Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə “UNEC professor-müəllim heyəti üzvlərinə “tədqiqatçı” statusunun verilməsi haqqında” Qaydalar təsdiqlənib. Qaydalarla bağlı ən çox verilən sualları və cavabları təqdim edirik:

  1. “Tədqiqatçı” statusu kimlərə şamil edilir?

Əsas iş yeri UNEC olan və 0,5 ştat, 0,75 ştat və 1 ştat müəllim, baş müəllim, dosent və professor vəzifələrini tutan əməkdaşlara şamil edilir.

  1. Qaydalar UNEC-in filiallarında da tətbiq olunurmu?

Filial direktorlarının müraciəti əsasında, UNEC-in rektorunun əmri ilə tətbiq edilə bilər.

  1. “Tədqiqatçı” statusunun verilməsinin başlıca tələbləri hansılardır?

        “Google scholar” akademik platformasında istinad göstəriciləri aşağıdakı tələblərin hər üçünə cavab verən professor-müəllim heyəti üzvlərinə “tədqiqatçı” statusu verilir:

  • Son 5 il üçün “ümumi istinadlarının sayı”nın (“Citations”) ən azı 100 olması;
  • Son 5 il üçün “Hirş indeksi”nin (“h-index”) ən azı 8 olması;
  • Son 5 il üçün hər bir əsərinə verilən istinadların ümumi sayında “özünəistinadlar”ın (“self-citations”) sayının 2-dən çox olmaması.

Qeyd: “Tədqiqatçı” statusunun verilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsində tələblərin hər üçü eyni dərəcədə əhəmiyyət daşıyır və bu tələblərdən hər hansı birinə cavab verməyən əməkdaşlara “tədqiqatçı” statusu verilmir.

  1. “Tədqiqatçı” statusunun müddəti nə qədərdir?

“Tədqiqatçı” statusu 2 tədris ili müddəti üçün verilir. Bu müddət başa çatdıqdan sonra tələblərə uyğun olmayanların statusu qüvvədən düşür.

  1. “Tədqiqatçı” statusunun əldə edilməsi proseduru necədir?

“Tədqiqatçı” statusunu əldə etmək istəyənlər müvafiq ərizə ilə Rektora müraciət edirlər. İddiaçılar ərizələrinə “Google Scholar” akademik platformasında müraciət tarixinə aid olan profillərinin sürətini (“screenshot” yolu ilə) əlavə etməlidirlər.

  1. “Tədqiqatçı” statusu əldə etmək üçün müraciətlər nə vaxtadək qəbul edilir?

“Tədqiqatçı” statusunun əldə edilməsi ilə bağlı müraciətlər hər tədris ilinin 30 iyun tarixinə qədər qəbul edilir və “tədqiqatçı” statusunun verilməsi ilə bağlı müvafiq qərar növbəti tədris ilinin 1 sentyabr tarixindən qüvvəyə minir.

  1. “Tədqiqatçı” statusuna görə əlavə əmək haqqı necə hesablanır?

“Tədqiqatçı” statusunu əldə edənlərin aylıq vəzifə maaşları (diferensial əlavə əmək haqqı nəzərə alınmamaqla) bu statusun qüvvədə olduğu müddət ərzində 50% həcmində artırılır.

  1. “Tədqiqatçı” statusu hansı hallarda ləğv oluna bilər?

Tədqiqatçı-müəllim”, “tədqiqatçı-baş müəllim”, “tədqiqatçı-dosent” və “tədqiqatçı-professor” statusları aşağıdakı hallarda ləğv edilə bilər:

  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduqda;
  • Elmi-tədqiqat fəaliyyətində plagiat hallarına yol verdikdə;
  • əməkdaşın “Google Scholar” akademik platformasındakı profilində göstərilən məlumatlara nəticələri öz xeyrinə dəyişdirməyə yönəlmiş hər hansı bir müdaxilə etdiyi aşkarlandıqda;
  • Müraciətlərə baxılması zamanı ekspertizanın nəticələri əsasında müəyyən edilmiş texniki səhv baş verdiyi halda.
  1. Müraciət edənlərin məlumatlarında yanlışlıq olarsa, onlar hansı məsuliyyət daşıyırlar?

İddiaçılar, “tədqiqatçı” statusunun əldə edilməsi ilə bağlı müraciət ərizələrində göstərilən məlumatların yanlışlığına görə “UNEC-də işçilərin universitetdaxili intizam Qaydaları”nın 9.4/ç, n, 9.5/c və 9.6/ğ bəndlərinə uyğun olaraq müvafiq qaydada məsuliyyət daşıyırlar.

TOP XƏBƏRLƏR