A

Rektor UNEC İctimai Nəzarət Şurasinin üzvləri ilə görüşdü.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb. Görüşdən öncə Şura üzvləri 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının gedişi ilə tanış olublar.

Görüşdə sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə UNEC-də tətbiq edilən yeniliklər, imtahanın təşkili və keçirilməsi qaydaları müzakirə edilib.

Görüş zamanı rektor Ədalət Muradov deyib ki, sessiya dövründə obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə imtahan sessiyasına nəzarəti UNEC İctimai Nəzarət Şurası keçirir. Millət vəkilləri, tanınmış ekspertlər, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura sessiyanın monitorinqini aparıb, nəticələri qiymətləndirəcək. Şura üzvləri sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan “Açıq qapı” günü keçirəcək, tələbə və valideynlərin müraciətlərini dinləyəcək, sessiyanın yekunlarına dair müzakirələr aparacaqlar. Eyni zamanda, təhsil sahəsi üzrə fəaliyyət göstərən QHT-nin tələbələr arasında yazılı imtahanlar ilə bağlı anonim sorğu aparmasını da təşkil edəcəklər: “İctimai Nəzarət Şurası UNEC-də keçirilən imtahan prosesində ictimai nəzarəti təmin edir. Bizim əsas istəyimiz obyektivliyin təmin olunması, şəffaflığın qorunmasıdır. Mən, həmçinin, KİV və qeyri-hökümət təşkilatlarının nümayəndələrini həm imtahan sessiyasını yaxından izləməyə, həm də “Açıq qapı” günlərində iştirak etməyə dəvət edirəm. Universitetdə keyfiyyətin davamlı təkmilləşdirilməsi üçün hər birinizin rəyi bizim üçün çox əhəmiyyətlidir”.

Rektorun sözlərinə görə, 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasına hazırlıq məqsədilə fəkultə və mərkəzlərdə dekanın sədrliyi ilə imtahan komissiyası yaradılıb. Komissiyanın fəaliyyət istiqamətləri – fakültə üzrə imtahan sessiyasının təşkili və gedişatına ümumi nəzarət, sessiya müddətində yaranan problemlərin həlli istiqamətində müvafiq qərarların qəbul edilməsi, imtahan zamanı tələbələrin intizam pozuntusu hallarının araşdırılması, müvafiq qərarın qəbul edilməsi və nəticələrin rəsmiləşdirilməsi, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda yol verilmiş nöqsanların aradan qaldırılması sahəsində zəruri tədbirlər görülməsi, fakultə üzrə qeyri-kafi nəticə göstərmiş tələbələrlə imtahan nəticləri ilə əlaqədar sorğunun keçirilməsi və problemlərin həlli istiqamətində təkliflərin hazırlanması. Həmçinin, bütün fakultə və mərkəzlər üzrə imtahan nəzarətçiləri ilə təlimat xarakterli görüşlər keçirilib və onlar nizam-intizam qaydaları və tələblərlə davranış qaydaları haqqında təlimatlandırılıb.

Ə.Muradov qeyd edib ki, qış imtahan sessiyasında ümumilikdə 12064 bakalavr və magistr iştirak edəcək. Bu il ilk dəfə olaraq Maliyyə və mühasibat, İqtisadiyyat, Biznes və menecment, Texnologiya və dizayn, Əmtəəşünaslıq fakültələri və Rus İqtisad məktəbində iqtisada giriş fənni üzrə imtahan yazılı olacaq: “Biz imtahan sessiyasında pozuntularla bağlı şərtlərimizi  sərtləşdirmişik. Köçürmə və köçürməyə cəhd edən tələbə dərhal imtahandan xaric olunacaq və ona sıfır bal veriləcək. İntizam qaydalarında da müəyyən dəyişikliklər etmişik. Bu dəyişikliklər barədə tələbələrin şəxsi kabinetlərinə məlumatlar göndərilib”.

Millət vəkili Hikmət Babaoğlu UNEC-də imtahan sessiyasına nəzarətin İctimai Nəzarət Şurasının həvalə edilməsini müsbət hal kimi dəyərləndirib. Onun fikrincə, imtahan prosesinə nəzarətin Şura üzvlərinə verilməsi UNEC rektorunun onlara göstərdiyi etimatın göstəricisidir. H.Babaoğlu UNEC-də tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində atılan addımları yüksək qiymətləndirib. O, bu ildən etibarən UNEC-də ixtisas fənləri üzrə imtahanların yazılı keçirilməsinin savadlı mütəxəssislərin hazırlığında mühüm rol oynayacağını diqqətə çatdırıb.

“XXI əsr təhsil mərkəzi”nin rəhbəri Etibar Əliyev imtahan prosesinin ictimaiyyətə açıq keçirilməsini müsbət hal kimi dəyərləndirib. Bunun tələbə biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsində çox önəmli amil olduğunu vurğulayıb. E.Əliyev yay imtahan sessiyasında 600 tələbə arasında aparılan sorğunun effektivliyindən söz açıb. UNEC-in rektorunun göstərişi ilə sorğuda qaldırılan aktual məsələlərin həll olunduğunu bildirib.

“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması üçün “UNEC İctimai Nəzarət Şurası”nın fəaliyyətini müsbət hal kimi qiymətləndirib. A.Nağıyev UNEC-də həm tədris, həm də imtahan prosesinin ictimaiyyətə açıq olduğunu müsbət hal hesab edərək, sessiya dövründə “Qaynar xətt” xidmətinin İctimai Nəzarət Şurasına həvalə edilməsini də böyük etimad adlandırıb.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev qeyd edib ki, UNEC-də imtahan sessiyası ümumən obyektiv və şəffaf təşkil edilir: “Mən dəfələrlə imtahanlarda iştirak edib prosesi izləmişəm. Bunun üçün bizə UNEC-də bütün imkanlar yaradılıb. İmtahanlarda tətbiq edilən proqram təminatından çox razı qaldım. Bu sistem neqativ halların qarşısının alınmasına imkan yaradıb. Tələbə imtahanın sonunda öz nəticələrini kompüterdə görə bilir. Sistemə heç bir kənar müdaxilə mümkün deyil”.

Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov isə deyib ki, son illər UNEC haqqında ictimaiyyət arasında müsbət rəy formalaşıb. Sessiya dövründə keçirilən “Açıq qapı” günlərində şura üzvlərinin iştirakını mühüm amil adlandıran S.Məmmədov bir görüşün tamamən onların təşkil etməsi təşəbbüsünü də alqışlayıb.

“Azad Müəllimlər” Birliyinin sədri Məlahət Mürşüdlü vurğulayıb ki, universitetlər cəmiyyətin aparıcı qüvvəsidir: “Bu baxımdan, həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini yüksək qiymətləndirirəm”.

Görüşdə şura üzvləri təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müxtəlif təkliflər səsləndiriblər. Qərara alınıb ki, UNEC İctimai Nəzarət Şurası təkcə sessiya dövründə deyil, bütün tədris ili boyunca fəaliyyət göstərsin.

S.QARAYEVA
525-ci qəzet

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR