcək uğrundakı mübarizəsi ilə bağlayan dünya ədəbiyyatının korifeyləri arasında layiqli yer tutur. Nəsiminin parlaq xatirəsi və onun ölməz əsərləri insanların qəlbində yaşayır və daim yaşayacaq.

Seminarda həmçinin tələbələr Nəsiminin qəzəllərini səsləndiriblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay