A

525.az

Yanvarın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Açıq qapı” günü keçirilib.

"Açıq qapı" da UNEC rektoru, professor Ədalət Muradov “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid və tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevlə birgə tələbə və valideynləri qəbul edərək, onların müraciətlərini dinləyib.

Müraciətlər əsasən qış imtahan sessiyası ilə bağlı olub. Tələbələr sərbəst şəkildə, çəkinmədən imtahan sessiyasında üzləşdikləri çətinliklər barədə rektora məlumat veriblər. Müraciətləri diqqətlə dinləyən rektor tələbələrə cavab olaraq məsələlərin araşdırılacağını və nəticə haqqda onlara məlumat veriləcəyini bildirib. Ə.Muradov vurğulayıb ki, hər bir tələbənin müraciəti ayrı-ayrılıqda obyektiv araşdırılır. Tələbənin haqlı olduğu təsdiqləndiyi təqdirdə məsələ onun xeyrinə həll olunur.

Tələbələrin yaradılan bu şəraitə, problemlərinin həllində göstərdiyi köməkliyə görə Ədalət Muradova öz minnətdarlıqlarını bildiriblər.

Ə.Muradov qeyd edib ki, tələbə haqlı olduğu zaman onu dəstəkləməyə hazırdır: "Əgər tələbə haqlıdırsa onun yanındayam. Mən tələbələrimi öz övladlarım kimi sevirəm".

Sonra rektor tərəfindən bəzi müraciətlərin yerindəcə araşdırılaraq, vaxtında və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə struktur bölmələrə tapşırıqlar verilib."525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib ki, "Açıq qapı" da tələbələrə öz problemlərini çəkinmədən danışmaq, haqlarını tələb etmək üçün şərait yaradılır: "Mən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrini belə təsəvvür etmirdim. Bu gün tələbələr artıq öz problemlərini deyə bilirlər və haqlarını tələb edirlər. Ən maraqlısı odur ki, tələbə kənar şəxs olmadan öz sözünü deyir. Bu, yaradılan şərait, yeni mühitlə bağlıdır. Çünki tələbə inanır ki, onu eşidəcəklər və onun müraciəti obyektiv həllini tapacaq. Bu hal məni çox sevindirdi".

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə bildirib ki, "Açıq qapı" da tələbələr cəsarətlə problemlərindən söz açırlar: "Bu gün biz "Açıq qapı" da daxil olan müraciətləri dinlədik və çox maraqlı araşdırmamız oldu. Artıq tələbə sözünü cəsarətlə, açıq şəkildə deyir, haqqını müdafiə etməyi bacarır. Tələbə indi birincilik uğrunda mübarizə aparır, qiymətlərinin yüksəldilməsi, savadının, bacarığının daha da artırılması ilə bağlı müraciətlər edir. Hiss edirəm ki, UNEC-də dünyagörüş də dəyişib. Universitetdə vətəndaşı diqqətlə dinləməyin, məsələyə ətraflı yanaşmanın şahidi olduq. UNEC təhsildə yeni tendensiyanın başlanğıcını qoyur. Düşünürəm ki, gördüklərimiz tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən amil olacaq".

Qeyd edək ki, sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə UNEC-də bir sıra yeniliklər tədbiq edilib. Bu il ilk dəfə olaraq rektor "Açıq qapı"-da tələbə, valideyn və digər vətəndaşların müraciətlərini QHT, KİV, ictimaiyyət nümayəndələri ilə birgə dinləyir. UNEC-də “Açıq qapı” günləri imtahan sessiyasının sonuna kimi davam edəcək. Görüşlər hər həftənin şənbə günü saat 10:00-12:00-da keçirilir. Yanvarın 21 və 28-də keçiriləcək növbəti “Açıq qapı”da da QHT, ictimaiyyət nümayəndəsi və jurnalistin iştirakı tam sərbəstdir.

UNEC-də tətbiq edilən yeniliklərdən biri də “Qaynar xətt” (146-1-3) xidmətinin QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilməsidir. Xidmətə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır.

Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyini əsas tutaraq bu il jurnalistlər “nəzarətçi” qismində imtahanlara cəlb olunub. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən jurnalistlər sərbəst şəkildə imtahanları izləyə bilərlər. Bu da UNEC-də imtahanların şəffaf və düzgün keçirilməsində xəbər verir.

Sessiya dövründə ilk dəfə olaraq QHT nümayəndələri tələbələr arasında sessiya ilə bağlı anonim sorğu keçirəcəklər.Sorğunun nəticələri imtahanların təşkili və tələbə biliyinin qiymətləndirilməsi ilə bağlı real vəziyyəti ortaya çıxaracaq. Qarşıya çıxan problemlərin həlli üçün müvafiq addımlar atılacaq.

S.QARAYEVA

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR