A

"Azərbaycan müəllimi" qəzeti

Bu günlərdə mən və yaradıcı kollektivimiz hamımızın əvvəllər “Narxoz”, indi isə UNEC kimi tanıdığımız Azərbaycan Dövlət İqtisad Universitetində olduq. Həmkarlarımız bizi tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin olunması üçün universitet rəhbərliyinin həyata keçirdiyi prosedurlarla tanış etdi. İmtahanların gedişini izlədik. Ayrı-ayrı müəllim və tələbələrlə söhbətləşdikcə bu ali məktəbdə fərqli mənzərələrin bir daha şahidi olduq. Maraqlıdır ki, UNEC-də tələbələri ənənəvi qaydalarımızdan fərqli olaraq, müəllimlər deyil, özləri qiymətləndirirlər. Hər bir tələbə qarşısında olan kompüterdə göstərilən suallara cavab verir və sonuncu “təsdiq” düyməsini basmaqla özü öz qiymətini yazmış olur. Şübhəsiz ki, imtahan nəticələrinin belə qısa bir zamanda məlum olması, qiymətləndirmə vasitələrinə insan müdaxiləsinin mümkünsüzlüyü yeni yaradılmış bu sistemin şəffaflığının əsas göstəricisidir. Əlbəttə, UNEC-in son illər qazandığı uğurları, ölkə gündəminə səs salan ciddi layihələri, peşəkar inkişaf modelləri, təhsilimizə verdiyi dəyərli töhfələri çoxlarımıza məlumdur. Bu ali məktəb həm də ölkədə ilk dəfə olaraq imtahanların internet üzərindən canlı izləmə texnologiyasını tətbiq edən bir universitet kimi ictimaiyyətin yaddaşında həkk olunub. Ancaq mən bu yazımda oxucularımızın diqqətini eyni zamanda UNEC-in nailiyyətləri fonunda açıqca görünən insan və düşüncə ilə bağlı problemlərimizə yönəltmək istəyirəm.

Düşünürəm ki, bu gün ali təhsilimizin əsas problemlərindən biri, bəlkə də birincisi bu məktəblərdə uzun illərdən bəri dərin kök salmış, daşlaşmış qeyri-şəffaf mühitin, bəzi neqativ halların hələ də davam etməsidir. Etiraf edək ki, ölkə Prezidentinin verdiyi tapşırıqlar, təhsil nazirinin barışmaz və prinsipial mövqeyi son illər ali məktəblərimizdə ciddi irəliləyişlərə gətirib çıxarıb. Ancaq təəssüf ki, bu universitet rəhbərlərinin bir çoxu hələ də öz “Narxoz”larını “UNEC”ə çevirə bilməyiblər. Peşə fəaliyyətimlə əlaqədar ali məktəblərdə gedən prosesləri yaxından izləyirəm. Səmimi etiraf edim ki, bu gün ölkənin ali məktəbləri arasında neqativ hallara qarşı UNEC üslubunda, açıq və hərtərəfli mübarizə aparan ancaq 3-4 universitetin adını sadalaya bilərəm.

Mən bu gün üzümü media mənsublarına, ictimaiyyət nümayəndələrinə, jurnalist həmkarlarıma tuturam. Əziz həmkarlar, gəlin bu universitetləri qoruyaq. Onsuz da Azərbaycan təhsilinin istənilən sahəsindən, istədiyiniz formada, haqlı-haqsız yazılar verirsiniz. Gəlin, heç olmasa, bu 3-4 universitetə toxunmayaq. Hamımız bilməliyik ki, bu gün bizi dünya təhsilinə qovuşdura biləcək yeganə yol varsa belə, bax o yol da bu universitetlərdən keçir. Şəxsən mən bu universitet rəhbərlərinin neqativ hallara qarşı apardığı mübarizəyə, savadsız tələbəyə qiymət yazılmasına yönəlmiş məmur və “dost” xahişlərini dinləmədiklərinə görə hansı problem və maneələrlə üzləşdiklərini yaxşı bilirəm. Axı unutmayaq ki, bizdə hələ də “müsəlmançılıq” qaydaları bəzi hallarda, hətta bütün qanun və dəyərlərdən də üstün tutulur. Məgər ən böyük xalqları, millətləri belə tanıdan, yüksəldən onun təhsili və bu sistemin yetişdirdiyi insan deyilmi? Unutmayaq ki, təhsil eyni zamanda, hər bir xalqın inkişaf və intellekt göstəricisidir. Yaxşı, dünya dəyişirsə, biz niyə dəyişməyək? Axı biz nə vaxta qədər həll olunmayan hər bir işə görə günahları özümüzdə deyil, başqalarında axtaracağıq? Nə vaxta qədər problemlərimizin ancaq dövlət rəhbərinin, nazirin müdaxiləsi ilə həll olunmasını gözləyəcəyik? Bəs biz nə etməliyik? Ölkə təhsilinin bugünkü potensialımızla on addım gedə biləcəyi yolu öz şəxsi düşüncə və mənafeyimiz üçün bir addıma endirməkləmi? Düşünürəm ki, Azərbaycanın bu keşməkeşli dönəmində şəxsi mənafe və hisslərimizi kənara qoyub bu müqəddəs sahəyə, bu müqəddəs peşənin əsl sahiblərinə, ən azı bizdən fərqli düşünən insanlara, fərqli düşüncə sahiblərinə yanaşmamız da fərqli olmalıdır. Artıq hamımız düşünməliyik ki, özümüzü dünyada bir xalq kimi təsdiq etməyin zamanıdır. Geriyə yolumuz yoxdur.

Bayram Hüseynzadə, əməkdar jurnalist

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay