A

Mühəndislik fakültəsində “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” və “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019/2020-ci illər üçün Tədbirlər Planı”nın icrasının davamı olaraq maarifləndirici tədbir keçirildi.

Dekan vəzifəsini icra edən dos. Elçin Səmədov tədbiri açaraq, sənaye və məişət tullantılarının düzgün  idarə edilməsinin əhəmiyyətini vurğuladı və ekoloji problemlərin qarşısının alınması istiqamətində son vaxtlar respublikada ardıcıl olaraq mühüm addımların atıldığını diqqətə çatdırdı. O, müasir dövrdə tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasının bəşəriyyətin vacib vəzifələrindən biri olduğunu qeyd etdi.

“Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti Adik Məmmədov “Bərk məişət tullantılarının idarə edilməsi və ətraf mühitə təsiri” mövzusunda məruzə ilə çıxış edərək bərk məişət tullantılarının müxtəlif növləri, onların təkrar emalı, yandırılması, çeşidlənməsi və utilizasiyası haqqında ətraflı məlumat verdi.

“Plastik qablaşdırma tullantılarının ətraf mühitə təsiri” mövzusunda çıxış edən “Mühəndislik və tətbiqi elmlər” kafedrasınınbaş müəllimi Qənirə Cabbarova müxtəlif növ plastik qablaşdırma materiallarının təbiəti, təsnifatı, istifadə xüsusiyyətləri, istehlak olunduqdan sonra ətraf mühitə mümkün təsirləri barədə təqdimatla çıxış etdi.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırıldı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay