A

 moderator.az

Keçən on illərdə təhsildə kəsilməz baş verən neqativ hadisələrə əsaslanaraq “təhsil – dərk olunmamış həqiqətdir” – fikrini təkrarən söyləmişdim. Bəzən sərt tərzdə “təhsil müəssisəsinə “obyekt” kimi baxırlar” fikrini də işlətmişəm. Ancaq son illərdə təhsil sahəsində baş verən müsbət dəyişikliklər əsas verir ki, təhsilimizin gələcəyinə ümidlə baxaq.

Yanvarın 23-də UNEC-in rektoru professor Ədalət Muradovun rəhbərliyi ilə filiallar uzrə rektorun məsləhətçisi prof. Rövşən Göyüşov, rektorun koməkçisi Ramil Cabbarov, TKQİM-nin direktoru dos. Raqif Qasımov, tələbə rektor Cabbar Hüseynlidən ibarət heyətlə UNEC-in Zaqatala filialında ezamiyyətdə olduq. UNEC İctimai Nəzarət Şurasının üzvü kimi mən də heyətin tərkibində idim.

Səfərin əsas məqsədi UNEC-in Zaqatala filialında təhsil prosesinin təşkili, imtahanların gedişi, maddi-texniki baza  və mənəvi mühit səviyyəsi ilə tanış olmaq, habelə tələbə, müəllim, texniki heyətlə görüşmək, valideyinləri narahat edən sualları dinləmək idi. Bütün bunlar da özlüyündə təhsilin keyfiyyətini yüksəltmək niyyətini daşıyırdı.

UNEC-in Zaqatala filialının yaranmasının siyasi, iqtisadi və mədəni əhəmiyyəti çox böyükdür. Sevindiricidir ki, bu regionda çox yüksək səviyyəli bir universitet qurulur. Filial zamanında və yerində açılmış bir ali təhsil ocağıdır. Yaraşıqlı binası, işıqlı və isti auditoriyaları, yeməkxana və yataqxana şəraiti arzuolunan səviyyədədir. UNEC-də bərqərar olunan akademik pedoqoji və etik normalar Zaqatala filialında da qüvvədədir. İmtahanların obyektivliyi və şəffaflığı filialda da diqqət mərkəzindədir. Əminəm ki, bu yanaşma qonşu dövlətlərdə fəaliyyət göstərən (bu problemlər dəfələrlə Milli Məclisdə müzakirə olunub) və keyfiyyətsiz təhsil verən universitetlərə tələbə axınının qarşısını alacaq. Nəticədə ölkədən xaricə valyuta axını da azalacaq. Bölgədə yaşayan elmi dərəcəli insanlar filialda işləyəcəklər və onların intellektual potensialından istifadə olunacaq. Region etnik baxımdan rəngarəng olduğundan universitet həm də mədəni mərkəz rolunu oynayacaq. Bir çox millətlərin nümayəndələri ali məktəbdə gənclərə təhsil verəcəklər.

Aristotelin bir kəlamında deyilir ki, “ürəyi maarifləndirmədən zehni maarifləndirən təhsil, heç də yaxşı təhsil hesab edilə bilməz”. Keyfiyyətli təhsil almaq üçün gənclər ürəklərini də təhsil prossesinə qoşmalıdırlar. Gəncləri bilik almağa həvəsləndirmək üçün rektorun istifadə etdiyi metodlar çox maraqla qarşılandı.

Təhsildə sağlam rəqabət ruhu yaratmaq üçün tələbə və müəllimlərlə görüşündə rektor söylədi:

  • Zaqatala filialında ən yüksək nəticə göstərən tələbəyə bir semestrlik UNEC-də təhsil almaq hüququ veriləcək;
  • 2017/18-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri əsasında filial üzrə ən yaxşı nəticə göstərmiş 3 tələbəyə təqaüd təyin ediləcək;

Elmdə yarışma ruhunu müəllim kollektivinə tətbiq etmək məqsədilə rektor professor-müəllim heyəti ilə görüşdə dedi ki, onların yerli və beynəlxalq konfranslarda iştirakı dəstəklənəcək, o cümlədən differensial əməkhaqqı sistemi burada da tətbiq ediləcək. Dünya səviyyəli elmi jurnallarda məqalə çap etdirən UNEC müəllimi 1000 manatdan 4000 manata qədər mükafat alacaq. Təbii ki, bu tezisləri eşitmək nəinki müəllim və tələbələrə, hətta mənim üçün də xoş idi. Filialın müəllimlərinin elmi potensialının artırılması üçün rektor onların fevral ayında UNEC-in Quba tədris, idman və istirahət kompleksində təşkil olunacaq qış məktəbində iştirakının təmin ediləcəyini bildirdi.

Ancaq hələ filialın qarşısında duran və görüləsi vacib işlər daha çoxdur. Birinci vacib olan məsələ tələbə kontingenti yığmaqdır. Bu problemi həll etmək üçün rektor növbəti tədris ilində Gürcüstanın və regionun Azərbaycan dilində tədris aparan ən yaxşı məktəblərinə səfərlər təşkil olunacağını bildirib. Üstəlik bu problemi uğurla həll etmək üçün stimullaşdırıcı tədbirlər haqqında da məlumatlar verdi.

Maddi- texniki bazanın,  tədris metodiki işlərin, kitabxananın, linqafon kabinetinin təkmilləşdirilməsi və  problemlərin tezliklə həll olunması üçün zəruri göstərişlər verdi.

Filialda tədris prosesinin təşkilində rəhbərliyi və tələbələri narahat edən ciddi nöqsanlara rast gəlinmədi. UNEC-in Zaqatala flialında qayğıkeşlik və tələbkarlıq birlikdə yaşayır. Universitet respublikamızın bu dilbər guşəsinə üzük qaşı qədər yaraşır. Rektorun, müəllimlərin və gənclərin təhsillə bağlı fikirləri təhsilin artıq dərk edilən həqiqət olduğunu deməyə əsas verir. Bu fikrin altından ona görə xətt çəkdim ki, yanvarın 24-də Bakı Slavyan Universitetində (BSU) imtahanların gedişini izlədik. Səliqə-səhman, nizam-intizam gördük. Qısa müddətdə bu universitetin nail olduğu təhsil uğurları da sevindirir. Azərbaycan XXI əsrə yeniləşən universitetlərlə gedir.

Prof. Əsgərov Şahlar, əməkdar elm xadimi,
UNEC İctimai Nəzarət şurasının üzvü

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay