A

AZƏRTAC

Qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən Birinci Respublika müşavirəsinin yekunları, müəyyən olunan başlıca vəzifələr, verilən tapşırıqlar, qəbul olunan qərarlar - Strateji Yol Xəritəsinin əməli cəhətdən reallaşdırılmasında mühüm mərhələdir.Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, ekspert Məhiş Əhmədov AZƏRTAC -a eksklüziv müsahibəsində söyləyib.Qeyd etmək lazımdır ki, son vaxtlar bu istiqamətdə ölkə başçısının bilavasitə rəhbərliyi və təşəbbüsü ilə böyük işlər görülür, tədbirlər həyata keçirilir, proqramlar qəbul olunur, iqtisadi inkişafı stimullaşdırmaq, biznes mühitini yaxşılaşdırmaq məqsədilə sahibkarlıq fəaliyyətinin normativ-hüquqi və qanunvericilik bazası təkmilləşdirilir.Məlumdur ki, 2025-ci ilədək Azərbaycanda hər nəfərə düşən qeyri-neft ixracatını 3 dəfə artıraraq, onu 450 ABŞ dollarına çatdırmaq mühüm bir vəzifə kimi qarşıya qoyulub. Ölkə Prezidenti müşavirədə xüsusi vurğuladı ki, biz qeyri-neft ixracatını artırmaq vəzifəsini yaxın gələcək üçün strateji bir məqsəd kimi qarşıya qoyarkən ölkəmizdə bu zaman ərzaq təhlükəsizliyinin təmin edilməsini onun istisna oluna bilməyən şərti kimi irəli sürmüşük. Başqa sözlə, bu sahədə dövlət siyasətinin əsas məqsədi bu məhsullara daxili tələbatı hər şeydən əvvəl daxili istehsal hesabına ödəməklə, ixrac potensialını artırmaqdan ibarətdir. Bu məqsədlə Azərbaycanda ciddi islahatlar aparılır, regionların sosial-iqtisadi inkişafının 3 dövlət proqramı qəbul edilmiş, sahibkarlara dövlət tərəfindən böyük maliyyə, hüquqi, metodik, mənəvi dəstək göstərilib.Bildirilib ki, son illərdə ancaq Sahibkarlara Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad olunub. Təhlil göstərir ki, ölkəmizdə qeyri-neft sektorunun məhsulları və onların ixracının artırılmasında regionların sosial-iqtisadi inkişafına dair uğurla reallaşdırılan dövlət proqramlarının rolu müstəsnadır.Son illərdə bütün maliyyə mənbələri hesabına 51 logistik mərkəz, 23 taxıl anbarı, 16 meyvə-tərəvəz emalı, 23 müasir heyvandarlıq, 56 istixana, 23 bağçılıq, 10 süd emalı və digər qeyri-neft istiqaməti üzrə müəssisələr yaradılıb.Görülən bu işlərin nəticəsində Azərbaycan iqtisadiyyatının potensialı şaxələnmiş, Ümumi Daxili Məhsulda neft sektorunun payı 65 faizə çatmışdır. O da bir həqiqətdir ki, bu gün təbii olaraq Azərbaycanın ixracında neft sektoru böyük xüsusi çəkiyə malikdir. Biz qeyri-neft ixracını yaxın illərdə kəskin artırmaq üçün investisiyaların və ixracın təşviqi sisteminə dair ən qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və ölkəmizin mövcud iqtisadi-siyasi reallıqları və imkanları nəzərə alınaraq onları fəal tətbiq etməyə başlamışıq.Qeyd etmək kifayətdir ki, qısa bir müddət ərzində investisiyaların təşviqi üzrə 130 sənəd verilib və bu proqram çərçivəsində dövlət tərəfindən sahibkarlar ölkə iqtisadiyyatına 1 milyard 250 milyon manat sərmayə qoyublar. Ölkəmizdə qeyri-neft ixracının genişləndirilməsi, rəqabət qabiliyyətliliyinin təmin edilməsi üçün “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və digər mühüm sənədlər qəbul edilib.Qeyri-neft məhsulları ixrac edən sahibkarların ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək hissəsi büdcə vəsaitləri hesabına ödəniləcək. Bunlarla yanaşı ixracı stimullaşdırmaq və bu sahədə inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması sahəsində ciddi işlər görülür, nəticədə ekspertiza xidmətləri tarifləri orta hesabla 30 faiz, mənşə sertifikatının verilmə müddəti isə 3 dəfə aşağı salınıb.

Müşavirədə ölkəmizin qeyri-neft ixracını artırmaq üçün istehsal olunan məhsullar hökmən beynəlxalq standartlara cavab verməsi zərurəti istiqamətində görülməsi vacib olan işlər və tədbirlər xüsusi qeyd olunub. Aydındır ki, qeyri-neft ixracının artırılması ənənəvi bazarlarla yanaşı yeni bazarlara çıxmaqla tələbatı artırmaq mümkündür. Çünki, bu məhsullara tələbatın miqyasının artırılması təbii olaraq müvafiq məhsullara da təklifin də artmasını stimullaşdıracaq. Bu məqsədlə ixracyönümlü məhsullar haqqında “Azeksport” portalının yaradılması və fəaliyyətinin genişləndirilməsi, habelə bu istiqamətdə reklam işlərinin gücləndirilməsi zərurəti müşavirədə xüsusi vurğulanıb.Göründüyü kimi, bu gün dövlət tərəfindən sahibkarlara güclü iqtisadi, maliyyə, siyasi, mənəvi və böyük metodiki dəstək göstərilir. Ölkə Prezidenti müşavirədə bu fikri xüsusi vurğuladı ki, “Biz yeni inkişaf modelinə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”.Müşavirədə ölkə Prezidenti xüsusi qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda qeyri-neft ixracının artırılmasının mühüm istiqaməti turizmin inkişafı ilə bağlıdır. Çünki, “biz turizmə də ixrac məhsulu kimi baxırıq”. Davos Ümumdünya iqtisadi forumunun hesablamalarına görə dünya miqyasında turizmin ən sürətli inkişaf etdiyi yer də Azərbaycandır. Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün 2004-cü ildən indiyə kimi ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilib ki, onlar həm də güclü sosial xarakter daşıyır. Belə ki, qeyri-neft sektorunu üstün inkişaf etdirməkdə də məqsəd son nəticədə əhalinin sosial tələbatlarını daha yaxşı ödəməkdən ibarətdir.Əlbəttə, ölkəmizdə qeyri-neft ixracının artırılması ilə bağlı müşavirədə qarşıya qoyulan bütün vəzifələrin uğurla həyata keçirilməsi ölkəmizdə bu sahədə səmərəli çalışa bilən, beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasını tələb edir. Bu baxımdan qeyri-neft ixracının təşviqi, təbliği, kadr hazırlığı, sahibkarlıq fəaliyyətinin metodiki təminatının yaxşılaşdırılmasında UNEC-in professor-müəllim heyətinin üzərinə böyük məsuliyyət düşür. Qeyd olunanları nəzərə alaraq universitetin rəhbərliyi tərəfindən bu məqsədlə xüsusi işçi qrupu yaradılıb və kompleks tədbirlər planı işlənib hazırlanıb.

Prezident İlham Əliyev tərəfindən qeyri-neft ixracının təşviqi istiqamətində imzalanmış fərmanlardan, sərəncamlardan, müşavirənin yekunlarından irəli gələn vəzifələrin, tapşırıqların vaxtında, keyfiyyətlə və tam miqyasda həyata keçiriləcəyinə heç bir şübhə yoxdur. Qeyd olunanlara son illərdə ölkəmizdə yaradılmış iqtisadi, sosial, maliyyə, elmi-texniki, kadr potensialı, institusional, normativ-hüquqi baza ölkə Prezidentinin iradəsi, təşkilatçılıq təcrübəsi, kreativ düşüncə qabiliyyəti, habelə ölkəmizdə uğurla reallaşdırılan iqtisadi siyasət tam zəmanət verir.Sevda Cəfərova,

AZƏRTAC

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay