A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevanın “Mədəni-tarixi dəyərlər sistemində informasiya mədəniyyəti və kitabxanalar” adlı kitabı çapdan çıxıb.

Monoqrafiyada mədəni-tarixi dəyərlər sistemində informasiya mədəniyyəti anlayışının məzmunu və mahiyyəti, beynəlxalq müstəvidə şərhi tarixi aspektdə təhlil edilib, informasiya mədəniyyətinin əsas komponentləri və şəxsiyyətin informasiya mədəniyyətinin yüksəlməsinə təsir edən başlıca amillər tədqiq olunub. İnformasiya mədəniyyəti ilə yanaşı “rəqəmsal savadlılıq”, “internet savadlılığı”, “media savadlılıq”, “şəbəkə savadlılığı” kimi bir sıra anlayışlar da dünya alimlərinin yanaşmalarına əsaslanaraq müfəssəl şərh edilib. Eyni zamanda bir sıra ölkələrdə cəmiyyət üzvlərinin maariflənməsinə, informasiyanı düzgün qiymətləndirərək ondan etik şəkildə istifadə etməsinə xidmət edən müxtəlif beynəlxalq informasiya mədəniyyəti modelləri barədə də məlumatlar ilk dəfə elmi dövriyyəyə daxil olunub.

Sonda tədqiqatın yekunu olaraq, əldə olunan əsas elmi-nəzəri və təcrübi nəticələr göstərilib, vahid informasiya mədəniyyəti konsepsiyasının yaradılması, kitabxana işçilərinin informasiya mədəniyyətinin formalaşdırılması, reklam fəaliyyəti, kitabxanalarda PR üzrə ayrıca şöbənin və ya struktur bölmənin təşkili, informasiya mədəniyyəti məsələlərinə dair milli resursların hazırlanması və s. üzrə təkliflər təqdim edilib.

İlk dəfə olaraq cəmiyyətdə informasiya mədəniyyətinin formalaşdırılmasında, cəmiyyətin maariflənməsində xüsusi əhəmiyyət kəsb edən kitabxanaların iştirakı və əvəzsiz xidmətləri araşdırılan nəşrin elmi məsləhətçiləri tarix üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin fəxri professoru Abuzər Xələfov, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, elmi redaktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov, rəyçi Rusiya EA Dövlət Kütləvi Elmi-Texniki Kitabxanasının aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru, professor İrina Lizunovadır.

TOP XƏBƏRLƏR