A

lent.az

İnkişafın müasir anatomiyası hər bir cəmiyyətin tərəqqisi, rifah halı, rəqabətlilik immuniteti eləcə də,  həmin sosiumun biliklər iqtisadiyyatına verə bildiyi töhfə, yeni texnologiyalara sahiblənmə əmsalı ilə bağlıdır. Zamanın çağırışı budur ki, müasir dövrdə keyfiyyətli insan gücü yetişdirən, elmi araşdırma fəaliyyəti yürüdən və toplumun əsas inkişaf alqoritmlərini ifadə edən başlıca təsisatlar universitetlərdir.Bütün dünyada olduğu kimi, Azərbaycanda da universitetlərə yönələn əsas gözləntilər

a) məzunlar əmək bazarının daim dəyişən tələblərini qarşılaya bilirmi?b) yetərli keyfiyyət və kəmiyyətdə xidmət alqoritmini təşkil edə bilirmi? düşüncəsidir.Son 20-30 il ərzində dünyanın inkişaf etmiş ölkələri yeni nəsil universitetlərinə (3.0 konsepti) transformasiya islahatları aparıb. Bir tərəfdən toplumun ali təhsil qarşısında artan və çeşidlənən tələblərinə cavab vermək, digər tərəfdən  qloballaşmanın fürsət və təhdidlərini qarşılamaq bu islahatların əsas fəlsəfi mahiyyətini təşkil edib. Bu məqalədə universitetlərin tarixən keçdiyi inkişaf yoluna qısa nəzər salınaraq yeni nəsil universitetlərin qarşısında duran əsas hədəflər (o cümlədən Azərbaycan təcrübəsində) təhlil olunur.Əvvəlcə universitetlərin tarixi inkişafına qısaca nəzər salaq. Modern universitetin əcdadı sayılan Bolonya (Bologna) universitetinin əsası 1088-ci ildə İtaliyada qoyulub. Bolonya universitetinin ardınca bir neçə əsr boyu bütün Avropada universitetlərin sayı sürətlə artdı. XII yüzildə sadəcə 2 universitetin qurulduğu Avropa qitəsində XIII əsrdə 17, XIV əsrdə 22, XV əsrdə 38, XVI əsrdə 61, XVII əsrdə 37, XVIII əsrdə 24, XIX əsrdə 58 yeni universitet fəaliyyətə başlamışdı.

Professor Hans Vissema keçdiyi inkişaf yoluna uyğun olaraq, universitetləri üç mərhələyə ayırır: 1.0 (tədris) universiteti  və ya   “orta əsr universiteti”, 2.0 (tədris-araşdırma) universiteti və ya “Humbolt tipli universitet” və 3.0 (tədris-araşdırma- nəticələrin kommerisyalaşması) universiteti.Birinci nəsil universitetlərinin başlıca missiyası - kilsənin və dövlətin tələblərinə cavab verən mütəxəssislər yetişdirmək və antik biliklərə yiyələnmək öhdəliyi idi.İkinci nəsil universitetlərinin  ilk örnəyi 1810-cu ildə Berlində Prussiyanın təhsil naziri Vilhelm fon Humboltun təşəbbüsü ilə qurulan Humbolt universitetidir. XIX-XX əsrlər boyu universitetin Humbolt modeli (təhsil-tədqiqat) hakim olub. Bolonya universitetinin yaranmasından Humbolt universitetinin təşəkkülünədək olan 700 illik  dövr ərzində Avropa  fəlsəfə, təbiət elmləri və texnologiya sahəsində böyük inkişaf yolu qət etmişdi.

Və nəhayət üçüncü nəsil universitetləri. Professor Hans Vissema universitetlərin transformasiyalarını araşdırarkən onlar arasın­da keçid dövrlərinin mövcudluğunu da nəzərə alır, üçüncü nəsil universitetlə­rinin isə fərqli bir keçid mərhələsində olduğunu vurğulayırdı. Vissemanın təklif etdiyi bu model tarixi materializmə əsaslanır və universitetlərin tarixi-ictimai kontekstdə necə dəyişib inkişaf etdiyini və hansı modullarla gələcəyə gedəcəyini ifadə edir:

Bu şəkildən də göründüyü kimi, 3-cü nəsil universitetlərinə yeni iqtisadi kontekstdə baxılmalı, eyni zamanda bu tip universitetlərin inkişaf trendlərini formalaşdıran faktorları aşağıdakı kimi təsnif etmək olar: 1.Ali təhsilin kütləvilik qazanması;2. Qloballaşma;3. Fənlərarası tədqiqatların spektrinin genişlənməsi;4. Biliklərin dərinləşdirilməsi modeli kimi araşdırmaların geniş tətbiqi;5. Xərclərin artması;6. Universitetdənkənar sektorların bilik mübadiləsində iştirak sərbəstliyi;7. İnnovasiya kontekstində fərdiliyin genişlənməsi;8. Peşəkar idarəetməyə  tələbatın artması.XX əsrin ikinci yarısından etibarən formalaşmağa başlayan biliklər cəmiyyətində universitet  yeni və fərqli  funksiyaları yerinə yetirməli idi. Belə ki, biliklər cəmiyyəti hər şeyin idrakla dərk edilə bildiyi və biliyin insanlara daha çox fayda verəcəyi bir mərhələdir. Bu transformasiyada universitetlər vacib həlqəni təşkil edir. Xüsusilə, bu  3-cü nəsil universitetlərindən olan gözləntidə daha böyükdür.Biliklərə əsaslanan iqtisadiyyatda universitetlər – təhsil, tədqiqat və biliklərin kommersiyalaşması missiyasına uyğun fəaliyyət çevrəsinə malik olur. 3-cü nəsil universitetlərinin ilk yaranma prosesi ABŞ-da olub. ABŞ-da 1980- cı ildə qəbul olunan Bey-Doul qanunundan sonra universitetlərdə texnologiyaların kommersiyalaşması ilə məşğul olan minlərlə şirkət yarandı. Bu gün Birləşmiş Ştatlarda əksər aparıcı sənaye sahələrinin formalaşmasının 80%-dən çoxu universitetlərdə icad edilən yeniliklərlə bağlıdır. Bu, ABŞ universitetlərinin keçdiyi tarixi təkamül  prosesinin məntiqi yekunu olmaqla, təkcə ABŞ-da deyil, bütün dünyada ali təhsildə qlobal trendlərin formalaşmasında zəmin rolunu oynayıb. Təqdim olunan cədvəldə bu prosesin ayr-ayrı hissələri təsvir olunur:

# Mövzular Meyllər
1 Ali təhsilin qloballaşması 1.         Müəllim və tələbələrin mobilliyi artır2.         Universitetlər xarici ölkələrdə öz kampuslarını açırlar3.         Yüksək ixtisaslı kadrların cəlb olunması üçün tək ölkə daxilində deyil, xaricə doğru da baxılır4.         Tədrisdə ingilis dilinin rolu artır
2 Qeyri-ənənəvi təhsil ocaqlarının yaradılması Korporativ universitetlər, ixtisaslaşmış dar fokusu olan tədqiqat mərkəzləri, onlayn universitetlər yaradılır
3 Maliyyə mənbələrinin diversifikasiyası və rəqabətin güclənməsi 1.         Maliyyələşmədə dövlətin payının azalması və rentabelliyin azalması2.         Aqressiv fandreyzinq kampaniyaların aparılması ilə maliyyə uğrunda rəqabətin sərtləşməsi
4 Fənnlərarası mövzulara diqqətin artması Kafedraların süqutu və fənnlərarası fəaliyyətin və əməkdaşlığın güclənməsi
5 Universitetlərlə xarici tərəfdaşlar arasında əlaqələrin artması 1.         İqtisadi sahələrlə, biznes ictimaiyyəti ilə əməkdaşlığın rolunun artması2.         Məzunların Universitetlərə daha çox yaxınlaşdırılması
6 “Akademik istiqamət” və tələbələr anlayışının mənasının dəyişməsi 1.         “Rəqəmsal” tələbələrin artması və ya daha çox onlayn təhsilə doğru dəyişiklik2.         Ənənəvi ali təhsil piramidasından (bakalavr – magistr – fəlsəfə doktoru) müxtəlif diffuz olunmuş akademik drəcə proqramlarını təklif edən sistemə keçid3.         İxtisasartırma və əlavə təhsilə investisiyaların və tələbin artması4.         Tələbə qəbulu üzrə meyarların dəyişməsi və daha çox inklyuzivliyin təmin olunması 
7 Ali təhsil rəhbərliyinin professionallaşması 1.         Müəllim-professor, inzibatçı və tərəfdaşlıqların fəaliyyət nəticələrinə görə ödənilməsi2.         Müəllim-professor heyətinin müxtəlif kateqoriyalara ayrılması (tədqiqat, tədris, tətbiqi və ümumi ixtisaslı )3.         Strategiya, planlaşdırma, əsas prosesləri dəstəkləmək üçün peşəkar menecerlərin cəlb olunması

Qeyd olunan bu çərçivə yeni nəsil universitetlərinin yaranması üçün tarixi təkamülün bazisi və perspektiv tərəqqi xəttini təmin edəcək invariantlardır.Bu çərcivədən Azərbaycan universitetlərinin transformasiyasına baxdıqda məqsədin innovativ inkişaf olduğunu hədəf götürərək yeni ekosistemin yaranmasına ehtiyac vardır. Bu mərhələdə Azərbaycan universitetlərinin  idarəetmə fəlsəfəsində baş verən dəyişikliklər (publik hüquqi şəxslərin yaranması) həmin qurumların innovasiyalı inkişafda və  beləliklə, iqtisadi artımda həlledici roluna zəmin yaratmalıdır. Deməli, universitetlərin sosial-iqtisadi funksiyalarının dəyişməsi qaçılmazdır. Təkcə, təhsil və elm funksiyaları deyil, iqtisadi artımın təmin olunmasında da universitet yeni funksionallıq qazanır. Bu da 3-cü nəsil universitetin  yarada biləcəyi ekosistemdir. Professor Kamran İmanovun təbirincə desək, “biliklər iqtisadiyyatında universitetlər korporativ subyektlərə çevrilərək, “Universitet 3.0” adını əldə etmişlər və onların adındakı rəqəm şəklində informasiyalı metaforanın məntiqi universitetin missiyasının  sayını nəzərdə tutur: 1.0-yalnız təhsil, 2.0-təhsil və tədqiqatlar, 3.0-təhsil, tədqiqatlar və biliklərin kommersiyalaşması.Professor Kamran İmanov Azərbaycanda 3-cü nəsil universitetlərinin yaranma gerçəkliyini aşağıdakı kimi təsvir edir: “Azərbaycan üçün 3.0 universitetlərin təkamülü ciddi sosial və iqtisadi problemdir. Belə ki, bu növ univeristetlər bu gün cəmiyyətin modernləşdirilməsində və bilik iqtisadiyyatına transformasiyasında aparıcı rol oynamalıdırlar. Digər vacib amil isə əqli mülkiyyətin müasir “biliklər cəmiyyət”ində dəyişən  rolu ilə bağlıdır”.

“Azərbaycan universitetlərinin 3-cü  nəsil konseptinə uyğunluğu” mövzusunda aparılan sorğu maraqlı nəticələrlə yekunlaşıb. BDU, UNEC, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universitetinin professor- müəllim heyəti arasında keçirilən sorğunun nəticələrini təqdim edirik. Diaqramlardan da göründüyü kimi “çalışdığınız universitet 3.0 konseptinə uyğundurmu?” sualına paytaxt ali məktəblərinin professor- müəllim heyəti təxminən eyni  cavabı veriblər. Ancaq “universitet sənaye işbirliyi” diaqramında qeyd olunan məsələyə (universitetlərdə tədqiqatların kommersiyalaşması uğurla aparılır sualına) əvvəlki diaqramdakından fərqli cavab verilir. Problem ondadır ki, universitetlərdə çalışan müəllim heyəti 3.0 universiteti haqqında demək olar ki, məlumatlı deyillər və 3-cü nəsil universitetlərinin əsas mahiyyətinin tədqiqatların kommersiyalaşması olduğunu  yəqinləşdirə bilmirlər. Mingəçevir Dövlət Universitetində sorğuya cəlb olunan müəllim heyəti ümumiyyətlə, 3.0 universitetlərinin nə anlam daşıdığını qeyd etməyiblər. Ancaq yaxşı hal ondan ibarətdir ki, 4 universitetdən hər biri mənsub olduqları universitetdlərdə texnoparkların yaradılmasını təqdir edirlər və birmənalı qeyd edirlər ki, universitetlər iqtisadi resurslar yaratmalıdırlar. Dünyanın  nüfuzlu universitetləri üçün məşhur sloqan olan “iş yerini tutma, iş yeri yarat” düşüncəsi son illərdə Azərbaycanın bir çox universitetlərində (UNEC, ADNSU, BMU) yaranan startap ideyasının əsas fəlsəfəsidir. Bu yanaşma yeni nəsil universitetlərin yaranmasında sistemyaradıcı həlqə olaraq biliklərin kommersiyalaşmasına təkan verəcək. Doğrudur, ölkəmizin universitetlərində hələ də mövcud olan klassik universitet ənənəsinə uyğun olaraq tədiqiqatların kommersiyalaşması zəif inkişaf edib. Məsələn, Global İnnovatioan İndex-də universitet tədqiqatları dəyərləndirilməsinə görə Azərbaycan (2017-ci il) 70-ci yerdədir. Mənbə:( https://www.globalinnovationindex.org/gii-2017-report#pdfopener)

Bu nisbət həm də digər statistikada da öz yerini göstərir. Belə ki, Azərbaycanda bilik iqtisadiyyatına aid olan sahələrin ÜDM-dəki payı 8 % civarındadır. Digər bir göstərici, 2017-ci ilin ilk yarısına ola məlumata görə, Azərbaycanda 34 startap fəaliyyət göstərir, bu say qonşu Qazaxıstanda 166, Türkiyədə isə 2.226-dır.Mənbə: (www.startupblink.com).

Ənənəvi(klassik) universitetlərin yeni nəsil universitet statusuna transferi bir çox hallarda uğurlu baş vermir. “İctimai dəyişikliklər zamanı universitetlərin rolu” adlı hesabatda məşhur sosioloq Ralf Dahrendorf qeyd etdiyi kimi,  “Dəyişməyən universitetlər əsasən  keçmişdə qalan və tükənmiş statusun, dünənki dünyanın mühafizə edildiyi qiymətli və effektsiz abidələrdir”. Bu durum ən çox da özünə qapalı və cəmiyyətdən təcrid olunmuş universitetlər üçün bir təhlükədir.Biliklər cəmiyyətində iqtisadi artım mərkəzi və innovasiyaların episentri sayılan universitetlərin cəmiyyətin bütün təbəqələri ilə daha yaxın və daha güclü əlaqələr qurması xüsusilə əhəmiyyətlidir. Yeni informasiya fəzasının yaradıcılarından biri olan Bill Qeytsin  qeyd etdiyi kimi, “Rəqiblə mübarizənin  ən yaxşı üsulu informasiya (burada hər informasiya bilik deyil, hər bilik informasiyadır tezisi qeyd olunmalıdır) ilə işləyə bilməkdir. İnformasiyanın toplanması, təşkili və istifadəsinin hansı keyfiyyətdə olması sizin qalib və ya məğlub olmağınızı şərtləndirir”. Mənbə:( Рид Хоффман, Вен Касноча, Жизнь как СТАРТАП. Строй карьеру по законам Кремниевой долины. Альпина паблишер,Москва 2017,стр 199). Universitet istehsal etdiyi biliyi cəmiyyət ilə birgə çoxaltmağın, yaymağın və təkrar emal etməyin yollarını aramalıdır. Uzun müddət cəmiyyət qarşısında cavabdehlik  tərzi ilə topladıqları gücdən sosiumun  ehtiyaclarına uyğun şəkildə faydalanmayan müəssisələr zaman ötdükcə  bu güclərini itirməyə məhkumdurlar.Azərbaycanda 3-cü nəsil universitetlərinin yaranması üçün münbit zəminin formalaşmasında universitetlərin publik hüquqi şəxslərə çevrilməsi prosesi təkanverici rol oynayır. Bu həm yeni nəsil tədqiqat universitetlərinin yaranmasında, həm də universitetlərin  ənənəvi (klassik) idarəetmədən  uzaqlaşaraq  hesabatlılğı təmin etməklə daha çevik idarəetmə formulunu tətbiq etməyə imkan verəcək.Cəsarət Valehov

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay