A

525.az

Dekabrın 29-dan etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016-2017-cı tədris ilinin qış imtahan sessiyasına start verilib.

Yazılı və test üsulu ilə keçiriləcək imtahanlarda ümumilikdə 12086 tələbənin iştirakı nəzərdə tutulub. Onlardan 2986 nəfəri I kurs, 2839 nəfəri II kurs, 2878 nəfəri III kurs, 3126 nəfəri IV kurs, qalanları isə növbəti ilə qalan tələbələrdir. İlk dəfə olaraq Zaqatala və Dərbənd filialları, eyni zamanda Maliyyə-İqtisad Kollecində imtahanlar eyni qaydada keçiriləcək.

Qış imtahan sessiyası üçün 598 fənndən (Azərbaycan bölməsi – 329, Rus bölməsi – 264 və Xarici dil – 5 (İşgüzar, İxtisas yönümlü, İngilis, Fransız və Alman dilləri)) imtahan testləri hazırlanıb.İmtahanda cavablandırması üçün hər tələbəyə 50 sual veriləcək. Bunun üçün üç tədris korpusunda 5 imtahan zalı hazırlanıb və vahid şəbəkəyə birləşdirilərək 430 kompyuter quraşdırılıb. İmtahanlarda gün ərzində 7 növbədə 3010 tələbə imtahan verəcək.

“Maliyyə və mühasibat”, “İqtisadiyyat”, “Biznes və menecment”, “Texnologiya və dizayn”, “Əmtəəşünaslıq” fakültələri və Rus iqtisadiyyat məktəbi imtahanların test üsulu ilə keçirilir. Beynəlxalq iqtisadiyyat məktəbi, SABAH mərkəzi, “Türk dünyası işlətmə” fakültəsi, UNEC Biznes məktəbi, Beynəlxalq magistratura və doktorantura mərkəzi, Magistratura mərkəzində (keçirilməsi test üsulu ilə nəzərdə tutulan fənlər istisna olmaqla) imtahanlar yazılı formada təşkil edilir.

1 və 4 kurs tələbələrinin iştirak etdiyi imtahana hər qrup üzrə 1məsul şəxs, 4 nəzarətçi, 1 tyutor və 1 dekan müavini nəzarət edir. Tələbələrin işini asanlaşdırmaq üçün imtahanın sualları öncədən universitetin saytında yerləşdirilib.

İmtahanda yalnız 25 faiz davamiyyəti olmayan tələbələrin iştirakına icazə verilməyib.

UNEC-in rektoru, professor Ədalət Muradovun imtahan sessiyasının başlanması ilə əlaqədar tələbələrə müraciət edib. Rektor tələbələrə uğurlar arzulayıb: “Qarşıdan gələn qış imtahan sessiyasında hər birinizə böyük müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, tədris müddətində qazandığınız biliklərlə daha da əzmlə çalışacaq və imtahanlarda ən yüksək nəticəni göstərəcəksiniz. Sizin uğurunuz əzizlərinizə və müəllimlərinizə bəxş etdiyiniz ən gözəl hədiyyə olacaqdır. UNEC tələbəsinin hər zaman olduğu kimi bu dəfə də öz bilik və savadı ilə üstünlüyünü nümayiş etdirəcəyinə inanıram. Hər bir tələbənin biliyinin obyektiv qiymətləndirilməsində prinsipial mövqeyimizi yenə də qoruyacağıq”.

Sessiya dövründə hər həftənin şənbə günü UNEC rektorunun QHT, KİV və ictimaiyyət nümayəndələri ilə birgə keçirəcəyi “Açıq qapı”da tələbələrin bütün müraciətləri dinləniləcək, operativ tədbirlər görüləcək. Sessiyanın sonuna kimi QHT nümayəndələri, təhsil ekspertləri və imtahanlara məsul şəxslər Radio UNEC-in canlı efirində tələbələrin suallarını cavablandıracaqlar. QHT nümayəndələri tələbələr arasında imtahan sessiyası ilə bağlı anonim sorğu da keçirəcəklər.

UNEC imtahan sessiyasının obyektiv və şəffaf təşkilinə dair müxtəlif layihələr həyata keçirlir. Onlardan biri də E-apellyasiyadır. İmtahan sessiyası dövründə Elektron Müracət Sisteminin köməkliyi ilə tələbələr operativ şəkildə apellyasiya müraciətlərini edə və nəticələrini öyrənə bilərlər. Bunun üçün erize.asue.edu.az saytına daxil olmaq kifayətdir. Sistem həmçinin tələbənin vaxtına qənaəti təmin edir.

Sessiya boyu tələbələrin ən çox istifadə etdikləri vasitələrdən biri də onların intellektual potensialının aşkar olunması və inkişaf etdirilməsinə xidmət edən “Özünü sına” online sınaq imtahan portalıdır. Portal həm də tələbələrin imtahanlara psixoloji hazırlanmasına kömək edir. Artıq sinaqimtahani.net portalının mobil tətbiqetməsi də UNEC tələbələrinin ixtiyarına verilib.

Qış imtahan sessiyası öncəsi portala yeni funksiya əlavə edilib. Belə ki, sistem istifadəçinin ən çox hansı fəndən imtahan verdiyini yadda saxlayır. İstifadəçi portala növbəti ziyarətində birbaşa idarə panelindən imtahanı başlaya bilir. Sistem fənni tamamən mənimsədikdən sonra istifadəçiyə onu siyahıdan uzaqlaşdırmaq imkanı da verir.

Sessiyanın sonuna kimi kitabxana və oxu zallarının saat 09.00-da 22.00-a kimi tələbələrin ixtiyarına verilib. İmtahana hazırlaşarkən sıxlığı aradan qaldırmaq üçün tədris binalarında xüsusi auditoriyalalar ayrılıb, onların fasiləsiz internetlə təmin edilməsi ilə bağlı göstəriş verilib.

Qeyd edək ki, ötən il tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyini əsas tutaraq "UNEC İctimai Nəzarət Şurası" yaradılmışdır. Tanınmış ekspertlər, elm xadimləri və nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu "UNEC İctimai Nəzarət Şurası" 2015-2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının monitorinqini aparıb, nəticələri qiymətləndirib. Şura Apellyasiya Komissiyasının işinə və imtahan dövründə universitetin Qaynar xətt xidmətinin (146-1-3) fəaliyyəti də nəzarət edib. Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan aparıblar. Şura üzvlərinin yekun hesabatında isə bildirilib ki, UNEC-də imtahanlara hazırlıq yüksək səviyyədə təşkil olunub və tətbiq edilən imtahan metodu şəffaflığın təmin olunmasına xidmət edir.

Sessiya dövründə “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin cavablandırılması və araşdırılması QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə olunub.

Bu gün “Qaynar xətt” xidmətinə daxil olan müraciətləri “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva dinləyib, araşdırıb və sualları cavablandırıb. İmtanan yenicə başladığı ücün qayanar xəttə müraciətlə əsasən sorğu xarakterli olub.

Xatırladaq ki, biliyin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyini əsas tutaraq “525-ci qəzet” imtahan sessiyası ərzində UNEC-ə informasiya dəstəyi verir.

S.QARAYEVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay