A

Azərbaycan Texniki Universitetinin İdman zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə II respublika birinciliyinin final mərhələsi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini, Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) İcraiyyə komitəsinin üzvü Firudin Qurbanov, AFFA-nın vitse prezidenti Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse prezidenti Xəzər İsayev və ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Finalda Azərbaycan Texniki Universiteti ilə UNEC komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda Azərbaycan Texniki Universiteti 2:1 hesabı ilə yarışın qalibi olub. UNEC komandası II yerlə kifayətlənməli olub. Bakı Dövlət Universitetinin komandası isə III yerdə qərarlaşıb.

Daha sonra komandalar mükafatlandırılıb. Birinci yerin sahibi 3 min, ikinci yerin sahibi 2 min, üçüncü yerin sahibi isə 1500 manat dəyərində pul mükafatı, kubok və medallarla təltif olunublar. Həmçinin əsas oyunu idarə edən hakimlər, eləcə də fərqlənən iştirakçılar 5 nominasiya üzrə qiymətləndirilib.

Qeyd edək ki, yarışların qrup mərhələsində ümumilikdə 31 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib. Komandalardan 21-i Bakı şəhərini, 10-u isə regionları təmsil edib.

6 qrupa bölünərək mübarizə aparan komandaların oyunları Milli olimpiya komandalarının təlim-məşq bazasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin, Göygöl rayon Olimpiya İdman Kompleksinin idman zallarında keçirilib.

Qrup mərhələsi üzrə 51 oyun keçirilib.

Birincilik Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Futzal Federasiyasının dəstəyi ilə keçirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay