A

UNEC-də “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində elmi seminar keçirilib.

Seminarda UNEC-in professor-müəllim heyəti və tələbələrlə yanaşı, Niderland, Litva və Bolqarıstanın milli statistika qurumlarının rəhbərləri, BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndəsi, Dövlət Statistika Komitəsinin məsul şəxsləri iştirak ediblər.

UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov qonaqları salamlayaraq, onlara universitet barədə ətraflı məlumat verib. UNEC-in 20.000-ə yaxın tələbəsi ilə regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsi olduğunu, burada iqtisadiyyatın bütün sahələri, eyni zamanda texniki və texnoloji ixtisaslar üzrə peşəkar mütəxəssislərin hazırlandığını diqqətə çatdırıb.

Tədbirin əhəmiyyətindən danışan S.Yaqubov dünyada baş verən qlobal siyasi, sosial və iqtisadi proseslər fonunda statistika sahəsinin üzərinə düşən vəzifələrdən söz açıb, çevik qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün qlobal çağırışlar əsasında rəsmi statistikanın təkmilləşdirilməsinin vacibliyini bildirib.

Sonra qonaqlar Avropa və milli statistika sistemində baş vermiş son yeniliklərlə bağlı UNEC-in professor-müəllim heyəti və tələbələr qarşısında çıxış ediblər. Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski iştirakçılara internet dövründə statistikanın rolu barədə məlumat verib. Litva Statistika Departamentinin baş direktoru Yurate Petrauskiene fərdi və inzibati məlumatların rəsmi statistikaya təsirindən, Niderland Mərkəzi Statistika Bürosunun İnnovasiya üzrə baş mütəxəssisi Marcel van der Steen mütərəqqi məlumat yığımından, BMT-nin Avropa İqtisadi Komissiyasının Statistika şöbəsinin regional məsləhətçisi Steven Vale isə rəsmi statistikanın mövcud çağırışlara istiqamətlənməsi, BMT forumları çərçivəsində Avropa statistikasının töhfələrindən danışıb.

Tədbir milli və Avropa səviyyəsində rəsmi statistika üçün qarşıya qoyulan tələblər, süni intellekt və internet dövründə statistikanın əhəmiyyəti və digər mövzular ətrafında müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay