A

525-ci qəzet

Azərbaycan dilində işlənən bəzi alınma sözlərin yazılış qaydası ilə bağlı məsələlər tez-tez gündəmə gəlsə də, problemlər hələ də öz həllini tapmayıb.

Bu səbəbdən bir çox alınma sözlərin dilimizdə bu gün də müxtəlif formada yazılış formalarına təsadüf edirik. Tanınmış şirkət, firma, təşkilat, qəzet, jurnal, telekanal adları kütləvi informasiya vasitələrində gah ingilis, gah da Azərbaycan dilində yazılır.

Mütəxəssislərin qənaətinə görə, bəzən yad mənşəli həmin sözlər dilimizdə tələffüz formasına əsaslandırılaraq yazılır. Bu sözlərin yazılış forması zamanı səslənmə əsas götürülür. Apostrofla yazılan bəzi əcnəbi adlar da səsləndiyi kimi yazılmalıdır. Azərbaycan dilinin qaydaları belə sözlərin tələffüz edildiyi kimi yazılmasını tələb edir.

"MADE İN AZERBAİJAN" BRENDİNİ DÜNYAYA TANITMAQ

Prezident İlham Əliyevin 18 yanvar 2016-cı ildə "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı sərəncamda "Made in Azerbaijan" brendinin dünya bazarında tanınması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə dair tapşırıq verib.

Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək məqsədilə Azərbaycan təhsil məkanında ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən universitetin brendləşdirilməsi həyata keçirilib. Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 29 iyun 2015-ci il tarixli iclasının qərarına əsasən, universitetin mövcud abbreviaturası dəyişdirilərək Azərbaycan, rus və ingilis dillərində UNEC (University of Economy) kimi müəyyən edilib.

Universitet bununla Azərbaycan ali təhsil müəssisəsinin brendini dünya təhsil xidmətləri bazarında tanıtmağı qarşısına məqsəd qoyub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yanvarın 21-də rəsmi qeydiyyata alınıb. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək - tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif - elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

BREND ADLAR OLDUĞU KİMİ YAZILMALIDIR

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərovun sözlərinə görə, "Dövlət dili haqqında Qanun"umuzda çox aydın şəkildə yazılıb ki, əgər bir yazı, bir forma hər hansı bir şirkətin, müəssisənin, təşkilatın, qurumun brendidirsə, yəni onun gerbidirsə, nişanıdırsa, o, necə varsa, elə o cür də yazılmalıdır. Qanunda da var ki, bu qəbildən olan adlar olduğu kimi saxlanılmalıdır: "Dünya miqyaslı brend şirkətlər var. Belə şirkətlərin özünün modelə çevrilmiş adı var və o adlar dünyanın hər bir yerində o cür yazılır. Adını çəkdiyim qanunumuzda da var ki, bu qəbildən olan adlar olduğu kimi saxlanılmalıdır. Dünyada qəbul olunan belə adlara qanunda da etiraz yoxdur. Bir çox firma, şirkət, mağaza adları var ki, onların üzərində adama elə gəlir ki, ad yazılıb. Əslində isə o yazı deyil, bir görüntüdür, şəkildir. Əlbəttə, hər sahədə daha məqsədəuyğun olar ki, dilimizə münasib olan sözlər işlədilsin. Mən yenə də bu qəbildən olan sözlərin dilimizə gəlməsində bir təhlükə görmürəm".

TANINMAQ ÜÇÜN YAXŞI AD SEÇİMİ

N.Cəfərov xarici sözlərdən istifadə olunmasının qloballaşmanın nəticəsi kimi görür: "Bu, qloballaşmanın nəticəsidir. Dünyanın hər yerində beynəlxalq leksika geniş yayılıb. Xüsusilə də reklamlarda, elanlarda, ticarət obyektlərinin və s. geniş şəkildə beynəlxalq sözlərdən istifadə olunur. Bu onunla bağlıdır ki, transmilli beynəlxalq şirkətlər dünyanın hər yerində var və onlar özləri ilə bərabər ölkələrə emblemlərini, adlarını gətirirlər. Eyni zamanda, milli şirkətlər də çox zaman maraqlı olurlar ki, onların müəssisələrinin adları beynəlxalq dillərdə olsun. Bu, ən çox tanınmaq məqsədi ilə edilir. Adətən şirkətlərə xarici mənşəli adların verilməsi onların beynəlxalq aləmdə daha tez nüfuz qazanması məqsədi daşıyır". Bu halın dilimiz üçün xüsusi bir təhlükə törətmədiyini deyən N.Cəfərov öz milli şirkətlərimizin də milli adlarımızla dünyada tanıdılmasını məqsəduyğun hesab edir. Dilçi alim düşünür ki, bizim brendlərin də xarici firmalarla rəqabət imkanları olmalıdır: "Amma bu, dilimiz üçün bir o qədər də təhlükəli deyil. Dünyanın hansı ölkəsinə getsəniz, brend adların eyni qaydada yazılışını görəcəksiniz. Bu adlar da əsasən ingilis dilindədir. Amma başqa dillərdə də var. Dediyim kimi, bunu Azərbaycan dilinin işlənməsinə məhdudiyyət kimi anlamaq düzgün deyil".

QAYDALAR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor, Dil Komissiyasının üzvü Buludxan Xəlilovun sözlərinə görə, brend adlar əsasən iki qayda üzrə yazılır və tələffüz olunur. Birinci qayda - müxtəlif ölkələrə məxsus brendlər var ki, o brendlər o ölkələrdə necə yazılırsa, bütün dünyada da elə yazılır. Eyni zamanda, Azərbaycanda da. İkinci qayda - brendlər məxsus olduğu ölkədə necə tələffüz olunursa, elə də yazılmalıdır. Yəni hansı dildə gəlirsə, o dildə də tələffüz olunmalıdır: "Amma təssüflər olsun ki, nə birinci, nə də ikinci qaydaya riayət olunmur. Bu da insanlarda çaşqınlıq yaradır".

YENİ LÜĞƏTDƏ HƏR ŞEY NƏZƏRƏ ALINACAQ

B.Xəlilov deyir ki, hazırda ölkədə yeni orfoqrafiya lüğəti hazırlanır və kifayət qədər peşəkar insanlar, mütəxəssislər bu işin üzərində çalışır. Yeni lüğətdə brend adların yazılış qaydası və məlumatlar öz əksini tapacaq: "Köhnə orfoqrafiya lüğətinin girişində adların yazılışı və sair ilə bağlı xeyli izahlar verilib. Ancaq sözügedən lüğət sovetlər dönəmində çap olunub. O zaman dilin lüğət tərkibi, dilimizdə olan sözlər indiki qədər çox və rəngarəng deyildi. Ancaq indi dilin lüğət tərkibində xeyli dəyişikliklər baş verib. Dilimizə iqtisadi, siyasi, mədəni və elmi sözlər daxil olub. Ona görə də yeni hazırlanan orfoqrafiya lüğətinin girişində bu sözlərin yazılma qaydası barədə geniş izahın verilməsi mütləqdir. 2004-cü ildə çap edilən lüğətdə isə izahat verilməyib. Yeni lüğətdə bütün bunlar nəzərə alınıb. Kitabda bu kimi məsələlərlə bağlı geniş izahlar veriləcək. Bununla bağlı AMEA Rəyasət Heyəti "Yeni Orfoqrafiya lüğətinin nəşrinin hazırlanması barədə" qərar qəbul edib və Orfoqrafiya komissiyası yaradılıb".

B.Xəlilovun sözlərinə görə, orfoqrafiya lüğətləri beş ildən bir yenilənməli və onun girişi zəngin izahlardan ibarət olmalıdır. Bu, çox vacib şərtdir. Çünki orfoqrafiya qaydası təkcə dilçilər üçün deyil, yazmağı bacaran hər bir insan üçündür.

UNEC-in ADI QANUNA UYĞUN BRENDLƏŞDİRİLİB

Professor əlavə edib ki, Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan ali təhsil müəssisəsinin brendini dünya təhsil xidmətləri bazarında tanıtmaq məqsədilə universitetin mövcud abbreviaturası dəyişdirilərək Azərbaycan, rus və ingilis dillərində UNEC kimi müəyyən edilib. Universitetin adı müvafiq qanunvericiliyə uyğun olaraq brendləşib. Digər brend adlar kimi onun da adı müvafiq qaydalara uyğun yazılmalıdır.

ƏSAS HƏDƏF ÖLKƏNİ TANITMAQ OLMALIDIR

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu bildirib ki, dünya inkişaf edir və biz də bu inkişafa uyğunlaşmalıyıq. Bizim şirkət, təşkilat, universitet adları əsas hədəfdən yayınmamaq və milliliyi qorumaq şərti ilə brendləşdirilməli, ölkəmizi xaricdə tanıtmağı qarşıya hədəf qoymalıdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC kimi yazılmasına gəlincə, M.Nağısoylu vurğulayıb ki, universiteti brendləşdirməklə dünya təhsil xidmətləri bazarında rəqabətqabiliyyətli brend universitet yaratmağı hədəfləyən İqtisad Universiteti qarşısına öz keyfiyyəti və rəqabətqabliyyətliliyi ilə dünyanın aparıcı universitetləri ilə rəqabət apara biləcək səviyyədə universitet olmağı hədəf qoyub: "Əgər brend qanuni olaraq brend adlandırılırsa onun adı da qanuna uyğun olaraq yazılmalı və səsləndirilməlidir.

S.QARAYEVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay