A

 *

Hər hansı dövləti, xalqı dünyada tanıtdıran əsas sahələrdən biri də idmandır. İdman və bədən tərbiyəsi sağlamlıq, gümrahlıq mənbəyidir. Sevindirici haldır ki, ölkəmizdə idman günü-gündən inkişaf etməkdədir. Bu gün Azərbaycan dünyanın əsas idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizin 2015-ci ildə I Avropa Oyunlarına, bu il IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 yarışlarına və digər mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizdə idmanın və bədən tərbiyəsinin kütləviliyindən, həmçinin beynəlxalq aləmdə bizə göstərilən etimaddan xəbər verir.

Respublikamızda minlərlə uşaq və yeniyetmə tanınmış idmançılarımızı, Olimpiya, dünya və Avropa çempionlarını özlərinə kumir seçərək müxtəlif idman növlərinin sirlərinə yiyələnirlər. Təbii ki, idman və bədən tərbiyəsinin kütləviləşməsində klublar qədər orta və ali təhsil məktəblərinin də böyük payı var. Belə təhsil ocaqlarından biri də Azərbaycan Dövlət İqtisad Universitetidir. Əsası 1930-cu ildə qoyulan Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsidir. Hazırda bu ali təhsil ocağında 9 fakültə fəaliyyət göstərir. Həmin fakültələrdə, ümumilikdə, 21 ixtisas üzrə 18 mindən çox tələbə təhsil alır.

Əldə olunan nailiyyətlərin arxasında uzun illər, gərgin zəhmət dayanır.

Azərbaycanda idmana dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı sözügedən ali təhsil müəssisəsinin idman həyatına da əhəmiyyətli təsir göstərib. Belə ki, burada tələbələrin və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirilir, müvafiq maddi-texniki baza yaradılır. Universitetin ikinci tədris binasında yerli və beynəlxalq yarışların keçirilməsi üçün tələb olunan ən müasir standartlara uyğun voleybol və basketbol zalı, dördüncü tədris binasında isə əl oyunları zalı, trenajor zalı fəaliyyət göstərir. Universitet nəinki təhsil, idman sahəsində də, digər ali məktəblər arasında fərqlənir. Digər ali təhsil müəssisələri kimi UNEC-də idman kafedraları idman klubları ilə əvəz olunub. Klublarda idmana həvəsi olan onlarla, yüzlərlə tələbə gənc məşğul olur.

Bəs görəsən, haqqında sözü gedən ali məktəbdə məşqlər necə keçirilir? Məşqçi-müəllimlər və idmançı-tələbələr dərsin keyfiyyətindən razıdırlarmı? Universitetin komandaları spartakiada və universiadalarda hansı nəticələri əldə edirlər? Bu suallara cavab tapmaq və ümumiyyətlə, universitetin idman həyatı ilə yaxından tanış olmaq məqsədilə elm ocağının idman klubuna üz tutduq.

Klubun rəhbəri Mahmud Mustafayev qazanılan uğurları yüksək qiymətləndirdi. Onun fikrincə, əldə olunan nailiyyətlər uzun illərin nəticəsidir: "Kluba bir ildir ki, rəhbərlik edirəm. Bu günə qədər uğurlarımız çox olub. Bu bir və iki ilin söhbəti deyil. Əldə olunan nailiyyətlərin arxasında uzun illər, gərgin zəhmət dayanır. Bir idman kollektivi kimi çalışırıq ki, keçirilən tədbirlərdə yaxşı nəticələr göstərək. Universitetimiz keçən il təşkil olunan Tələbələrin XIII Universiadasında komanda hesabında 24 ali məktəb arasında 3-cü yeri tutub. Həmin yarışda şahmat komandamız kişilər arasında birinci, kişi və qadınlardan ibarət badminton komandamız isə ikinci yerə sahib olub. Üçüncü yerə kişilərdən ibarət velosiped və voleybol komandamız layiq görülüb”.

Əsas məsələ tələbələr arasında kütləviliyin təmin olunmasıdır.

Mahmud Mustafayev ölkənin ali təhsil müəssisələrində idman kafedralarının klublarla əvəz olunmasında da münasibət bildirdi. O qeyd etdi ki, edilən dəyişikliklər günün tələbidir. "Əksər inkişaf etmiş ölkələrin universitetlərində artıq idman kafedraları idman klubları ilə əvəz olunub. Düşünürəm ki, bu, çox düzgün addımdır. Belə olduqda, asudə vaxtın daha səmərəli təşkili və tələbələrin idmanla daha yaxından məşğul olmaları üçün yaxşı imkan yaranır. Əsas məsələ isə, təbii ki, idman və bədən tərbiyəsinin tələbələr arasında kütləviliyinin təmin olunmasıdır. Klubların yaradılması məhz bu məqsədə xidmət edir”, - deyə Mahmud müəllim bildirdi.

Avropanın əksər sənaye və təhsil müəssisələrində Həmkarlar Təşkilatı fəaliyyət göstərir. Onların əsas fəaliyyəti sahibkarlarla işçilər arasında, müəllimlərlə tələbələr arasında münasibətləri nizama salmaqdan ibarətdir. Elə İqtisad Universitetində də tələbələrin hüquqlarını müdafiə edən, onların qayğılarına qalan, problemləri ilə maraqlanan Tələbə Həmkarlar Təşkilatı (THT) və Tələbə Gənclər Təşkilatı (TGT) fəaliyyət göstərir. Bu təşkilatların əsas məqsədlərindən biri də məhz tələbə idman həyatının inkişafına dəstək olmaqdır. Müsahibimizin sözlərinə görə, kafedralar klublarla əvəz olunduqdan sonra tələbələrin idmana cəlb olunmasında Tələbə Həmkarlar Təşkilatının və Tələbə Gənclər Təşkilatının xüsusi ilə böyük rolu olub. Hər iki qurum həm yarışların keçirilməsində, həm idmanın təbliğində yaxından iştirak edirlər.

Söhbətimiz zamanı Mahmud müəllim ötən illər ərzində qazanılan uğurlar barədə də məlumat verdi. Onun sözlərinə görə, 2014-cü ildə Ədalət Muradov rektor seçildikdən sonra universitetin idman həyatında xüsusi bir canlanma başlayıb: "2014-cü ildə voleybol üzrə keçirilən respublika çempionatında qadınlardan ibarət komandamız ən yüksək nəticəni əldə edib. 2015-ci ildə keçirilən universiadada da tələbə idmançılarımız 16 komanda arasında fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. 2016-cı ildə təşkil olunan universiada yarışlarında isə velosiped komandamız beşinci yeri tutub. Bundan başqa, 2017-ci ilin aprelində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə üzrə idman yarışında fəal iştirakına görə komandamız fəxri fərmanla təltif olunub. Qeyd edim ki, müəllimlərimiz də yarışlarda uğurla çıxış edirlər. 2015-2016-cı tədris illərində ali məktəb müəllimləri arasında keçirilən voleybol üzrə respublika çempionatında kollektivimiz 12 komanda arasında fəxri kürsünün ən yüksək pilləsində yer alıb”. İqtisad Universitetinin idman komandası buyaxınlarda növbəti uğuruna imza atıb. Belə ki, noyabrın 17-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Respublika Universiadasında universitetin badminton komandası (oğlanlar və qızlar) II yerə layiq görülüb. Həmin yarışda universitetimizin badminton üzrə məşqçi-müəllimi Kənan Rzayev cütlüklərin yarışında ikinci, şəxsi yarışlarda isə üçüncü nəticə göstərib. Tələbələr arasında keçirilən şəxsi yarışlarda əmtəəşünaslıq fakültəsinin II kurs tələbəsi Anna Jeleznyak III yeri tutub.

Universitetimizin tələbələri arasında şahmat idman növünə böyük həvəs var.

Universitetdə şahmat və dama idman növlərinə xüsusilə böyük maraq vardır. Mahmud müəllim bizimlə söhbətində qeyd etdi ki, hər il şahmat üzrə keçirilən ənənəvi yarışlarda universitetin komandası uğurlu nəticələr əldə edir ki, bu da intellektli gənclərin yetişməsi deməkdir. Klub rəhbərinin sözlərinə görə, tələbələrin şahmata olan həvəsi onların zehni qabiliyyətini çox inkişaf etdirir: "Universitetimizin tələbələri arasında şahmat idman növünə böyük həvəs var. Bu idman növü üzrə əldə olunan nəticələr bizi çox sevindirir. Şahmat komandamız 2014-cü ildə keçirilən universiadada birinci, 2015-ci ildə ikinci, 2016 və 2017-ci illərdə isə yenə birinci olublar. Dama üzrə isə bu il təşkil olunan universiadada komandamız üçüncü yerə layiq görülüb. Klubumuzda şahmat üzrə bir sıra tədbirlər planı hazırlanıb və gündəlik məşğələlər keçirilir. Bildiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan tələbələr riyaziyyatı, məntiqi daha çox sevirlər və onların zehni qabiliyyətləri daha yaxşı inkişaf edir”.

Müsahibimizin sözlərinə görə, müəyyən yarışların final mərhələsində Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası ilə rəqabət aparıb və bir çox hallarda qalib də gəlib. Bu amil universitetdə idman və bədən tərbiyəsinə diqqət və qayğıdan, tələbələr arasında bu sahəyə maraqdan irəli gəlir. Tələbə idmançıların əldə etdikləri uğurlar da bunu deməyə əsas verir.

Tələbələrin yay tətilini səmərəli keçirməsi də son dərəcə vacib məsələlərdən biridir. Gənclər yay aylarında istirahət etməklə yanaşı, fiziki sağlamlıqlarının da qeydinə qalmalıdırlar. Söhbətimiz zamanı təcrübəli mütəxəssis də bunu təsdiq etdi və bildirdi ki, universitetin respublikamızın ən dilbər guşələrindən biri olan Qubanın 2-ci Nügədi kəndində idman və sağlamlıq kompleksi vardır. Kompleks 6 hektar ərazini əhatə edir. Mahmud Mustafayevin verdiyi məlumata əsasən, universitet kollektivi hər yay öz istirahətini burada keçirir: "Müəllim və tələbələr üç aylıq istirahət müddətindən məqsədyönlü və səmərəli istifadə etməyi bacarmalıdırlar. Bu müddət ərzində onlar istirahət etməklə yanaşı, həm bilik səviyyələrini, həm də fiziki hazırlıqlarını artırmağa çalışırlar. Artıq bir neçə ildir ki, kollektivimiz üçün belə bir imkan yaradılıb. Nügədidə quraşdırılan idman avadanlıqları da bütün müasir standartlara cavab verir. Kompleksdə futbol, voleybol, basketbol, həndbol, tennis meydançaları, fitnes, trenajor zalı, üzgüçülük hovuzu və başqa idman qurğuları istifadəyə verilib. Kollektivimizin üzvləri yayda idman və sağlamlıq kompleksində gözəl istirahət edir və idmanla məşğul olurlar”.

Yuxarıda da qeyd etdiyimiz kimi, Mahmud Mustafayev kluba bir ildir ki, rəhbərlik edir. Mahmud müəllim bizimlə söhbətində bildirdi ki, işə başladığı ilk gündən etibarən universitetin idman kollektivi arasında sağlam mühiti təmin etməyə çalışıb. Onun fikrincə, hər bir uğurun arxasında ilk öncə sağlam mühit, humanizm prinsipləri dayanır: "İdman mədəniyyətin bir parçasıdır və mədəniyyətin də əsas prinsiplərindən biri də heç kimin haqqına girməmək, dürüstlük, humanist olmaqdır. Universitetimizin kollektivi biri-birinə çox mehribandır. Əgər yarışlarda hakimlərdən humanistlik, ədalət tələb ediriksə, ilk növbədə özümüz də tələbə-idmançılara qarşı humanist, ədalətli olmalıyıq. Tələbə gənclərin savadlı olmaları, gələcəkdə vətənə, dövlətə şərəflə xidmət etmələri üçün onlara düzgün istiqamət verməyə çalışırıq”.

"İstedadlı tələbə həm təhsildə, həm də idmanda nailiyyət qazana bilər”

Müşahidələr göstərir ki, bütün elm də təhsil ocaqlarında şagird və tələbələr idmandan daha çox təhsilə diqqət yetirirlər. Bəzən tələbələrin təhsilə daha çox meylli olmaları onların idmandan yayınmalarına səbəb olur. Şübhəsiz ki, sağlamlıq da təhsil qədər vacibdir. Müsahibimizin sözlərinə görə, gənc nəsil istədiyi təqdirdə elmə də, idmana da paralel şəkildə vaxt ayıra bilər. Burada hər şey fərdin özündən asılıdır: "İstedadı tələbə həm təhsildə, həm də idmanda nailiyyət qazana bilər. Əsas odur ki, həvəs olsun. Universitetdə məşqlər könüllülük prinsipi əsasında aparılır. Tələbələr məşqlərə yazılmazdan əvvəl onlara təqdim olunan anketi doldururlar. Həmin anketdə onlar özləri haqqında məlumat verməklə yanaşı, mövcud şəraitə uyğun məşğul olmaq istədikləri növü də göstərirlər. Beləliklə, onların konkret olaraq hansı idman növünə maraq göstərmələri bəlli olur”.

Bu bir həqiqətdir ki, hər bir təhsil və idman ocağı ilk növbədə öz yetirmələri ilə sayılıb, seçilir. Universitetdə idmana olan diqqət və qayğı idman sahəsində ilbəil artmaqda olan uğurlarda özünü büruzə verir. İqtisad Universitetinin minifutbol üzrə komandası respublika universiadasının qalibi, eləcə də, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan turnirin ilk qalibidir. Ali təhsil ocağının tələbələri və məzunları arasında dünya və Avropa çempionları, beynəlxalq idman ictimaiyyəti tərəfindən tanınan idmançılar çoxdur. Mahmud müəllim universitet kollektivinin onların hər biri ilə qürur duyduğunu dedi: "Yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov, cüdo üzrə Avropa çempionu və Rio-2016 Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov, gənclərdən ibarət qadın voleybolu üzrə yığma komandamızın üzvləri İndira Abdullayeva və Firuzə Dürüstkarini, cüdo üzrə respublika çempionu Qabil Qurbanov, İlqar Ağarəhimov, Kənan Nağıyev, şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysterlər Şəhriyar Məmmədyarov, Eltac Səfərli və digərləri məhz bizim universitetin məzunlarıdır. Onu da deyim ki, Şəhriyar Məmmədyarov 2010-cu ildə Moskvada keçirilən "Tal Memorial”ının, Eltac Səfərli Sankt-Peterburqda təşkil olunan "Çiqorin Memorail”ının, qadın şahmatçımız Fidan Ağasıyeva isə Türkiyədə təşkil olunan türkdilli ölkələrin ali məktəbləri arasında şahmat olimpiadasının qalib olublar. Biz onların hər biri ilə fəxr edirik və çox sevinirik ki, bizim ölkəmizi beynəlxalq idman aləmində layiqincə təmsil edən məzunlarımız var. Onlar indiki tələbələrə nümunədir”.

"Klubumuzda stolüstü tennis növü ilə məşğul olan oğlanların sayı qızların sayından daha çoxdur”

Qürur duyduğumuz idmançı tələbələrimizdən biri də Türk Dünyası İşlətmə fakültəsinin tələbəsi Fəridə Əliyevadır. O, idmanın karate-do növü uzrə məşğul olur. İdmançımız 2013-ci ildə keçirilən dünya çempionatında bürünc medala layiq görülüb. Bu il ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında isə fəxri kürsünün 2-ci pilləsində yer alıb. Bu il İspaniyada keçirilən dünya çempionatında da Fəridə Əliyeva üçüncü yerə layiq görülüb. Təbii ki, bu uğurlar hər birimizi sevindirir və gələcəkdə yeni uğurlar əldə etməyə ruhlandırır”.

Klub müdiri ilə söhbətdən sonra universitetin idman müəllimlərindən bizi maraqlandıran suallar ətrafında fikirlərini öyrəndik. Stolüstü tennis üzrə məşqçi Aygün İsmayılova qazanılan uğurları yüksək qiymətləndirdi: "Universitetimizin idman ənənələri çox zəngindir. Son illər bu sahədə xüsusi ilə böyük canlanma hiss olunur. Bu da universitet rəhbərliyinin və klub müdirinin idmana göstərdikləri diqqət və qayğının nəticəsdir. Komandamız keçən il 24 komanda arasında keçirilən yarışda beşinci oldu. Bu da kifayət qədər yaxşı nəticədir. Hər ay fakültələrarası daxili yarışlar keçiririk ki, həmin yarışlarda daha çox iqtisadiyyat fakültəsi və Rus İqtisad Məktəbinin tələbələri fəallıq göstərirlər. Onu da deyim ki, klubumuzda stolüstü tennis növü ilə məşğul olan oğlanların sayı qızların sayından daha çoxdur”.

Futbol dünyada ən populyar idman növlərindən biridir. Bu idman növü ölkəmizdə də inkişaf etməkdədir. İqtisad Universitetinin tələbələri futbolu çox sevirlər. Futbol üzrə məşqçilərdən biri Tofiq Məmmədov bizimlə söhbətində bildirdi ki, gənclərin hansı idman növü ilə məşğul olması o qədər də vacib deyil, əsas məsələ odur ki, onlar fiziki cəhətdən möhkəm olsunlar və idmana biganə yanaşmasınlar. "Bu gün bütün idman müəllimlərinin, məşqçilərin qarşısında duran prioritet məsələlərdən ən əsası sağlam gənclik yetişdirməkdir. İdman sağlamlıqdır. İdmanla peşəkar şəkildə məşğul olmaq şərt deyil. Amma yaxşı olar ki, hər bir yeniyetmə və gənc həvəskar şəkildə də olsa müxtəlif bölmələrə yazılsın. Bizim əsas vəzifəmiz yeniyetmə və gənclər arasında idmanı təbliğ emək, kütləviləşdirməkdir. Azərbaycan idman ölkəsidir və bunu təmsilçilərimiz beynəlxalq arenada yüksək nailiyyətlər qazanmaqla sübut edirlər. Tələbə gənclərimiz gələcəyin qurucusudurlar və onların sağlam olması mütləqdir”.

Voleybol üzrə məşqçi Səyavuş Axundov isə belə hesab edir ki, idmanda əldə olunan nailiyyətlər hər şeydən əvvəl ölkənin dünyada tanınmasına şərait yaradır. Onun fikrincə, məhz ölkəni, vətəni layiqincə təmsil etmək üçün idmanla məşğul olmaq əsas şərtdir. Məşqçi onu da dedi ki, xüsusilə kollektiv idman növləri ilə məşğul olmaq yeniyetmə və gənclər üçün daha faydalıdır. Bu, həm sağlamlıqdır, həm də gənclərə kollektiv mübarizəni aşılayır.

Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, Azərbaycan Dövlət İqtisad Universitetininn tələbələri arasında idmana kifayət qədər böyük maraq göstərilir. Əldə olunan nəticələr və uğurlar bunu deməyə əsas verir. Universitet və idman klubunun kollektivi qazanılan uğurlara görə sevinir və fərəhlənir. Yəqin ki, hələ uzun illər bu elm ocağında Olimpiya çempionu Fərid Mansurovun, tanınmış şahmatçımız Şəhriyar Məmmədyarovun və digər titullu idmançıların davamçıları yetişəcək və dünya arenalarında qürurla üçrəngli bayrağımızı dalğalandıracaqlar.

 
Kənan Novruzov

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay