A

Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Empirik Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Mərkəz rəhbəri i.ü.f.d. Xətai Alıyevin təqdimatında “İşsizlik siyasətində “həyat məmnuniyyəti əsaslı” yanaşmanın tətbiqi imkanları” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun indiki şəraitdə daha aktual olduğuna diqqət çəkərək, Empirik Tədqiqatlar Mərkəzi tərəfindən aparılan araşdırmaların əsasən sosial sorğular nəticəsində həyata keçirildiyini və tədqiqat nəticələrinin beynəlxalq nüfuzlu jurnallarda dərc olunduğunu bildirib.

UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri i.ü.f.d. Xətai Alıyev təqdimatında işsizliklə əlaqəli duyğulara dair anlayışların vacibliyindən, işsizliyin yalnız insanların maddi vəziyyətlərinə deyil, həm də insanların düşüncə və hərəkət tərzlərinə təsirlərindən söz açıb. Azərbaycanda pandemiya dövründə keçirilən sorğuya görə işsizlər arasında həyatdan məmnun olmayanların payının 90%-dən artıq olduğunu, 50%-nin isə hədsiz dərəcədə “qeyri-məmnun” olduğunu vurğulayıb. Əsasən daha həssas qrupların müəyyənləşdirilərək prioritet qruplar halına gətirilməsi ilə bağlı ortaya qoyduğu yeni yanaşmanın beynəlxalq nüfuzlu jurnalda dəyərləndirmə mərhələsində olduğunu vurğulayan Mərkəz rəhbəri müsbət nəticələrin Dövlət Məşğulluq Agentliyi ilə müzakirə oluna biləcəyini seminar iştirakçılarının nəzərinə çatdırıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb və məruzəçi tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Məruzəçi irəli sürülən təklif və tövsiyələrin gələcək araşdırmalarında yer alacağı barədə fikirlər səsləndirib.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin facebook səhifəsindən canlı yayımlanıb.

Seminarı izləyə bilərsiniz

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay