A

UNEC-in 90 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində universitetin rəhmətə getmiş alim və əməkdaşlarının əziz xatirəsinin yad edilməsi məqsədilə onların həyat və fəaliyyətləri barədə materiallar təqdim olunur. Budəfəki yazı istedadlı alim, nüfuzlu pedaqoq,  professor Tofiq Əvəz oğlu Quliyevə həsr olunur.

Quliyev Tofiq Əvəz oğlu 5 yanvar 1935-ci ildə Ağdam rayonunda anadan olub. 1953-cü ildə Ağdam rayonu Xındırıstan orta məktəbi bitirib, həmin ili K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1957-ci ildə həmin institutu Sənayenin iqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda mühəndis-iqtisadçı, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Sənaye-təmir idarəsində baş iqtisadçı, 1964-cü ildə Azərbaycan SSRİ ali və orta ixtisas Təhsil Komitəsi ali məktəblər idarəsinin baş inspektoru, 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş müəllim və dosent, sonrakı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent, professor, kafedra müdiri (1970-ci ildən) vəzifələrində çalışıb. Xalq Təsərrüfatı İnstitutu Azərbaycan Dövlət İqtisad Universitetinə çevrildikdən sonra da eyni vəzifəni tutub.

1960-1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun "Əməyin iqtisadiyyatı" kafedrasının əyani aspirantı olan T.Quliyev Azərbaycanda ən gənc elmlər doktoru elmi dərəcəsini alan alimlərimizdədir. O, 1963-cü ildə orada namizədlik dissertasiyasını, 1968-ci ildə 33 yaşında doktorluq dissertasiyasını müdafiə edib.

1992-ci ildə Əməkdar Elm Xadimi adına layiq görülüb. "Şöhrət" ordeni ilə təltif edilib. Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert şurasının üzvü kimi fəaliyyət göstərib. 1990-1998-ci illərdə Beynəlxalq iqtisadçılar ittifaqının rəyasət heyətinin üzvü olub. 2010-cu ildə "Qızıl qələm" mükafatına layiq görülüb.

Qeyd edək ki, professor Tofiq Quliyev dünya elmi ictimayəti tərəfindən yaxşı tanınan azsaylı alimlərimizdən biridir. Bu da təsədüfi deyil. Məsələ ondadır ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru T.Ə.Quliyev dünya əmək sahəsində ən güclü mütəxəssislərdən biri hesab olunur. Onun Moskvanın ən nüfuzlu nəşriyyatlarında dərc edilən bu kitabları və monoqrafiyaları dünyanın məhşur kitabxanalarının rəflərini bəzəməkdədir. Dünyanın 30-dan çox ölkəsində, o cümlədən nüfuzlu Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilmişdir. Bu kitabların bəziləri dünyanın müxtəlif ölkələrinin dillərinə tərcümə edilmişdir.

Professorun hələ 1967-ci ildə Moskvanın "Mısl" nəşriyyatında nəşr olunan və geniş müzakirələrə səbəb olan mənafelər probleminə həsr edilən monoqrafiyası bu gün də dünyanın müxtəlif ölkələrində elm adamları tərəfindən maraqla oxunan, istinad edilən kitab olaraq qalır. Eləcə də 1974-cü ildə həmin nəşriyyatda nəşr olunan əməyin reduksiyası probleminə həsr edilən monoqrafiyası bu sahədə tədqiqat aparan alimlərin ən çox müraciət etdiyi kitablardan biridir. Bunu Harvard Universitetinin kitabxanasının "İqtisadiyyat" bölməsinin direktoru Kristin Conson da bildirmişdir.

T.Quliyev üzün illər keçmiş SSRİ ali və orta ixtisas Təhsil Nazirliyində iki komissiyanın tədris-metodiki və elmi komissiyanın üzvü olmuşdur, bir çox illərdə o, həmin komissiyalarda Zaqafqaziya Respublikalarının təmsilçisi olmuşdur, T.Quliyev Beynəlxalq İqtisadçılar İttifaqının, sonralar isə onun Rəyasət heyətinin üzvü, keçmiş SSRİ EA-nın bir sıra iqtisadi komissiyasının üzvü olmuşdur.

Tofiq Quliyev 500-dən elmi əsərin, 27 monoqrafiya və dərsliyin, o cümlədən, "Əməyin sosiologiyası", "Əməyin iqtisadiyyatı", "Регулируемая рыночная экономика", "Menecmentin əsasları", "Əməyin iqtisadiyyatı və sosiologiyası", "İnsan resurslarının idarə edilməsi", "Экономическая логика", "Кризис либерализма", "Экономическая синергетика", "İnflyasiyanın anatomiyası", "Анатомия глобального экономического кризиса", "İdarəetmənin əsasları", "Menecment 365 anlayışlı izahlı lüğəti", "Парадоксы экономических теорий", "Об устойчивости и надёжности экономических систем" və s. əsərlərinin müəllifidir.

Qeyd edək ki, professor Tofiq Quliyev iqtisadiyyat sahəsi üzrə dünyada tanınmış alimlərimizdən biri olsa da, onun yaradıcılığı çox cəhətli və geniş diapazonlu olub. Belə ki, hələ tələbəlik illərində silsilə elmi məqalələrlə yanaşı, hekayə və şeirlər də yazıb çap etdirən mərhum professor Tofiq Quliyev bədii-publisistik fəaliyyətilə də tanınıb. "Tofiq Fərid" imzası ilə şeirlər yazan professorun "Türkün türküsü", "Dünyanı dəyişə bilsəydim", "Mən kiməm?" (rus dilində), "Haqqın səsi", "Qəzəllər", "Satirik şeirlər", "Yumoristik və satirik hekayələr" kitabları geniş maraqla qarşılanır. Bu kitablar haqqında maraqlı yazılar və mülahizələr söylənilmişdir. 

Professor Kamil Şahbazov,
"Menecment" kafedrasının müdiri

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay