A

UNEC-də “Vətən müharibəsinin əhalinin  həyat məmnuniyyətinə gözlənilən təsirləri” mövzusunda onlayn müzakirələr aparılıb və tədqiqatların nəticələri açıqlanıb.

Müzakirələrdə UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti, tədqiqat mərkəzlərinin əməkdaşları, ölkənin tanınmış iqtisadçıları, eləcə də ABŞ və Türkiyə universitetlərinin alimləri iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov sentyabrın 27-də erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarının zəbt etmək cəhdinin şanlı ordumuzun əks-hücumu ilə qarşısının alındığını diqqətə çatdıraraq, 30 ildir ki, işğal altında olan ərazilərimizin böyük hissəsinin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən azad edildiyini bildirib. Vətən müharibəsinin başladığı andan UNEC-in bu savaşa dəstək və töhfələr vermək məqsədilə çıxış etdiyini vurğulayan rektor, universitetin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu tərəfindən bu istiqamətdə 5 seminar keçirildiyini deyib. Azərbaycan və Ermənistan iqtisadiyyatının müqayisəli təhlilinə həsr olunan seminarların nəticələrinə görə, Azərbaycan iqtisadiyyatının güclü, Ermənistan iqtisadiyyatının isə zəif olduğunun bir daha təsdiqləndiyini qeyd edib. Azərbaycanla müharibə aparmaq üçün Ermənistanın resurslarının artıq tükəndiyini, Azərbaycanın isə torpaqlarını işğaldan azad etməsi üçün yetərincə gücünün olduğunu diqqətə çatdırıb.

UNEC-də 30-dan artıq tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini deyən rektor, həmin tədqiqat mərkəzləri tərəfindən Vətən müharibəsinin təsirləri ilə bağlı müxtəlif istiqamətlərdə tədqiqatların aparıldığını və əldə olunan nəticələrin müzakirəsi barədə silsilə tədbirlərə start verildiyini bildirib.

Professor Ədalət Muradov ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı iqtisadçı alimləri həmin tədqiqatlara qoşulmağa dəvət edib, birgə səylər nəticəsində gələbə günün daha da yaxınlaşmasına töhfələr verilə biləcəyini vurğulayıb.

Tədbirin moderatoru, UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə mövzunun aktuallığına diqqət çəkərək, əhalinin məmnunluq səviyyəsinin, xoşbəxtlik iqtisadiyyatı adlandırılan bu sahənin ölkədə çox az tədqiq edildiyini və iqtisad elmində yeni olduğunu bildirib. Ciddi araşdırmalar tələb edən həmin sahənin dünyada geniş inkişaf etdiyini və bu istiqamətdə aparılan tədqiqatların Azərbaycan üçün faydalı olacağını bildirib.

Sonra UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, i.ü.f.d. Xətai Alıyev mövzu ilə bağlı təqdimatla çıxış edib. Məruzəçi Vətən müharibəsinin, Qarabağın azad olunması aspektində əhalinin həyat məmnunluğu səviyyəsinə təsir göstərən qeyri-maddi və maddi faktorlarını açıqlayıb. O, Vətən müharibəsində qazanılacaq zəfərin ölkə əhalisinin həyat məmnuniyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyini, post-müharibə dövründə xalq-dövlət birliyində strateji kommunikasiyanın doğru qurulmasının bu təsiri daha da möhkəmləndirəcəyini bildirib. Müharibə yekunlaşdıqdan sonra həyat məmnunluğuna və digər sosial göstəricilərə təsirin sorğu əsasında qiymətləndirilməsinin aparılacağını da diqqətə çatdırıb.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, professor Akif Musayev torpaqların işğal olunmasının ölkəyə iqtisadi və sosial təsirlərindən danışıb. Dövlət tərəfindən bu sahədə yaranan problemlərin həlli istiqamətində məqsədyönlü kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Professor A.Musayev Vətən müharibəsindən sonra  azad olunan ərazilərimizin ölkənin iqtisadi inkişafı üçün mühüm mənbələr kimi çıxış edəcəyini deyib.

ABŞ-ın Texas A&M Universitetinin müəllimi Samir Hüseynov əhalinin məmnuniyyətində psixoloji amillərin rolundan danışıb. Müharibədən sonra milli kimliyin formalaşmasının, ədalətin bərpasının sosial və iqtisadi münasibətlərə gözlənilən müsbət təsirlərini açıqlayıb.

Türkiyənin Atatürk Universitetinin professoru Kərəm Karabulut Türkiyənin hər zaman qardaş ölkənin yanında olduğunu, bu qardaşlığın əbədi və sarsılmazlığını iştirakçıların diqqətinə çatdırıb. Əslən Xankəndindən olan türkiyəli alim işğal altında olan Azərbaycan torpaqlarının tezliklə azad olunacağından əminliyini ifadə edərək, həmin ərazilərin iqtisadi inkişaf potensialından danışıb. Bildirib ki, sahib olduğu təbii ehtiyatların miqdarına və keyfiyyətinə görə Qarabağın ölkənin iqtisadi inkişafında əhəmiyyətli payı vardır. Alim öz hesablamasına görə, Qarabağın Azərbaycanın ÜDM-i illik 10 mlrd. ABŞ dolları həcmində artırma potensialına malik olduğu bildirib. Ermənistanın Qarabağda törətdiyi təxribatın Azərbaycana vurduğu zərərin məbləğinin isə təxminən 300-400 mlrd. dollar dəyərində hesablandığını deyib. Alim işğaldan azad olunacaq ərazilərin bərpasının və iqtisadi inkişafının hər iki ölkəyə qazandıracağı töhfələrdən danışıb, Azərbaycanın regionda iqtisadi gücünün əhəmiyyətli dərəcədə artacağını bildirib.

Sonda iştirakçılar aparılan müzakirələrin və tədqiqatların nəticəsinin cəmiyyət üçün faydalı olduğunu, bu cür tədqiqatların davam etdirilməsinin vacibliyini bildiriblər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Tədbirin videoyazısını təqdim edirik:

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay