A

LENT.AZ

Lent.az-da “Bir şəklin tarixçəsi” layihəsini işləyərkən məğlub kişilərin baxışları altında o qədər əzilmişdim ki, daha bir də döyüş xatirəsini danışan Qarabağ qazisini dinləməyə gücüm qalmamışdı. Müdriklik yaşına qədəm basan, gəncliyini səngərlərdə keçirən, savaş meydanında ən yaxın dostlarını itirən insanların gözlərindəki kədər ruhumu darmadağın etmişdi. Kim bilərdi ki, çox qısa müddət keçəcək, iyirmi bir yaşlı Qarabağ qazisi Məftun İsmayılov qürurla mənə döyüş xatirələrini danışacaq... Danışarkən sözləri seçməyə çətinlik çəkən, bəzən bir xatirəsində ilişib, ondan ayrılmaq istəməyən bu gəncin gözlərindəki fəxarət bir il öncə müsahiblərin qarşısında dağılan ruhumu toparlayırdı... Məftunun ən adi cümlələri belə sevinc nidası ilə bitirdi. Bax, budur, qalib ordunun qalib əsgəri!- Aprel döyüşləri başlayanda on bir ayın əsgəri idim. Füzuli rayonu istiqamətində xidmət edirdim. Aprelin 1-dən 2-nə keçən gecə həyəcan siqnalı verildi. Silahlanıb, maşınlarla Lələtəpə istiqamətinə yola düşdük...

- Əsgərlərin psixoloji hazırlığı necə idi?- Şən, pozitiv, ümidli və inamlı idik. Həm də həyəcan var idi. Kimsə qarışdırmasın, qorxu yox, sevinc təlaşı idi. Bir neçə il əvvələ qədər uşaq idik. İndi isə taleyimizə Azərbaycanın tarixini yazmaq nəsib olmuşdu. Mən anadan olanda artıq ölkəmizin 20 faiz torpağı işğal olunmuşdu, 20 mindən çox şəhid vermişdik. Atəşkəs elan olunsa da, mütəmadi itkilərimiz olurdu. Yəni, mən hərbi xidmətə yollananda da müharibə gedən ölkədə böyüyən vətəndaş kimi torpağımız üçün ölməyə və öldürməyə hazır idim. Hətta ön cəbhəyə göndəriləcəyimi biləndə sevindim...İndi isə həqiqətən müharibə başlamışdı. Azərbaycan Ordusunun çoxdan gözlənilən qələbə tarixini yazdığı günlər bizim əsgər olduğumuz dövrə təsadüf etmişdi. Biz dünyaya gələndə artıq işğal altında olan torpaqlara indi bir əsgər kimi addım atırdıq. Bütün bunlar o qədər qürurverici, fəxarətlə xatırladığım anlardır ki...

- İşğaldan azad olunan əraziyə daxil olmağın düşüncəsi belə həyəcanlandırır. Bir tərəfdən də bu savaşdır. Ölüm, qan, yaralı... Silahlar susmaq bilmir...- Doğrudur. Mən ilk dəfə yaralını Lələtəpə ilə üz-üzə posta çatanda gördüm... Ordumuz artıq irəliləmişdi. İndi mövqelərini möhkəmləndirmələri üçün biz onlara silah və sursat çatdırmalı idik. Mən əvvəl Lələtəpə ilə üz-üzə postda olmuşdum deyə, yola bələd idim. Buna görə də 20 nəfərlik dəstənin önündə mən gedirdim. Posta çatanda tibb məntəqəsinin işçiləri sürətlə yanımızdan ötüb keçdilər, xərəklərdə yaralılar var idi... Bəlkə başqa vaxt olsa, ölümün üzərinə gedirik deyə düşünərdik. Axı yaralıların gətirildiyi istiqamətə üz tutmuşduq... Amma... Baxın, indi də bunu xatırlayanda gözlərim dolur... Biz, gənc əsgərlər gözlərimizi yanımızdan keçirib apardıqları yaralılardan çəkib, qabağa çevriləndə... bilirsiniz nə baş vermişdi... Azərbaycan bayrağı Lələtəpədə dalğalanırdı... İlahi! Azərbaycan Ordusu tarixi qələbəyə imza atırdı və biz, dünənin uşaqları indi bu tarixi anın iştirakçıları idik...

- Siz işğaldan azad edilən Lələtəpəyə gələn ilk əsgərlər idiniz?- Bəli. Birbaşa döyüşlərdə iştirak edən əsgərlərdən sonra Lələtəpəyə gələn ilk əsgərlər biz idik. Nələr hiss edirdik... O duyğularımı heç vaxt sözə çevirə bilmərəm... Bu vaxta qədər heç vaxt belə nəhəng sevinc yaşamamışdıq. Bizimlə birlikdə iyirmi mindən çox şəhidimizin ruhu da sevinirdi. O qədər qürur duyurduq ki, güllənin bizə dəyməyəcəyinə, dəysə belə öldürməyəcəyinə inanırdıq!

- Siz yolu posta qədər tanıyırdınız, ondan sonra...?- Düzdür... Yaşıdlarımın heç biri postdan sonrakı yolu tanımırdı... Axı biz dünyaya gələndə bu ərazilərimiz artıq düşmən tapdağında idi... Amma Azərbaycan Ordusu təkcə bizdən ibarət deyil ki, artıq ön posta gedən yolu minalardan təmizləyib, iplə nişanlamışdılar. Biz, həmin ipin nişan verdiyi yol üzrə hərəkət edəcəkdik. Lələtəpəyə daxil olub, ermənilərin qoyub getdiyi səngərlərə endik. Tağım komandiri göstəriş verdi ki, əsgərlər səngər boyu yayılıb, hərə özü üçün yer qazsın.

  • Nə üçün?- Buna “tülkü yuvası” da deyirlər. Səngərin içində əsgər özü üçün oyuq açıq. Müdafiə üçün əsgərə çox faydalıdır, orada daldalana bilər. Oyuqları açmaq isə asan deyildi. Başımızdakı kaskalar gözümüzün üstünü bağlayır. Qazarkən başı aşağı dayanırsan, demək olar ki, ancaq gözün ayağının altını görür. Bir tərəfdən də ermənilər bizi minomyotla atəşə tutublar. Oyuqlar mümkün qədər təcili qazılmalıdır. Qazarkən atılan üç minomyotdan ikisi kənara, biri isə biz tərəfə düşdü. Yaxınlığa düşən minomyotun qəlpəsi sinəmə dəydi... Hər şey elə bir göz qırpımında baş verdi ki, bircə kəlmə “mənə qəlpə dəydi” deyə bildim. Kimsə soruşdu “hardan?” Əlimlə sinəmi göstərib, yerə uzandım...
  • - İnsan nə düşünür?- Ağrı sinəmdən bütün bədənimə yayıldı... Heç yerimi hiss etmədim, amma yaddaşım yerində idi, düşünə bilirdim. Əvvəlcə uşaqlıqdan bu çağa qədər olan həyatım bir neçə saniyənin içində gözümün önündən keçdi. Həyat bura qədərdir, hər şey qurtardı, dedim. Amma bir şeyə görə çox pis oldum ki, döyüş hələ indi başlayıb və mən ölürəm. Axı daha yaxşı döyüşə bilərdim. Hələ səngərdəki oyuğu yarıya qədər qazmışdım. Axı mənim döyüş yolum hələ indi başlayırdı. Torpaqdan bahar qoxusu gəlirdi, səmada sıra ilə düzülən buludlar axıb gedirdi, Azərbaycan bayrağı Lələtəpədə dalğalanırdı. Bir Azərbaycan kişisinin ən çox yaşamaq istədiyi məqamda mən həyat ilə vidalaşırdım...Təsəvvür etdim ki, uşaqlarımız bu bayraq əllərində hələ daha da irəliyə gedəcək və mən o heyətin içində olmayacağam. Səmimi deyirəm, bu anda yaşamaqdan daha çox irəli gedən, qalibiyyətdə iştirak edən əsgərlərin arasında olmağı istəyirdim. Təəssüf hissi çox böyük idi... Mən ölməzdən əvvəl işğaldan azad edilən torpağımıza ayaq basmışdım, bunun bir kişi üçün nə demək olduğunu, insanın azad etdiyi torpaqdan necə fövqəladə bir güc aldığını sözün əsl mənasında başa düşürdüm. Buna görə də erməni işğalında olan son qarış torpağımızı azad edənəcən həyatda qalan bütün əsgərlərimizə qibtə edirdim...Bundan sonra ailə üzvlərimi düşündüm... Xəbəri necə alacaqlar, mənim gedişimlə həyatlarında hansı əksik yaranacaq... Neyləyəcəklər... Məndən bu həyatda nə qaldı... Nələrə, kimə baxanda yer üzündə Məftun adlı bir insan olub deyə düşünəcəklər, ağlımdan keçdi... Və mən bu suallara cavab tapmamış, həkim özünü yetirdi... Bütün bunlar bir neçə an çəkdi. Həkim çatmaqla o qədər çevikliklə sinəmi açıb yaraya baxdı, “tam girməyib, dəlib” dedi ki, bütün fikirlərim yarıda qırıldı. Həkimin dilindən çıxan iki-üç kəlmə bayaqdan sinəmdən bədənimə yayılan ağrını unutdurdu.Ölməyəcəyimə elə sevindim ki, cəsarətlənib əlimi sinəmə atdım. Həkimi qoymadım, özüm qəlpəni çəkib sinəmdən çıxardıb, baxdım. Sonra kənara tulladım... İnsan belə böyüyür, müdrikləşir. Mən orada, Lələtəpədəki səngərdə öyrəndim ki, heç vaxt tez təslim olmaq lazım deyil. Heç nə son deyil və hər an möcüzə baş verə bilər.

- Və yaralı olduğunuz üçün Lələtəpəni tərk etməli oldunuz?- Xeyr! (Gülür) Bir az bundan əvvəl sağ qalan əsgərlərimizə qibtə edirdim ki, onlar qəhrəman olacaqlar, mən isə ölürəm... İndi məni döyüş meydanından çıxartmaq olardı? Tibb xidmətinin rəisi geriyə dönməmi tələb etsə də, döyüşə davam edəcəyimi, halımın yaxşı olduğunu, ağrının da bir azdan keçəcəyinə inandığımı bildirdim. Həkim sinəmin qanını dayandırmaq üçün nə isə etdi... Mən isə onun bir an öncə işini bitirməsini istəyirdim ki, səngərdə özümə oyuq qazmağa davam edim...

- Silahlar susmuşdu, yoxsa...- Əksinə, döyüş daha da intensivləşmişdi. Düşmən göz açmağa aman vermir, dörd-beş minomyotu birdən atırdı. Mən cəld oyuğu qazmağa çalışırdım ki, içinə girə bilim. Bu vaxt gəldilər ki, komandir səni çağırır... Yaralandığımı eşitmişdi... Ona çox yaxın yerdə idim... Heç vaxt unutmuram, gülümsəyərək “Ürəyə bax, yaşamaq eşqi o qədər güclüdür ki, qəlpəni içəri buraxmır”, dedi... Sonra geri qayıtmağımı istədi, mən buranı odun içində, qoyub geri qayıda bilməyəcəyimi dedim. Geriyə dönüb, yaralandığım yerdə oyuğumu qazmağa davam etdim...

  • Durumunuz necə idi?- Yaralandığımı biləndə əl-ayağım boşalmışdı, yerə yıxılmışdım. Taqətim tükənmişdi. Amma yaşayacağımı biləndə mənə elə bir güc gəlmişdi ki, səngərdəki oyuğu belə maneəsiz qazdım. Bilirsiniz, indi burada, Lələtəpədən kilometrlərlə uzaqda danışanda bəlkə də kimsə məni düzgün başa düşməz, amma orada elə idi ki... Qarşıdan saysız-hesabsız minomyot atəşi... Bizim yenicə azad etdiyimiz torpağımızda mövqeyimizi gücləndirmək cəhdimiz və iriçaplı silahların uğultusunun dalğalandırdığı, Lələtəpəyə yenicə sancılan Azərbaycan bayrağı... İnsana fövqəladə bir enerji gəlir. Həm də baharın ilk həftələri idi...
  • - O torpaqlarda baharın ətri tamam başqa cür duyulur. Yazın çox fərqli qoxusu olur...- Tamamilə doğrudur! Mən, bunu indi, ölməyəcəyimi biləndən sonra anlamışdım. Ona görə də durumum çox yaxşı idi... Yaralı olmağıma baxmayaraq, aprelin 5-nə kimi həmin səngərdə qala bildim...
  • - Oyuğu qazıb qurtara bildiniz?- Bəli, dostumla iki nəfərlik oyuq qazmışdıq. Lazım olanda ikimiz də ora girirdik. Ermənilər birbaşa səngəri nişan alırdılar, çünki bu torpaqlar illərdir nəzarətlərində idi, buranı yaxşı tanıyırdılar. Biz isə hələ buraya ilk dəfə ayağı dəyən əsgərlər idik. İnamlı, qürurlu əsgərlər! Bir məsələni də demək istəyirəm, özüm ki, öləcəyimi düşündüyüm halda yaşadım, bu hadisədən sonra məndə ölümə qarşı qəribə bir hiss yaranmışdı. Elə bilirdim ki, artıq ümumiyyətlə ölüm deyilən bir qüvvə mövcud deyil. Biz təkcə düşməni yox, ölümü də yenmişik! Dostlarımızdan biri yanımıza gəldi, zarafatlaşdıq. Öz yerinə qayıdanda minomyot atıldı və qəlpəsi onun hər iki dizini deşdi. Bir də gördük yerdə uzanıb qışqırır ki, “ayaqlarım yoxdur”. Xərəyi çatdırıb, onu qoydular. Yanımızdan keçəndə əlimizi uzatdıq, tutub sıxdı... “Yaxşı olacaq, darıxma” dedik, apardılar...

- Necə oldu?- Yaxşıdır! MAXE idi, yenə də xidmətdədir. Aprelin 3-də axşam möhkəm yağış başladı. Suyun içində idik... Tapşırıq gəldi ki, iki saatlıq fasilə ilə əsgərlər yerlərini dəyişib, paltarlarını qurutsunlar. Qruplara bölünüb, aşağı posta düşməli olduq... Burada heç unutmayacağım hadisə baş verdi. Otaq qaranlıq idi, paltarlarımızı soyunub, quruması üçün sərirdik. Bu vaxt da sağ qaldığımızı bildirmək üçün bir-bir hərə öz adını deyidi. Mən “Əsgər İsmayılov” dedim... Səs gəlmədi, bu dəfə qeyri-rəsmi formada təkrar etdim – “Məftun İsmayılov”.Qaranlıqdan heyrət dolu səslər eşidildi – “Məftun? Biz sənin ürəyindən yaralandığını, öldüyünü eşitdik” dedilər... Qaranlıqda kim olduğunu bilmədiyim adamlar səs gələn tərəfə doğru gəlib, məni qucaqladılar... Ölmədiyimə görə elə sevinirdilər ki... Biz artıq əsgər yoldaşı yox, müharibə iştirakçıları idik.Qayıdarkən tapşırıq verildi ki, bizimlə gələn uşaqlar iki dəstəyə bölünsün. Biri səngərə qayıtsın, ikinci dəstə isə bizə köməyə gələn hərbi hissənin əsgərlərinə bələdçilik etmək üçün gözləsin. Mən ikinci dəstədə idim. Köməyə gələn qrupu gözlədik, gəldilər. Onlarla yola düzəldik. Lələtəpə yaxınlığındakı posta çatanda eşitdik ki, mayor Rasim Məmmədov yaralanıb. Bu xəbəri bizə verəndə zabitin gözlərindən yaş gəldi... Rasim Məmmədovun bir neçə gün öncə gülərək mənə dediyi sözlər qulağımda cingildədi: “Ürəyə bax, qəlpəni içəri buraxmayıb...”Gələ-gələ yolda özümü inandırdım ki, Rasim Məmmədovun da ürəyi qəlpəni yaxına buraxmayıb... Səngərə çatanda gördük ki, düşmən tərəfi bizi çox sıxışdırıb, dayanmadan atırdılar. Xərəkdə meyitləri aparırdılar... Qurşaqdan yuxarı hissəsi qalan tankçını gördüm... Bir də... meyitlərin arasında Rasim Məmmədov da var idi... Minomyot düz yanına düşmüşdü...

- Həmin yerə ki, sizin də mövqe ora yaxın idi...- Bəli... Biz ölümə yubanmışdıq... Mən ikinci dəstənin tərkibində olmasaydım, şəhid olacaqdım... Artıq ikinci dəfə idi ki, ölüm yanımdan ötüb keçirdi... Mövqemi almaq üçün yerimə yaxınlaşdım... Minomyot buranın tozunu göyə sovurmuşdu... Az öncə burada insanlar ölmüşdü... Səngər qan qoxuyurdu... Savaş meydanı idi, soyuqqanlı olub, ətrafı qaydaya salmalı, mövqe tutmalı idik... Döyüş davam edirdi... Bu arada, gələrkən əsgər yoldaşlarıma şirniyyat gətirmişdim. Bağlamanı açarkən düşmən yenə minomyot atdı... Yaxınlığımıza düşdü... Qəlpəsi qarşımdakı əsgərin kaskasına dəyərək, mənim dizimə toxunub, yerə düşdü. Kaska qəlpənin surətini almışdı, dizimə toxunması ilə məni yaralamadı. Amma bu o demək idi ki, ölüm külək kimi ətrafımızda əsirdi... Hər saniyə bizim üçün son ola bilərdi... Aprelin 4-də belə başa çatdı...Səhər açıldı. Artıq aprelin 5-i idi. Hərarətim yüksəlmişdi, vəziyyətimin pis olduğunu görüb, aşağı enməyimi məsləhət gördülər. Döyüş bitməyincə mövqeyimi tərk etməyəcəyimi dedim... Elə iki-üç addım atmışdım ki, dizlərim büküldü, yerə çökdüm. Dilim tutulmuşdu... Əsgər yoldaşlarım tez xərək gətirib, məni uzatdılar... Qəribə idi, sinəmə qəlpə dəyəndə bir anın içində nələr düşünmüşdüm... İndi isə heç nə düşünə bilmirdim... Hiss edirdim ki, uşaqlarımız məni aparır...Elə həmin gecə, aprelin 4-dən 5-nə keçən gecə təhlükəsizliyimizi təmin etmək üçün traktorla ayrıca yol açılmışdı. Axı buradakı mövcud yollara düşmən yaxşı bələd idi. Yeni açılan yolla həkim briqadaları daha surətlə hərəkət edə bilirdi. Məni də bu yolla aparırdılar. Danışa bilməsəm də, qırıq-qırıq sözlərlə əsgər yoldaşlarıma izah etməyə çalışırdım ki, gördünüz minomyot çox yaxına gəlir, məni atıb qaçın, özünüzü qoruyun. Döyüş davam edir, məndən çox, əsgərə ehtiyacımız var. Siz hələ irəli getməlisiniz...Orada məni hərbi tibb maşınına qoyub, hərbi hospitala gətirdilər. Reanimasiyaya yerləşdirdirlər. Qəlpənin yaraladığı yer, sinəmin böyük bir hissəsi qapqara qaralmışdı...Burada belindən qəlpə yarası alan əsgər yoldaşım məni görəndə rəsmən şoka düşdü: “Məftun, sən axı ölmüşdün! Dedilər qəlpə düz ürəyindən dəyib!”Aprelin 7-də Bakıya, hərbi hospitala gətirildim. 20 gün müalicə olunduqdan sonra yenidən hərbi xidmətimə davam etdim.2016-cı il oktyabrın 10-da hərbi xidmətimi başa vurdum... Bakıya gəlib, təhsilimə davam etdim. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıram. 2015-ci ildə qiyabi şöbəyə keçərək, hərbi xidmətə getmişdim. İndi universitetimizin ən gənc Qarabağ qazisi, III kurs tələbəsiyəm. Ötən həftə universitetimizlə Horadizdə aprel qələbələrinin ildönümünə həsr edilən Zəfər yürüşündə iştirak etdim. Oradan da Lələtəpə yüksəkliyinə qalxdıq... Yaralandığım səngərə endim... Cəmi bir il öncə bu səngərdə yaşadığım beş günü xatırladım... Həyatımın ən unudulmaz günləri idi... Səngərd’ yaralandığım yerin şəklini çəkdim... Döyüşçü yoldaşlarımla görüşəndə, göstərəcəyəm! Görüşəndə bir-birimizə deyirik ki, biz əsgər yox, döyüş yoldaşlarıyıq. Bu da o deməkdir ki, biz qan qardaşlarıyıq!Yenidən döyüş başlayacağı təqdirdə qələbənin dadını səngərdə duyan bir əsgər kimi cəbhəyə yollanmağa hazırıq. Mən, o torpağın hər qarışı üçün döyüşməyə hazıram! Komandirimin dediyi kimi, “qəlpəni içəri buraxmayan” ürəyim hər an bu Vətən üçün döyünür!

Vüsalə Məmmədova

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay