A

525.az

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016-17-ci tədris ilinin qış imtahan sessiyası davam edir. Yanvarın 24-də Biznes və menecment fakültəsinin tələbələri imtahan veriblər. Test üsulu ilə keçirilən imtahanın gedişini hər qrup üzrə 3 nəzarətçi və 1 dekan müavini izləyib. Təqdim olunan 50 sualı cavablandırmaq üşün tələbələrə 1 saat 20 dəqiqə vaxt verilib.

İmtahan prosesində nizam-intizam, şəffaflıq özünü biruzə verir. Tələbələrə, ümumilikdə imtahan prosesinə kənar müdaxilə yoxdur. Yəni imtahanda iştirak edən nəzarətçi və məsul şəxslər yalnız öz vəzifələrini yerinə yetirirlər. İmtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşılmayıb.

Qeyd edək ki, hazırda Biznes və menecment fakültəsində tələbələr 6 ixtisas üzrə təhsil alırlar. Fakültənin nəzdində İnformasiya iqtisadiyyatı və texnologiyaları, Menecment, İnformatika, Ekonometrika, Riyaziyyat, Ticarət və gömrük işinin təşkili, Marketinq, Humanitar fənlər, Biznesin idarə edilməsi, Azərbaycan dili, Rus dili kafedraları olmaqla, 11 kafedra fəaliyyət göstərir.

Biznes və menecment fakültəsinin dekanı Mirağa Əhmədovun sözlərinə görə, Biznes və menecment fakültəsinin nəzdində olan ixtisaslar bu gün Azərbaycan iqtisadiyyatının əsas prioritet sahələrini təşkil edir.

Bu baxımdan da universitet rəhbərliyinin qarşımıza qoyduğu tələblər – intizamı möhkəmlətmək, Elektron Universitet modelindən bəhrələnək keyfiyyətli təhsil tədris etmək, dünya təcrübəsini daha dərindən tədqiq edərək innovativ yenilikləri tələbələrə çatdırmaq, təcrübə mübadilə proqramlarında fəal iştirak etmək, auditoriyadan kənar saatlarda daha çox istehsalatla əlaqə qurmaqdır: “Hədəfimiz əmək bazarında lazım olan kadr tələbatını ödəməkdir. Bu gün UNEC-də gedən uğurlu təhsil islahatları əmək bazarında bizim kadrlara tələbatı artırıb. Belə ki, artıq çoxsaylı dövlət və özəl müəssisələrdən sifarişlər qəbul edirik. Böyük holdinqlər, nüfuzlu şirkətlər bizimlə əməkdaşlıq edir. Birlikdə konfranslar, dəyirmi masalar təşkil edirik. Bu tədbirlərdə real iş dünyasından gələn mütəxəssislər tələbələmizlə ciddi maraqlanırlar. Xüsusi olaraq, istehsalat təcrübəsi zamanı tələbələrimizin bilik və bacarığına bələd olduqdan sonra onları öz şirkətlərinə dəvət edirlər”.

M.Əhmədov bildirib ki, əsas məqsədləri nümunəvi fakültə modeli qurmaqdır. Bunun da əsasını tələbə-müəllim mobilliyi təşkil edir: “Mobilliyi yaradan səbəb keyfiyyətli təhsildir. Əvvəllər mikro fakültələr mövcud idi, keyfiyyətli təhsil uğrunda rəqabət aparmaq asan idi. Hal-hazırda güclü maddi-texniki bazaya malik olan meqa fakültələr yaranıb. Əlbətdə ki, biz daha çox öz üzərimizdə işləməliyik. Onu da qeyd etmək istəyirəm ki, mən nümunəvi fakültə modelində tələbə-müəllimlərlə yanaşı, valideynləri və ümumiyyətlə ictimaiyyətin vəhdətini də görürəm”.

Dekan qeyd edib ki, UNEC rektoru, professor Ədalət Muradovun tapşırığı ilə sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib:

“Bugünlərdə fakültədə keçirilən imtahanlarda valideynlər də iştirak ediblər. Onlar övladları ilə yanaşı, digər tələbələrin də imtahan prosesini yaxından izləyiblər. Sonra valideynlər UNEC-də yaradılan “Qərargah”ın fəaliyyəti ilə tanış olub, Apellyasiya komissiyasın iş prinsipləri ilə maraqlanıblar. Valideynlər fakültə dekanlığında tələbələrə yaradılan şəraitdən razı qaldıqlarını bildirərək, UNEC-də təhsilin səviyyəsinin günü-gündən yüksəldiyini qeyd ediblər. Tələbələrin imtahana hazırlaşarkən sinaq imtahanı net “Özünü sına” onlayn sınaq imtahan portalından faydalandıqlarını xüsusi vurğulayıblar. Valideynlər UNEC-də tələbə biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi üçün atılan addımları müsbət hal kimi dəyərləndiriblər”.

M.Əhmədovun sözlərinə görə, universitetdə bu gün keçirilən bütün imtahanlar zamanı şəffaflıq təmin olunur. Tələbə rahat, sərbəst şəkildə imtahan verir. Semestr boyu öyrəndiklərini imtahan zamanı nümayiş etdirən tələbənin biliyi lazımi səviyyədə qiymətləndirilir.

S.QARAYEVA

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR