A

"Azərbaycan" qəzeti

Son illər Azərbaycan elmində və təhsilində böyük irəliləyişlər baş verir, dərin islahatlar həyata keçirilir. Bu prosesdə Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də dünyanın müxtəlif ölkələrində çalışan, Azərbaycana bağlı, Azərbaycanın yüksəlişində maraqlı olan tanınmış alim və mütəxəssislərlə əlaqələr qurmaq, onların zəngin təcrübələrindən yararlanmaqdır. Elə bu məqsədlə Təhsil Nazirliyinin dəvəti ilə böyük elm adamı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru, elm üzrə Nobel mükafatına layiq görülmüş ilk türk alim Aziz Sancar bir həftə Azərbaycanda səfərdə oldu. Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasında rəsmi görüşlər keçirdi, Azərbaycanın elm və təhsil ictimaiyyətinin görkəmli nümayəndələri, tələbələr və media mənsubları ilə bir araya gələrək dərin təcrübəsini, qiymətli fikirlərini onlarla bölüşdü və müvafiq tövsiyələrini verdi.

Aziz Sancar kimdir?

Aziz Sancarın bütün elm adamları üçün nümunə ola biləcək həyat və yaradıcılığının əsas cəhətlərinə, elmi fəaliyyət və ictimai inkişaf istiqamətində verdiyi mesajlara keçməzdən əvvəl onun bioqrafiyasına qısa nəzər salaq.Aziz Sancar 1946-cı ildə Türkiyə Respublikasının Mardin vilayətinin Savur mahalında doğulmuşdur. İbtidai, orta və lisey təhsilini Türkiyənin Mardin vilayətində almışdır. 1963-cü ildə İstanbul Tibb Fakültəsinə daxil olmuş və 1969-cu ildə bu fakültəni birinciliklə bitirmişdir. 1973-1977-ci illərdə ABŞ-da, Dallasda yerləşən Texas Universitetində məşhur alim Claud Rupertin laboratoriyasında molekulyar biologiya proqramı üzrə doktorantura təhsili almış və 1977-ci ildə doktorluq dərəcəsini qazanmışdır.Sancar İstanbul Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə Türkiyə Respublikasının Mardin vilayətində həkim kimi başlamış və 1969-1971-ci illərdə bu vilayətdə işləmişdir. 1977-ci ildə Texas Universitetində doktorantura təhsilini başa vurduqdan sonra 1977-1982-ci illərdə postdoktorantura tədqiqatçısı və dosent kimi ABŞ-ın Yale Universitetində çalışmışdır. 1982-ci ildə ABŞ-ın Şimali Karolina Universitetində fəaliyyətə başlamış və hazırda bu universitetin Tibb Məktəbinin Biokimya və Biofizika üzrə Sarah Graham Kenan professoru və laboratoriya rəhbəri vəzifələrində çalışır.

Biokimya və biofizika sahəsində araşdırmalar aparan Aziz Sancar hələ doktoranturada oxuyarkən çox əhəmiyyətli kəşf olan “Maxicell” metodunu icad etmiş və ABŞ-da gen mühəndisliyi sahəsini inkişaf etdirən azsaylı alimlər sırasına qoşulmuşdur. DNA təmiri və bioloji saatın tənzimlənməsi sahələrində fundamental araşdırmalar aparan Sancar elmdə altı mühüm kəşfin müəllifidir. Onun bu kəşfləri gen mühəndisliyi və xərçəng xəstəliyinin müalicəsi sahələri üçün çox geniş imkanlar açmaqla, bütövlükdə bəşəriyyətin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O, 2015-ci ildə DNA təmiri sahəsində araşdırmalarına görə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Hazırda nüfuzlu ABŞ Milli Elmlər Akademiyasının üzvü olan üç türkdən biri (birincisi) və elm sahəsi üzrə Nobel mükafatı alan ilk türkdür.Çoxlu sayda nüfuzlu elm mükafatlarına layiq görülən Sancar həm də xeyriyyəçidir. O, Şimali Karolinada türk tələbələrin yaşaması və Türkiyənin tanıtımı məqsədilə “Türk Evi”ni qurmuşdur. Eyni zamanda xanımı Gwen Sancar ilə birlikdə ABŞ-da oxuyan türk tələbələrə yardım etmək və türk-amerikalı əlaqələrini inkişaf etdirmək məqsədilə “Aziz and Gwen Sancar Fondu”nu təsis etmişdir. Hazırda bu fond vasitəsilə elm və təhsil sahəsində bir çox xeyriyyəçilik layihələrini həyata keçirir.

Aziz Sancar UNEC-də Aziz Sancarın Azərbaycana səfəri çərçivəsində UNEC-də onunla bağlı çoxlu sayda tədbir keçirildi. Bunlardan bir neçəsini xüsusilə vurğulamağa dəyər. İlk növbədə Aziz Sancarın şəxsən özü tərəfindən qələmə alınmış və Nobel Fondu tərəfindən nəşr edilən Nobel bioqrafiyası “Aziz Sancarın Nobel bioqrafiyası” adı altında Azərbaycan dilində nəfis şəkildə çap edilərək elm ictimaiyyətinin diqqətinə təqdim edildi. Bioqrafiya istər məzmun, istərsə də forma baxımından çox mükəmməl əsərdir. Professor Sancar çox da böyük həcmli olmayan bu bioqrafiyada həm həyatını, həm də fəaliyyətini mükəmməl və çox anlaşıqlı şəkildə əks etdirmişdir. Bu bioqrafiyanı oxuyan hər bir oxucu dəyərli alim barədə, onun elmi fəaliyyəti haqqında çox faydalı biliklər əldə edir və bir alimin timsalında “Nobelə gedən yol”un nə qədər çətin və məşəqqətli olduğunu görür. Əsərdə Aziz Sancarın bütün bu çətinliklərin və məşəqqətlərin öhdəsindən çox böyük əzmlə və ustalıqla gəldiyinin, dünya elminə çox dəyərli töhfələr verdiyinin şahidi olur.İkinci mühüm tədbir Azərbaycanın görkəmli elm adamlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə UNEC-də keçirilən “Aziz Sancar: bir elm fədaisinin həyat hekayəsi” adlı konfrans oldu. Konfransda böyük alimin həyat və yaradıcılığından bəhs edən film izlənildi, onun Azərbaycan cəmiyyəti qarşısında Azərbaycan sevgisiylə dolu ilk rəsmi çıxışı dinlənildi və görkəmli alimə suallar verildi. Konfransın yekununda UNEC Elmi Şurasının qərarı ilə Aziz Sancara UNEC-in fəxri doktoru diplomunun təqdimetmə mərasimi keçirildi və UNEC-də “Aziz Sancar Tədqiqat Mükafatı”nın və Aziz Sancar Qida Mühəndisliyi Laboratoriyasının təsis edildiyi elan olundu.Aziz Sancar səfəri çərçivəsində UNEC-in nüfuzlu “Thomson Reuters” şirkəti ilə birlikdə təşkil etdiyi “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” adlı beynəlxalq konfransda da iştirak etdi. Konfransın rəsmi açılışından öncə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən, onun ruhuna dualar oxuyan Sancar əsas məruzəçi kimi iştirak etdiyi bu tədbirdə geniş çıxış etdi və məruzəsi konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılandı.Aziz Sancar UNEC-də tələbələr və media nümayəndələrilə də görüşdü. “Aziz Sancar - uğur formulu” adlı tədbirdə UNEC və digər universitetlərin tələbələrilə bir araya gələn Sancar onların suallarını cavablandırdı və gələcək fəaliyyətlərində əhəmiyyətli olacaq dəyərli tövsiyələrini verdi. Səfərinin sonuncu günündə isə şöhrətli alim UNEC-də Azərbaycan mediası üçün geniş mətbuat konfransı keçirdi, Azərbaycana səfəriylə bağlı xoş təəssüratlarını açıqladı, jurnalistlərin suallarını cavablandırdı və Azərbaycan ictimaiyyətinə bir-birindən qiymətli mesajlarını çatdırdı.

Elmdə uğurun açarı alın təridir

Aziz Sancarın həyat və fəaliyyəti, fikirləri hər bir elm adamı üçün çox faydalı təcrübələr və mesajlarla zəngindir. Bunlar arasında ən çox diqqəti çəkən qazandığı uğurların təməlində hansı amilin və ya amillərin dayanmasıdır.Başqa sahələrdə olduğu kimi, elmdə də uğurun açarını bəziləri zəka səviyyəsini, bəziləri şansı, bəziləri isə çox çalışmağı qəbul edir. Bu barədə Aziz Sancara Azərbaycanda da çoxlu sual verildi. O, daha çox sonuncular sırasında olduğunu bildirdi və əldə etdiyi uğurlarda alın tərinin açar rolu oynadığına inandığını bildirdi. Aziz Sancar zəhmətə, çalışmağa o qədər əhəmiyyət verir ki, Nobeli aldıqdan sonra ona ünvanlanan təbriklər arasında ən çox sevdiyi təbrik də məhz onun zəhmətsevərliyinə işarə edən İsveçdəki Türk-İsveç Həmkarlar Təşkilatından gələn təbrik olur. Həqiqətən də Sancarın elmi karyerasına nəzər yetirdikdə ilk növbədə qarşımıza böyük zəhmət və səbir hesabına yüksək performans nümayiş etdirən bir elm adamının karyerası çıxır. 420-dən çox elmi məqaləyə, 33 mindən çox elmi istinada malik olan, Hirş indeksi isə99-a çıxan Aziz Sancar fotoliyaz təmir mexanizmini kəşf etmək üçün 40 il, DNA ikili kəsim mexanizmini kəşf etmək üçün 35 il, kriptokrom və period proteinlərinin funksional mexanizmini kəşf etmək üçün isə 16 il zaman sərf etmişdir. Hazırda bioloji saat üzərində tədqiqatlar aparan Sancar bu sahəyə də 20 ildir ki, zaman sərf edir. Bütün bu dövr ərzində Sancarın sərf etdiyi əməyin intensivliyinə baxdıqda isə, özünün də qeyd etdiyi kimi, çox vaxt həftədə orta hesabla 70 saat çalışdığı ortaya çıxır. O, fotoliyaz fermenti üzərində 40 il tədqiqat aparmaqla bu sahədəki tədqiqatlara yekun vurmuş və həmin sahəni o qədər dərinləşdirmişdir ki, artıq elmi ədəbiyyatlarda fotoliyaz fermenti “Sancar fermenti” kimi də ifadə edilir. Elə məhz bunlara görədir ki, Yale Universitetində çalışdığı zaman laboratoriya rəhbəri olmuş professor Dean Rupp Sancarı özünü işinə fədaetmişliyin çox yaxşı nümunəsi adlandırır.

Elm pul üçün, mükafat üçün deyil, insanlığa xidmət üçündür

Aziz Sancara görə, elm könül işidir, maraq işidir, fədakarlıq işidir, yeni biliklər yaratmaqla bəşəriyyətə xidmət işidir. Bir sözlə, elmi fəaliyyəti pul üçün, mükafat üçün seçməzlər. O, hesab edir ki, dünyada pul qazanmanın elmdən qat-qat asan olduğu çoxlu sahələr qala-qala bir insanın pul qazanmaq üçün elmə gəlməsi məntiqli görünmür. Buna baxmayaraq, Sancar elmdə, xüsusilə fundamental elmdə yüksək məbləğlərdə pulun qazanıla biləcəyini də istisna etmir. Aziz Sancar elmə və tədqiqata o qədər könül vermiş adamdır ki, Nobel mükafatını aldıqdan sonra da həyatında maddi olaraq elə bir dəyişiklik baş vermir, mükafatdan gələn gəlirləri xeyriyyə işlərinə ötürür, özü isə mənəvi qazanclarla kifayətlənir.Aziz Sancar insanın elmə olan marağının və bu yolda çalışmasının hər hansı bir mükafat naminə olmasını da düzgün hesab etmir. Bir gün şöbəsində onunla birlikdə çalışan bir xanım “çox çalışacam, Nobeli alacağıq” dediyi zaman Sancar ona belə cavab verir: “Biz tədqiqatı Nobel üçün aparmırıq. Mən sadəcə maraqlıyam və bəzi şeyləri kəşf etmək istəyirəm. Mən ölkəmi çox sevirəm və ölkəm üçün bir iş görmək istəyirəm. “Nobel almaq üçün tədqiqat aparacağam” deməyin, “insanlıq üçün, cəmiyyət üçün nəsə edəcəyəm” söyləyin”.Bütün bunlardan sonra Sancar gənclərin şan-şöhrətin yalnız zəhmətin nəticəsi olduğunu dərk etmələrini və Nobel almasına baxmayaraq, onu da yalnız belə yadda saxlamalarını arzu edir: “Həyatı boyu çox, hədsiz çox çalışmış və kəşfləriylə insanlığa xidmət etmiş bir vətənsevərdir”.

Nobel mükafatı elmdə yeganə kriteriya deyildir

Hamıya məlum olduğu kimi, Nobel mükafatı çox vaxt elmdə yeganə kriteriya kimi qəbul edilir. Aziz Sancar bunun tamamilə yanlış olduğunu qeyd edir. O, hesab edir ki, elm üzrə verilən Nobel mükafatları tamamilə obyektivdir və həqiqətən də bu mükafatlar dünya elminə mühüm töhfələr etmiş tədqiqatlara verilir. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu tədqiqatlar Nobel Komitəsi tərəfindən seçilir, onlar tərəfindən əhəmiyyətli hesab edildiyi üçün mükafatlandırılır. Yəni elə mühüm tədqiqatlar ola bilər ki, onlar Nobel Komitəsinin diqqətini cəlb etmədiyindən Nobel mükafatından kənarda qala bilərlər. O, hesab edir ki, elmdə belə tədqiqatlar çoxdur. Aziz Sancar həmçinin Nobel mükafatının verilmədiyi elm sahələrində də bəşəriyyət üçün mühüm hesab olunan tədqiqatların aparıldığını qeyd edir və bu zaman əslən azərbaycanlı olan Lütfi Zadənin tədqiqatlarını misal çəkir. Sancara görə, Lütfi Zadənin tədqiqatları bəşəriyyət üçün çox böyük əhəmiyyət daşıyır, ancaq riyaziyyat üzrə Nobel mükafatı verilmədiyindən Lütfi Zadənin də bu mükafatı alması mümkün deyildir.

Elm sevgisi və mədəniyyəti aşılayan universitetlərin əhəmiyyəti

Aziz Sancar gələcəyin ciddi elm adamlarının yetişməsində elm sevgisi və mədəniyyəti aşılayan universitetlərin rolunu xüsusi vurğulayır. Bu baxımdan o, İstanbul Universitetindəki müəllimlərinin onun elm yolunu seçməsindəki rolunu hər zaman yüksək qiymətləndirir. Əslində elə geri qalmış dünyanın əsas problemi də məhz bu sevgidən və mədəniyyətdən məhrum olmasıdır. Buna görə də bu gün inkişaf etmək istəyən cəmiyyətlərdə universitetlərin təkcə elm öyrədən, araşdırma aparan qurumlar deyil, ilk növbədə elm sevgisi və mədəniyyəti aşılayan qurumlar olmaları zəruriliyi öz aktuallığını qoruyur.

Yol göstərən və tədqiqat sərbəstliyi verən elmi rəhbərlərin önəmi

Aziz Sancar Texas Universitetində doktoranturada oxuyarkən elmi rəhbəri olmuş professor Claud Rupert haqqında həmişə çox böyük minnətdarlıq hissiylə danışır. Onu özünün peşə həyatında ən təsirli insan hesab edərək, elmi rəhbərlik xüsusiyyətlərini belə ifadə edir: “Mənim üstün olduğum tərəflərimi və yetərsizliklərimi anlamışdı. Məni ürəkləndirdi, tövsiyələr verdi və mənə doğru yol göstərdi. Ancaq hamısından önəmlisi öz fikirlərimi formalaşdırmamda və bunları test etməmdə mənə sərbəstlik verdi. Bir elm adamı və alicənab olaraq mənim peşə həyatımda ən təsirli insandır”. Ancaq Aziz Sancar da belə bir insanın əməyini yerdə qoymur, onun tərəfindən kəşf edilən fotoliyaz fermenti üzərində tədqiqatlarını 40 il davam etdirir, bu sahədəki tədqiqatlara yekun vurur və Nobel mükafatı alır. Sancar doktorluq işini tamamladıqdan sonra ABŞ universitetlərindəki qaydalara uyğun olaraq başqa bir universitetdə fəaliyyətini davam etdirmək məqsədilə Texas Universitetindən ayrılarkən elmi rəhbəri Rupert onun gələcəyini dəqiqliklə görürmüşcəsinə öz xanımına üzünü tutaraq “Azizin getməsi ilə mənim Nobel almaq şansım da əldən gedir!” deyir. Aziz Sancar da heç vaxt müəllimini unutmur və Nobel mükafatını aldıqdan sonra ilk telefon edib sevincini bölüşdüyü şəxslərdən biri məhz 97 yaşlı Rupert olur.

Elmi tədqiqatlarda inancdan doğan sonsuz motivasiya

Sancar eyni zamanda inanclı insandır. Elmi axtarışlarında ən böyük motivasiya mənbəyi yalnız Allahın bildiyi bir həqiqəti yenə də yalnız Allahın verdiyi zəkanın imkanları ilə aşkarlamağın onda yaratdığı mənəvi rahatlıqdır. Elə məhz buna görə də Sancar onu Nobel mükafatına aparan mühüm kəşfini - “DNA-nın ikili kəsim təmir mexanizmi”ni - tamamlayan kimi tələsik xanımının yanına gəlir və deyir: “İndiyə qədər yalnız Allahın bildiyi mühüm bir həqiqəti hazırda bütün dünyada yalnız mən bilirəm”. Doğrudan da çox möhtəşəm hisdir və şübhəsiz ki, heç bir başqa güc inanclı insanı bu qədər motivasiya edə bilməz.

Aziz Sancar üçün elmi kəşflərin dəyəri

Aziz Sancar 2000-ci ildə Nyu York Universitetindən tədqiqatçı dostu Johannes Schelvislə elmi kəşflərin mənəvi və maddi dəyərləri haqqında söhbət edərkən dostunun maraqlı bir sualı ilə üzləşir: “Bu kəşfinə maddi dəyər verə bilərsənmi, məsələn, sənə on milyon dollar versələr, bu kəşfi başqa birinə verərsənmi?” Sancarın cavabı, həmişəki kimi, özünəməxsus və möhtəşəm olur: “Heç fikirləşmədən “xeyr” deyərəm. Çünki bu kəşf hər cür maddi mükafatdan fərqli olaraq məndə çox nadir hallarda tapa biləcəyim bir daxili sükunət yaratmışdır. Həmçinin də gələcək nəsil türk tədqiqatçıları biokimya və molekulyar biologiya dərslərində bunu görərək “bu kəşfi bizdən biri etdi” deyə biləcəklər. Onlarda bu güvəni yaratmaqla məmləkətimə xidmət etdiyimi hiss edirəm”. Həqiqətən də insanın uzunmüddətli elmi axtarışlarının uğurlu nəticələri olan elmi kəşflərin onda yaradacağı mənəvi rahatlıq və güvən hissinin hər hansı maddi ölçüsünün tapılması çətindir, bəlkə də heç mümkün deyildir. Aziz Sancarda isə bu hissə millət və məmləkət sevgisi də əlavə olunur ki, bu da qeyd olunan məsələni tamamilə mümkünsüz edir. İllər keçdikdən sonra yazar Orhan Bursalı onun haqqında kitab yazarkən Schelvisin verdiyi sualı Aziz Sancara bir daha yönəldir. Sancar bu dəfə cavabında elmi həqiqətə, doğruluğu qəti şəkildə təsdiqlənmiş biliyə, bir sözlə, elmə olan sonsuz inancını bu ifadələrlə dilə gətirir: “Nobel üçün bioqrafiyamı yazarkən bu kəşfin dəyəri haqqında təkrar fikirləşdim və nəinki on milyon, on Nobel versələr də, dəyişmərəm deyərək içimdən keçirdim. Çünki Nobel mükafatı verilməsi belə başqalarının (Nobel Komitəsinin) təqdirindən asılıdır. Ancaq “bunu bir Allah, bir də mən bilirəm” deməyə imkan verəcək səviyyədə olan kəşf qəti bilikdir, fenomendir. Bu, bu gün də elədir, bundan 100 il sonra da elə olacaqdır. Bu, bir az fəlsəfi və duyğu yüklü düşüncə tərzi kimi görünə bilər, ancaq bu, biz türklərin təbiətidir. Bir amerikalı və ya bir ingilis bu kəşfi etsəydi, hesab edirəm ki, mənim qədər sevinərdi, ancaq mənim etdiyim kimi müqayisələr etməyi düşünməzdi. Onların şəxsiyyəti və düşüncə tərzi fərqlidir”.

Aziz Sancarın elmi uğurlarında millətsevərlik amilinin rolu

Professor Aziz Sancar ilk türk kimi elm üzrə Nobel mükafatını almaqla Azərbaycan da daxil olmaqla, bütövlükdə Türk dünyasının dünya elminin zirvəsində təmsil olunmasını təmin etmişdir. Aziz Sancar kimya üzrə Nobel mükafatını alana qədər biz hər zaman məlum xalqların nümayəndələrinin bu mükafatı almasından danışırdıq. Ancaq Aziz Sancar, “Nobel bioqrafiyası”nda da işarə etdiyi kimi, bütün dünyaya sübut etdi ki, türk millətinin içindən də belə alimlər çıxa bilər və bu, heç kimdə təəccüb doğurmamalıdır. Elə məhz buna görədir ki, bu gün bütün türk ellərində Aziz Sancar adı çox böyük sevgi, məhəbbət, ehtiramla çəkilir və müxtəlif formalarda əbədiləşdirilir.Aziz Sancar vətəninin və millətinin yüksəlişinə böyük önəm verən, milli qürur və ləyaqəti daim öndə tutan həqiqi bir vətənsevərdir. Nobel alması xəbərini ilk növbədə vətəni Türkiyə ilə bölüşən Sancar millətsevərliyi, bir növ, özünəhörmət kimi qəbul edir: “Hörmət görmək istəyirsinizsə, öncə özünüzə hörmət etməlisiniz. Biz hamıdan üstün deyilik, ancaq heç kimdən də aşağı deyilik. Özümüzlə fəxr edək ki, başqası da bizə hörmət göstərsin. Mən belə birisiyəm”.Sancar bir türk olsa da, bu gün bir ABŞ professorudur və Nobel mükafatını da ABŞ Şimali Karolina Universitetinin professoru kimi almışdır. Ancaq Sancar vətəninə, milli kimliyinə o qədər bağlı insandır ki, Nobel mükafatını aldıqdan sonra dünyada daha çox elm üzrə Nobel mükafatı alan ilk türk kimi tanınmağa başladı. Nobel mükafatını təqdimetmə mərasiminə üzərində Osmanlı möhürlü naxışları olan qalstuku ilə gələn Sancar burada da bir türk kimi qarşılanır. Belə ki, mükafatın təqdim edilməsi mərasimində İsveç Kralı XVI Qustav ona türk mədəniyyətində xüsusi yeri olan lalə gülləri təqdim edir, çalınan musiqi isə Motsartın “Türk marşı” olur.Nobel mükafatlarının təqdimetmə mərasimində mühüm məqamlardan biri də mükafatı qazananların verdiyi “Nobel dərsi”dir. Sancar bu dərsi də, bir növ, milli məsuliyyət hissi altında verir. O, UNEC-dəki çıxışında bəyan etdi ki, “Nobel dərsi”ni verdiyim zaman bir anda onları layiqincə təmsil etdiyim üçün bütün Türk dünyasına borcumu ödədiyimi hiss etdim və o an mənim ən xoşbəxt anlarımdan biri idi.Sancar Nobel mükafatı almasına baxmayaraq, bir alim kimi onun üçün ən böyük mükafatı belə açıqlayır: “Mənim üçün ən böyük mükafat türk tədqiqatçıların biologiya, genetika və ya molekulyar biologiya kitablarında mənim kəşflərimə rast gəlmələri, “bunları bir türk kəşf etdi” demələridir”. Bu fikirlərdən açıq şəkildə görünür ki, Sancarın uzunmüddətli və gərgin tədqiqatlarında əsas motivasiya mənbələrindən biri də məhz türk millətinin adını dünya elm xəzinəsinə yazdırma və bu millətin gələcək nəsillərini bu xəzinəni zənginləşdirmə yolunda cəsarətləndirmə istəyidir.

Aziz Sancara görə İslam dünyasında elm necə inkişaf edə bilər?

Hər bir müsəlman və türk aydını kimi, Aziz Sancar da İslam dünyasında, eləcə də vətəni Türkiyədə elmin nə üçün inkişaf etmiş Qərbdən bu qədər geri qaldığı üzərində düşünür və bu barədə fikirlərini dilə gətirir. Müsahibələrindən birində bu haqda deyir: “Təkcə Türkiyədə deyil, bütövlükdə İslam dünyasında son 500 ildə elmə elə bir ciddi xidmət yoxdur. Elmlə məşğul olmaq, elm mədəniyyətini inkişaf etdirmək, bir növ, ənənə olmalıdır. Bunu Türkiyədə inkişaf etdirmək lazımdır. Yəhudi qardaşlarımız dünya əhalisinin 2%-ni təşkil edir, ancaq Nobel mükafatlarının 20%-ni qazanıblar. Onlar digər insanlardan daha üstün zəkaya sahibdirlərmi? Xeyr. Onların mədəniyyətində elmə, təhsilə əhəmiyyət verilir”. Yenə də klassik sual ortaya çıxır: bəs nə etməli? Sancara görə, övladlarımıza uşaq vaxtından elm sevgisi və mədəniyyəti aşılamağa başlamaq lazımdır: “Uşaqlarımıza elmi sevdirmək lazımdır. Uşaqlarımızı fizika, kimya, biologiya və texnologiya sahələrinə təşviq etmək lazımdır. Çox gənc yaşlarında onlarda sınaq keçirmək vərdişi yaratmalıyıq. Sınaq keçirməyə vərdiş edən insan düşünəcək və bu, vərdiş halını alacaq. Bunu bir ənənə halına gətirməliyik. Hər şeyi dövlətdən gözləməməliyik. Bunun məsuliyyəti mühüm dərəcədə də valideynlərin üzərinə düşür”.Övladlarımıza elm sevgisi və mədəniyyəti aşılayacaq olanlar bir tərəfdən valideynlərdirsə, digər tərəfdən də müəllimlərdir. Müəllimlərin cəmiyyətdəki statusu yüksəldilməli, onlara elmli və bilikli nəsil yetişdirmək üçün hər cür şərait yaradılmalıdır. Sancara görə, təəssüf ki, bu gün müəllimlərə yetərincə dəyər verilmir: “Müəllimlər dünyanın hər tərəfində az təqdir edilir. Amerikada da, Avropada da, burada da belədir. Təəssüf ki, dünyanın hər tərəfində müəllimlər təqdir edilmir. Bu bizə məxsus bir cəhət deyil. Onlar uşaqlarımızı, sabahın insanlarını yetişdirən şəxslərdir. Onlara daha çox dəyər vermək lazımdır. Dünyaya təkrar gəlsəm, müəllim olmaq istərdim. Çünki gələcəyi onlar qurur, onlar yaradır. Məncə, müəllimlərin həkimlər qədər maaş almaq haqqı var”.İslam dünyası üçün zəruri olan digər bir sual da “hansı elmlərə daha çox üstünlük verilməlidir” sualıdır. Aziz Sancarın bu suala birmənalı olaraq cavabı belədir: fundamental elmlərə. Həqiqətən də bu gün İslam dünyasına nəzər yetirdikdə fundamental elm sahələrində daha çox geridə qaldıqları, inkişafın isə daha çox bu elmlərə bağlı olduğu qənaətinə varmaq çətin deyildir. Fikrimizcə, bu barədə Sancarın İstanbul Aydın Universiteti Elm və Texnologiya Mərkəzinin açılışında ifadə etdiyi bu fikirlərə diqqət yetirmək faydalıdır: “Hər universiteti ziyarət edərkən deyirəm: Türkiyənin inkişafı, Avropa və Amerika ilə eyni səviyyədə olması üçün fundamental elmə əhəmiyyət verməli, fundamental elmdə insan yetişdirməliyik. Texnologiya, təbii ki, çox vacibdir, texnologiyanın təməlində fundamental elm dayanır. Burada bir sıra müasir cihaz gördüm, bunların üzərində xarici ölkələrin markası var. İnşallah, bu məhsulları biz istehsal edərik. Fundamental elmdən ən son dərmanları istehsal etməyə, avtomobillər istehsal etməyə, təyyarələr yaratmağa qədər bütün mərhələdə öz məhsulumuz olar. Bunu bacardığımız vaxt özümüzü Avropa və Amerika səviyyəsində hesab edə bilərik. Yoxsa biz xaricdən material, maşın idxal edib burada Avropa və Amerika ilə yarışa bilmərik. Bunu təkrar edirəm, biz mütləq bunları istehsal etməliyik. Yoxsa xaricdən asılı vəziyyətdə qalarıq. Bu bizim sürətimizi yavaşladır. 2023 düşüncəmiz var. Respublikanın 100-cü ilində bizim Atatürkə, atalarımıza borcumuz var. Biz Avropa və Amerika səviyyəsində olmalıyıq, bu bizim namus borcumuzdur, vəfa borcumuzdur”.

Aziz Sancarın xeyriyyəçi fəaliyyətləri

Sancar quru millətpərvər deyil, eyni zamanda bu yolda malını-mülkünü sərf edən insandır. 2007-ci ildə Vehbi Koç Fondu Sancarı 100 min dollarlıq Vehbi Koç mükafatına layiq görür. Sancar buna 100 min dollar da öz vəsaitini əlavə edir və Şimali Karolinada uzun müddətdir xəyal etdiyi “Türk Evi”ni qurur. O, Nobeldən əldə etdiyi 325 min dollarlıq pul mükafatının da xərcləri çıxdıqdan sonra 315 min dollarını məhz bu evə bağışlayır. Bu gün Şimali Karolinada uğurla fəaliyyət göstərən “Türk Evi” türk tələbələrin qalması üçün istifadə edilir və Türkiyənin tanıtımına xidmət edir. Sancar “Türk Evi”ni yaratmaqla yanaşı, xanımı ilə birlikdə ABŞ-da oxuyan türk tələbələrə yardım etmək və türk-amerikalı əlaqələrini inkişaf etdirmək məqsədilə “Aziz and Gwen Sancar Fondu”nu da qurmuş və hazırda bu fond vasitəsilə bir çox xeyriyyə layihələrini həyata keçirir.

Gələcəyin elm adamlarına Aziz Sancardan 15 tövsiyə

Aziz Sancarın bütün elm adamlarına, xüsusilə də gənc elm adamlarına çox önəmli tövsiyələri var. Aziz Sancar deyir ki:

1. Oxumaqla yanaşı, düşünmək üçün də özünüzə vaxt ayırın.2. Çox vaxt və əziyyət tələb etsə də, analitik və kreativ düşünmə bacarığı əldə edin.3. Elm adamı kimi yaxşı karyera əldə etmək üçün uzun illər tələb olunduğunu və bu istiqamətdə çalışmanın davamlı proses olduğunu bilin.4. Elm adamı kimi yetişmə prosesində hər addımda sizin inkişafınıza kömək edəcək yaxşı məsləhətçilər və müəllimlər tapın.5. Təhsil almaq və tədqiqat aparmaq üçün xaricə gedin, ancaq sonra mütləq ölkənizə qayıdın.6. Üzərində tədqiqat aparacağınız bir mövzu müəyyən edin, mövcud ədəbiyyatı da araşdırın, tələb olunan qədər öyrənin.7. Uğurlu elm adamında üç təməl xüsusiyyət olmalıdır: biliyə əsaslanan yaradıcılıq, ciddi çalışmaq və uğursuzluq qarşısında dirənmək.8. Uğur zəka ilə bağlı olduğu qədər də çalışmaqla əldə edilir. Bunun üçün səbat lazımdır, inad etmək lazımdır və çalışmaq lazımdır.9. Birincisi, çox çalışmaq, ikincisi, ətrafınızda mövzunuzla əlaqəli hadisələri izləmək, üçüncüsü, ən müasir texnologiyanı öyrənərək öz işinizə tətbiq etmək. Mənim uğurumun addımları bunlardır.10. Özünüzdən razı olmayın. Özündən razı olmaq Allaha yaraşır, insana yaraşmaz. Əlinizdən gəldiyi qədər təvazökar olun.11. Elm könül işidir, fədakarlıq işidir, maraq işidir, məmləkətinə-insanına xidmət işidir. Yəni elmə pul qazanmaq üçün gəlməyin.12. Elmdə heç vaxt ümidsizliyə qapılmayın. Nobel aldıqdan sonra yaxşı bir jurnala göndərdiyim məqalə 4 resenzentdən 8 səhifə tənqid yazılaraq rədd edilmişdi. Yəni Nobel alanın belə məqaləsi rədd edilə bilər. Siz yaxşı tədqiqat aparsanız, əvvəl-axır mükafatınızı alacaqsınız.13. Gündəlik siyasətlə, dedi-qodularla məşğul olmayın, onunla məşğul olanlar var. Məmləkətə xidmət üçün elm lazımdır, Avropa və Amerika səviyyəsinə gəlmək üçün elm lazımdır.14. Vətən sevgisi olmasaydı, bu səviyyələrə gələ bilməzdim. Çox çalışın, övladlarınıza da həm çox çalışmağı, həm də vətən sevgisini öyrədin. Məmləkətinə faydalı olan bütün dünyaya faydalı olar.15. Nobel mükafatı qazanmaqdan daha önəmli şeylər var: insanın ailəsi, insanlıq və ölkəsinə xidmət etməsi.

“Azərbaycandan da tələbəmin olmasını istəyirəm”Sonda onu da qeyd edək ki, Aziz Sancar bir həftəlik səfəri boyunca hər fürsətdə Azərbaycana olan sevgisini, ehtiramını ifadə etməkdən geri qalmadı. Azərbaycanı Türkiyə qədər sevdiyini, onun daha da inkişaf etməsini istədiyini dilə gətirdi. O, xüsusilə Azərbaycanda elmin və təhsilin inkişafı üçün əlindən gələn yardımı göstərəcəyini vurğuladı və bu istiqamətdə konkret təklif də irəli sürdü: “Hazırda mənim laboratoriyamda çoxlu millətlərin nümayəndələri çalışır. Bunlar arasında Türkiyədən, digər türk toplumlarından da gənclər var. Ancaq Azərbaycandan tələbəm yoxdur. Çox arzu edirəm ki, bu tələbələrim arasında Azərbaycandan da biri olsun. Əgər mənim laboratoriyama belə bir tələbə göndərə bilsəniz, mən onu yetişdirərəm və bunun gələcəkdə Azərbaycana çox faydası olar”.

Ədalət MURADOV, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor

Elşən BAĞIRZADƏ, Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun müşaviri, dosent

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR