A

"Xalq qəzeti"

Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim iqtisadi yolumuzdur

Heydər Əliyev

Ümummilli lider

Milli-mənəvi dəyərlər və azərbaycançılıq – bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq, tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət - ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda ulu öndər gənclərimizi, xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsinin əhəmiyyətini xüsusi vurğulayırdı: “... Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən - nəsilə ötürmüşdür. Heydər Əliyev Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, Rəşid Behbudova Sosialist Əməyi Qəhrəmanı adı verilməsinə nail oldu. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən keşməkəşli mərhələlərində belə mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək onlara həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Ulu öndər bu haqda demişdir: “Bizim xalqımız yüz illərlə, min illərlə adət ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir.”

Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya rəhbərlik edərkən sovet rejiminin olduqca sərt xarakterinə baxmayaraq, milli ənənələrimizin qorunub saxlanması üçün böyük fədakarlıq göstərirdi.

Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir.

Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən, İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun xalqa mənən bağlılığını və İslami dəyərlərə sədaqətini göstərən parlaq dəlillərdır. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən, Qurban bayramının qeyd olunmasını rəsmiləşdirən ulu öndər demişdir: “Müsəlmanların böyük bir təntənə ilə, həmrəylik və qardaşlıq rəmzi ilə qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. Islamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızn öz milli və dini ənənələrinə sadəqətinin parlaq ifadəsidir”. Heydər Əliyev mürəkkəb struktura malik olan milli-mənəvi dəyərlər sistemində onun üç tərkib hissəsini xüsusi ilə qeyd edirdi: dil, din və adət-ənənə.

“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət - ənənələrini yaşatmalıyıq” – deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi-dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın, dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.

Ümummilli lider nəinki konsepsiyanı yaratdı, həm də çox böyük müdrikliklə, səbr və təmkinlə həyata keçirtdi. “...Fəxr edirəm ki, mən azərbaycanlıyam!” – deyən ulu öndər bütün həyatı boyu mənəvi- əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.

Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi, cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət, hər şeydən əvvəl, öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. Gələcək nəsillərə, bəlkə də, maddi sərvətlər və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet ərmağan edilməlidir.

Ulu öndər özünün mənəviyyatla bağlı məşhur 2001-ci ilin avqust bəyanatında milli mentalitetlə əlaqədar demişdir: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun büyük sərvətidir. Heç vaxt iki xalq bir – birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olaraq İslam mədəniyyətinin inkişafına tarixən öz töhfələrini vermişdir. Eyni zamanda, İslam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyərlərin tərkib hissəsi kimi insanların həyatında mühüm rol oynamışdır.

Xalqımızın mənəvi inkişafında, gənclərimizin əxlaqının formalaşmasında azərbaycanlıların ailə institutunun möhkəm təmələ söykənməsində İslamın rolu əvəzsizdir. İslam bütün müsəlman dünyası tərəfindən qəbul edilə biləcək vahid ilahiyyat konsepsiyası yaratmışdır. Islamın həyat qabiliyyəti dini sistem çərçivəsində müxtəlif nöqteyi- nəzərlərin yanaşı mövcudluğuna imkan verməsi ilə təmin olunur. Ulu öndər milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını qeyd etmişdir.

Azərbaycan xalqının milli həmrəyliyinin bərqərar olmasında Qurban bayramının xüsusi əhəmiyyət kəsb etdiyini bildirən ümummilli lider Heydər Əliyev 2003-cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən demişdir: “Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha çox birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin”.

Ulu öndərimiz Heydər Əliyev türkdilli xalqlara öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini sevməyi, qorumağı və onları zənginləşdirməyi tövsiyə etmişdir. Bu baxımdan ümummilli lider türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir. Abayın yubileyində bütün türkdilli ölkələrə milli-mənəvi dəyərlərin qorunması barədə müraciət etmişdir.

Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndər ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmışdır. Dahi siyasət korifeyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmış, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunmuş, yeni sənaye sahələri yaradılmış, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmışdır.

Bəşəriyyətin inkişafına öz layiqli töhfəsini verən, böyük və zəngin tarixə malik olan xalqımız ötən əsrin son onilliyində müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın qurulmaması, yerli və İttifaq miqyasında olan müəssisələr arasında mövcud əlaqələrin qırılması, ölkənin iqtisadi, siyasi, informasiya blokadasına alınması nəticəsində 1990-cı illərin əvvəllərində ÜDM-in, sənaye istehsalının, xarici ticarət dövriyyəsinin həcmi azalmış, inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmış, əhalinin pul gəliri kəskin azalmışdı. Belə bir şəraitdə dahi şəxsiyyət, bütün ömrünü xalqa həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Bu gün tam əminliklə demək olar ki, əgər o vaxt ulu öndər hakimiyyətə qayıtmasaydı, indi Azərbaycan adlı bir dövlət dünya xəritəsində olmazdı.

Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq təcrübəyə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Milli iqtisadi inkişaf konsepsiyamızı yaratdı. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir. Beynəlxalq maliyyə institutları ilə əlaqələr yaradıldı, onların rəhbərləri Bakıya dəvət olundu.

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin müdrikliklə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı iqtisadi siyasət nəticəsində neft-qaz sənayesi ilə yanaşı, elektrotexnika, maşınqayırma, kimya, xalçaçılıq və digər sahələrin də inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının özəl sektorla bağlı olduğunu vurğulayırdı: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.

Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursu sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, ölkəmiz Cənubi Qafqazın lider dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilmişdir. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini vermişdir. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq institutlarla səmərəli əməkdaşlıq yaradılmışdır.

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlanmışdır. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqısı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu. 1993-cü ildə ölkənin valyuta ehtiyatları 8 milyon ABŞ dolları idi. Hazırda isə bu rəqəm 39 milyard ABŞ dolları təşkil edir.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.

Ölkəmizin son 20 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə  qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.

Əvəz Ələkbərov,

Azərbaycan Dövlət İqtisad Universiteti 

Maliyyə və maliyyə institutları kafedrasının

müdiri,iqtisad elmləri doktoru, professor, “Professorlar klubu” rəyasət heyətinin sədri

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR