A

UNEC-in 90 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində universitetin rəhmətə getmiş alim və əməkdaşlarının əziz xatirəsinin yad edilməsi məqsədilə materiallar təqdim olunur. İlk yazı AMEA-nın müxbir üzvü, professor Teymur Süleyman oğlu Vəliyevə həsr olunur.

Azərbaycan öz tarixinin ən şanlı, şərəfli illərini yaşayır. Belə bir şəraitdə, xalqımızın qəlbində özünə möhtəşəm bir abidə ucaltmış görkəmli alim, pedaqoq, böyük vətəndaş, gözəl insan, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Teymur Süleyman oğlu Vəliyevi respublika ictimaiyyəti əvəzsiz elm və təhsil təşkilatçısı, ali məktəb qurucusu, ali təhsilli mütəxəssislər, eləcə də elmi kadrlar hazırlanması sahəsində görkəmli xidmətləri olan bir şəxsiyyət kimi tanıyır, sevir və böyük hörmətlə yad edir.

Teymur Vəliyev 1926-cı ildə Ağdam şəhərində anadan olmuş və burada orta təhsil almışdır. 1947-1951-ci illərdə Karl Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun tələbəsi olmuş, bu ali məktəbi Fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada saxlanılmışdır. Azərbaycanda iqtisad elminin inkişafında əvəzsiz xidmətləri olan professor Teymur Vəliyev bir çox fundamental əsərlərin, iqtisadi nəzəriyyə sahəsində hazırlanmış dərsliklərin, elmi jurnalların, məqalələrin və tezislərin müəllifidir. Onun bu əsərləri respublikada ali təhsilli mütəxəssislərin bir neçə nəslinin yetişməsində, eləcə də iqtisadiyyat sahəsində elmi kadrların hazırlanmasında böyük rol oynamışdır.

İqtisad elminə vicdanla xidmət etmiş bu görkəmli alim böyük nəzəri irs qoyub getmişdir. Teymur Vəliyev 1951-1954-cü illərdə “Sosializmin əsas iqtisadi qanununun fəaliyyətinin təzahürü (Azərbaycan SSR-i timsalinda)” adli namizədlik dissertasiyası üzərində çalışaraq 1955-ci ildə müvəffəqiyyətlə müdafiə etdi. O illərdə sosializmin əsas iqtisadi qanununun fəaliyyətinin öyrənilməsi və tədqiqi dissertantdan  cəsarət və dərin bilik tələb edirdi. Əsas iqtisadi qanunun sistemləşdirici funksiyasının tədqiqi, bu qanunun digər qanunlarla qarşılıqlı əlaqəsinin işlənməsi və əsasən də onun fəaliyyətinin regionda təzahür xüsusiyyətlərinin aşkar edilməsi gənc tədqiqatçının böyük zəhmətinin nəticəsi idi.

Teymur Vəliyevin tətqiq etdiyi elmi-nəzəri problemlərdən biri o zamankı respublikaların iqtisadi inkişaf səviyyələrinin tarazlaşması qanunauyğunluğu olmuşdur. Xalqımızın, respublikamızın sosial-iqtisadi həyatı, ümumi mənafeyi baxımından çox faydalı və mühüm əhəmiyyət kəsb edən bu problemlərin tədqiqinə həsr olunmuş doktorluq dissertasiyası 1966-cı ildə müvəffəqiyyətlə müdafiə olunduqdan sonra bu görkəmli alimin fundamental əsəri olan “Sovet respublikalarının iqtisadi inkişaf səviyyəsinin tarazlaşması qanunauyğunluqları” adlı monoqrafiyası işıq üzü gördü. Bir neçə ildən sonra SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi həmin əsəri rus dilində dərs vəsaiti kimi nəşr olunması barədə qərar qəbul etdi.

İnzibati amirlik sistemindən bazar iqtisadiyyatına qədəm qoymuş Azərbaycanın keçid iqtisadiyyatının problemləri professor Teymur Vəliyevin elmi tədqiqatında mühüm yerlərdən birini tutur. O, ötən əsrin 90-cı illərində iqtisadiyyatın sahə və sferaları arasında inteqrativ və funksional əlaqələrin kəsildiyi, sistemsizlik böhranının bütün məziyətləri, bütün xüsusiyətləri ilə birlikdə təzahürünü özündə ehtiva etdiyi keçid dövrünün tədqiqinə həsr olunmuş bir sıra elmi nəzəri məqalələr çap etdirmişdir. Teymur Vəliyevin “Keçid dövrü iqtisadiyyatın inkişaf konsepsiyalarının əsasları”,”Azərbaycanın iqtisadi inkişafının obyektiv yönümü”, “Sağlam milli iqtisadiyyat problemi və siyasət” adlı məqalələri o dövrdə böyük aktuallıq kəsb etməklə yanaşı, nəzəri və praktiki baxımdan böyük əhəmiyyət kəsb edirdi.

Müstəqilliyini bərpa etdikdən sonra özünün siyasi və iqtisadi quruluşunu dəyişən, iqtisadiyyatın bütün sahələrində islahatlar aparan Azərbaycan bütün bu dəyişiklikləri müharibə şəraitində apardığından respublika analoqu olmayan bir dövrdə yaşayırdı. Teymur Vəliyev isə son dərəcə çətin və mürəkkəb dövrü tədqiq edən iqtisadçı alimlərin içərisində ön sıralarda gedənlərdən idi.

Bazar iqtisadiyyatına keçidin bütün mərhələlərini dərindən öyrənməyə çalışan bu görkəmli alim yorulmaq bilmədən o dövrün ən mürəkkəb problemlərini tədqiq etməyə çalışırdı. “Geniş bazar münasibətlərinə keçid”, “Bazar münasibətlərini reallaşdırmaq yolunda”,  “Real bazara keçidin problemləri”, “Bazar iqtisadiyyatına doğru”, “Bazar iqtisadiyyatının formalaşmasında sahibkarlıq fəaliyyətinin yeri və rolu” adlı elmi işləri ilə professor Teymur Vəliyev yeni, tarixi bir dövrdə üzərinə düşən vəzifəni şərəflə və ləyaqətlə yerinə yetirmiş, milli iqtisad elminə vicdanla xidmət etdiyini bir daha sübut etmişdir. Bu çətin və mürəkkəb dövrü tədqiq edən görkəmli alim dünya təcrübəsini öyrənərək Azərbaycanda bazar iqtisadiyyatının hansı modelinin tətbiqinin mümkün olduğunu göstərə bilmişdir.

Teymur Vəliyevin elmi-tədqiqat istiqamətlərində istehsal münasibətləri, mülkiyyət kateqoriyası onun formaları, reallaşdırılması, obyekt və subyekt kimi ciddi məsələlər də mühüm yerlərdən birini tutmuşdur. Subordinasiyaya görə, məhz mövcud mülkiyyət forması ona adekvat olan istehsal münasibətlərinin özəyini, məğzini əsasını təşkil edir. Məhz o, iqtisadi və sosial inkişafa dinamik qüvvə kimi katalizator gücü verir. Bütöv bir sistem halında hərəkətdə olan istehsal münasibətlərinin komponentləri qarma-qarışıq şəkildə fəaliyyət göstərmir. Mövcud istehsal münasibətləri sistemi və onun funksional hərəkəti onu təşkil edən komponentlərinin inteqrativ fəaliyyətinin nəticəsidir. Teymur Vəliyev bu məsələni yeni elmi sistem yanaşması metodologiyası və subordinasiya baxımından araşdırmış, düzgün elmi nətcələrə gəlmişdir. Bu problemin aktuallığı müstəqil Azərbaycan Respublikasında yeni iqtisadi sistemin bərqərar olunduğu, azad iqtisadiyyatı yaradıldığı, dövlət mülkiyyətinin özəlləşdirildiyi bir zamanda xüsusi ilə artmış, bununla əlaqədər onun bu məsələyə həsr edilmiş bir sıra elmi məqalələri çapdan çıxmışdır. Onlar xüsusi elmi və praktik maraq doğurur.

Teymur Vəliyevin elmi tədqiqatlarında mühüm məsələlərdən biri xalqımızın iqtisadi  fikir tarixinin obyektiv araşdırılması, işıqlandırılması olmuşdur.O, hımin sahədə tarixdə görkəmli, ümumbəşəri dəyərləri ilə məhşur olan mütəfəkkirlərimizin ölməz əsərlərində ifadə olunan iqtisadi fikirləri üzə çıxarmaq, xalqımıza çatdırmaq və təbliğ etmək kimi nəcib elmi məqsəd naminə fəaliyyət göstərmişdir.

Teymur Vəliyevi elmi fəaliyyətinin istiqamətlərindən biri iqtisadiyyat üzrə dərsliklər, dərs vəsaitlər hazırlanması, proqramların Azərbaycan dilinə tərcümələrinə elmi redaktorluq etməsidir. Azərbaycan yeni iqtisadi sistemə keçdikdən sonra iqtisadi nəzəriyyə fənni sahəsində müasir tələblərə cavab verə bilən vəsair yox idi. Teymur Vəliyevin rəhbərliyi altında Azərbaycan iqtisadçıları 42 çap vərəqi həcmində iqtisadi nəzəriyyə dərsliyini hazırladılar. 1999-cu ildə nəşr edilmiş bu dərslik müasir elmi-nəzəri metodologiya üzrə tələbələrimiz üçün çox qiymətli bir töhfədir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Teymur Vəliyev bir çox  beynəlxalq simpoziumlarda, İttifaq miqyaslı elmi konfranslarda, elmi forumlarda iqtisadi nəzəri və praktik problemlərə dair məruzələr və çıxışlar etmişdir. O, Çexiyada, Slovakiyada, Daimarkada,İtaliyada,Fransada, Türkiyədə, habelə sabiq SSRİ-nin bir çox respublikalarında Azərbaycan iqtisad elmini layiqincə, şərəflə təmsil etmişdir.

Teymur Vəliyev elmi-pedaqoji kadrların hazırlanmasında böyük qüvvə sərf etmişdir. Bilavasitə onun elmi rəbərliyi altında 19 aspirant namizədlik dissertasiyası yazmış və müvəffəqiyyətlə müdafiə etmişdir. O, iqtisad elmləri üzrə doktorluq dissertasiyaların hazırlanması və müdafiəsi üçün də dəyərli məsləhət vermək işində əlindən gələn köməyi əsirgəməmişdir. İqtisad elmləri üzrə 15 doktorluq, 17 namizədlik dissertasiyalarına rəsmi opponentlik etmişdir.

Teymur Vəliyev təcrübəli, həmişə təşəbbüskar ali məktəb təşkilatçısı kimi tanınmışdır. Qiyabi Pedaqoji institutda işlədiyi zaman “İctimai elmlər” kafedrasında siyasi iqtisad bölməsinin rəhbəri, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan olmuşdur.

1966-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu yenidən təşkil olunarkən Tədris işləri üzrə prorektor kimi İnstitutun Tədris sisteminin formalaşmasında, nizama salnınmasında yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir.

1971-ci ildən Azərbaycan Dövlət Universitetində 20 ildən şox kafedra müdiri və 12 il Tədris işləri üzrə prorektor, Azərbaycan Dövlət İqtisad İnstitutunda 8 il elm və texnika üzrə prorektor vəzifələrində müvəffəqiyyətlə çalışmışdır. Burada işləyərkən iqtisadiyyat üzrə nəzəri və praktik səciyyəli jurnalın təsis edilməsinə, institutda ixtisaslaşdırılmış müdafiə şuralarının yaradılmasına nail olmuşdur. Teymur Vəliyev keçmiş İttifaqın ictimai həyatında elm, təhsil, təlim, tərbiyə sahəsində fəallıq, səriştəlik, qabiliyyət və bacarıq göstərmişdir. O, 1972-ci ildən 1987-ci ilədək “Ekonomiçeskiye nauki” jurnalının redaksiya heyətinin üzvü, SSRİ Ali və Orta ixtisas Təhsili Nazirliyinin Ali Attestasiya komissiyasının siyasi iqtisad üzrə ekspert şurasının üzvü olmuşdur.

Professor Teymur Vəliyev 25 ildən artıq Mərkəzi Komitənin ştatdan kənar mühazirəçisi, bir neçə namizədlik və doktorluq dissertasiyalarının ixtisaslaşdırılmış müdafiə şurasının sədri olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Teymur Vəliyev iqtisad elminin inkişafında, yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında, təhsil-təlim sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fərmanlarına layiq görülmüşdür. 1981-ci ildə ona “Əməkdar elm xadimi” fəxri adı verilmiş, 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

Teymur Vəliyev həm də böyük pedaqoq idi. Hələ tələbə ikən məni heyrətə salan  Teymur müəllimin siyasi iqtisad  fənni üzrə bizə dediyi dərin məzmunlu mühazirələr və onun natiqlik məharəti idi.

Teymur müəllim ömrü boyu tələbələrinə və yetişdirdiyi elmi-pedaqoji kadrlara vicdanlı və şərəfli yaşamaq yollarını göstərməklə yanaşı, onlara təmizlik və paklıq, düzlük və həqiqət, mübarizlik və mərdlik dərsi keçmişdir. Şəxsiyyətinə dərin hörmət bəslədiyimiz bu bənzərsiz insanın fikri və əməlləri həmişə biri-birinə uyğun gəlmişdir.

Teymur müəllim bizi həmişə səmimi olmağa çağırırdı. İlk əvvəl mən səmimiyyət sözünün belə tez-tez işlədilməsinin səbəbini başa düşmürdüm. Lakin sonralar, yaşa dolduqca daha dərindən dərd edirdim ki, tez-tez və həmişə yerində bu sözü işlədən müəllimim bizə səmimiyyət dərsi keçirmiş.

Teymur Vəliyev Azərbaycanı ürəkdən sevən, sözün əsl mənasında vətənpərvər bir şəxs idi. Dağlıq Qarabağın iqtisadiyyatı ilə bağlı 1988-ci ilin aprel ayında Respublikada keçirilən ilk konfransın həm təşəbbüskarı, həm də təşkilatçısı Teymur müəllim idi. Dağlıq Qarabağ hadisələri başlandığı ilk gündən onun bir alim kimi, xalqını və vətənini böyük məhəbbətlə sevən biü insan kimi fəaliyyəti yetişdirdiyi və tərbiyə etdiyi bizlər üçün əsl vətənpərvərlik məktəbi idi.

Bu gün Müstəqil Azərbaycanın ali məktəblərində görkəmli şəxsiyyətlərin dediyi “Yaxşı nəzəriyyə praktikanın yolunu daha gur işıqlandırır” fikrini ifadə etdikdə gözlərimiz qarşısında Teymur Vəliyevin işıqlı siması canlanır. Böyük ingilis alimi Bekonun “Metod yolçunun yolunu işıqlandıran fənərə bənzər” fikrini səsləndirdikdə görkəmli nəzəriyyəçi alim, böyük metodist Teymur Vəliyevin ölməz siması canlanır. Xalqına və Vətəninə ucalıq gətirən müdrik, Vətən qeyrətli, sözü bütöv, cəsarətli, sədaqətli, səmimi insan olan Teymur Vəliyevin xalqının qəlbində ucaltdığı məhəbbət abidəsi günlər keçdikcə, illər ötdükcə, daha möhtəşəm, daha qüdrətli, daha əzəmətli görünür.

Nəbiyev Rasim
UNEC “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının professoru

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay